Nə üçün İranın prezidenti azərbaycanlı olmasın ki?

0

Bir qonşu ölkə kimi hamımız gözləyirdik ki, İranda növbədənkənar prezident seçkilərinə namizədliyini irəli sürən şəxslərin arasında, heç olmasa, bir neçə normal, adekvat insanlar da olacaq. Lakin bu ölkənin Konstitusiya Keşikçiləri Şurası 80 iddialının içərisindən cəmi 6 şəxsin namizədliyini təsdiqlədi ki, bunların da arasında yalnız 1 nəfəri az-çox yenilikçi, islahatçı, xoşgörülü siyasətçi hesab etmək olar.

Söhbət yarı türk (azərbaycanlı), yarı kürd əsilli millət vəkili Məsud Pezeşkian`dan gedir. Bu adam digər namizədlər ilə müqayisədə həqiqətən də daha adekvat şəxs kimi tanınır. Yerdə qalan digər namizədlər isə hamısı İbrahim Rəisiyə (helikopter qəzasında həlak olan keçmiş prezident) rəhmət oxutduracaq şəxslərdir. Əksəriyyətinin əli qana batıb. Hətta bu 6 namizədin arasında yeganə din xadimi olan Mustafa Purməhəmmədi də Kəşfiyyat Nazirliyində işlədiyi dövrdə İbrahim Rəisinin rəhbərlik etdiyi və minlərlə insanın kütləvi edamında iştirak edən “Ölüm Komitəsi”nin üzvü olub.

İranın prezidenti olmaq istəyən bu şəxslərin bəziləri birbaşa SEPAH-a (İran İnqilab Keşikçiləri Korpusu) bağlı olan fiqurlardır. Bu da onu göstərir ki, SEPAH-ın rəhbərliyi doğrudan da İbrahim Rəisinin aradan götürülməsində maraqlı olub.

SEPAH-ın “şinel”indən çıxan namizədlərdən hər hansı biri növbədənkənar seçkilərdə qalib gəlib İran prezidenti postuna yiyələnərsə, cənub qonşumuz biraz da mühafizəkarlıq “bataqlığ”ına sürüklənəcək və daha aqressiv siyasət xətti yürüdəcək. Beləliklə, qonşuluğumuzdakı üç toksik ölkədən biri olaraq İran “xalqlar həbsxanası” rolunda çıxış etməyə davam edəcək. Qeyri-fars mənşəli xalqların (o cümlədən Güney Azərbaycandan olan soydaşlarımızın) hüquqları daha da məhdudlaşdırılacaq. Milli düşüncə daşıyıcısı olan fəallara qarşı repressiyaların miqyası genişlənəcək. Fars dilinin basqısı, hökmranlığı yenə davam edəcək. Urmu gölünün tam olaraq quruyub yoxluğa qovuşması isə qaçılmaz olacaq.

Bir sözlə, xırs-quldurbasanlara, edam cəlladlarına oxşayan bu panfarsçı, panirançı namizədlərdən yaxşı nəsə gözləməyinə dəyməz. Ona görə də qeyri-fars mənşəli seçicilər var gücləri ilə məhz Məsud Pezeşkianın qələbə qazanması üçün səfərbər olmalıdırlar. Çünki sözügedən 6 namizəd arasında Məsud Pezeşkian yeganə şəxsdir ki, İranda yaşayan qeyri-farsların milli hüquq və ana dili tələbləri ilə çıxış edir.

Məsud Pezeşkian açıq fikirli şəxs olduğuna görə yeri gəldikdə hakimiyyətin həm daxili, həm də xarici siyasətindəki mənfi halları cəsarətlə tənqid edir. Bu mənada onun qonşu ölkələrlə, o cümlədən Azərbaycan Respublikası ilə münasibətlərə yenidən baxılması, xoşməramlı siyasət yürüdülməsi tələbi ilə çıxış etməsi molla hakimiyyətini qıcıqlandırır.

Elə son günlər şovinist fars millətçilərinin, SEPAH-a bağlı qaragüruhçuların onu separatçı kimi, pantürkçü kimi təqdim edib, əleyhinə qaralama kampaniyası başlatmaları da təsadüfi hadisəyə bənzəmir. Məqsədləri ya M.Pezeşkianı seçki kampaniyasının gedişində “zərərsizləşdirib” sıradan çıxarmaq, yadaki demokratik seçki görüntüsü yaratmaqdır.

Lakin molla rejiminin az da olsa uzaqgörənliyi, müdrikliyi varsa, M. Pezeşkianın seçkilərdə qalib gəlməsinə, prezident seçilməsinə heç bir süni əngəl törətməməlidir. Etnik-milli zəmində diskriminasiyalar nəticəsində hazırda “barıt çəlləyi”nə, “qaynar qazan”a bənzəyən İranı milli qarşıdurmalardan və sosial-siyasi kataklizmlərdən yalnız M.Pezeşkian kimi ədalətli siyasətçilərin idarəçiliyi xilas edə bilər. Ali dini lider prezident postunun qatı mühafizəkarların və ya SEPAH-ın başkəsənlərinin əlinə keçib İranın real cəhənnəmə çevrilməsinə yol verməməlidir.

Birdəki, ölkənin birinci şəxsi postuna seçilmək təkcə farsların boyuna biçilmiş, adına yazılmış müstəsna hüquq deyil ki. Bu haqq qeyri-fars xalqların da (Güney Azərbaycan türklərinin, kürdlərin, bəlucların, türkmənlərin, qaşqayların, ərəblərin və digər xalqların) nümayəndələrinin halal haqqıdır. Bu mənada nə üçün İranın prezidenti azərbaycanlı olmasın ki?

Araşdırmaçı jurnalist Bəybala Mirzəyev

Leave A Reply

Your email address will not be published.

Tərcümə »