Bu da Avropa Parlamentinə seçkilərin nəticəsi – Fransa prezidenti Emmanuel Makron sadəcə və sadəcə şokdadır. Adam illər öncə partiyasına təmtəraqlı ad qoyaraq (“İntibah” Partiyası) hakimiyyətə gələrkən düşünürdü ki, o da Napoleon Bonapart və ya ən azından Şarl de Qoll kimi həm Fransada, həm də Avropa qitəsində böyük dəyişikliklərə nail olacaq.
İctimairey.az-ın xəbərinə görə, araşdırmaçı jurnalist Bəybala Mirzəyev bildirir ki,Lakin fransız xalqı ötən gün baş tutan AvroParlamentə seçkilərdə Makronun partiyasından olan namizədlərə deyil, rusiyapərəst “Milli Birlik” Partiyasına (Kremlin gizli agenti sayılan Marin Le Penin partiyasına) səs verməklə Makronun ağır məğlubiyyət acısını yaşamasına səbəb oldu.
O, belə bir ağır nəticəni həqiqətən də gözləmirdi. Lakin yürütdüyü uğursuz xarici siyasət və ölkə daxilində əhalinin narazılığına səbəb olan neqativ halların gün-gündən artması (qiymət artımı, pensiya islahatı, kənd təsərrüfatının çöküşü, cinayət hallarının çoxalması, miqrantlarla bağlı məsələlər və s.) sonda Avropa Parlamentinə seçkilərin nəticələrində özünü göstərdi.
Və qanunvericiliyin tələbinə uyğun olaraq Emmanuel Makron Avropa Parlamentinə seçkilərin nəticələri məlum olduqdan dərhal sonra ölkə parlamentinin aşağı palatasını – Milli Assambleya buraxmalı, növbədənkənar parlament seçkiləri elan etməli oldu. Beləliklə, erkən seçkilərin 1-ci turu iyunun 30-na, 2-ci turu isə iyulun 7-nə planlaşdırılıb.
Səslərin 32 faizini toplayaraq Avropa Parlamentinə seçkilərdə qalib gələn ifrat sağçı Milli Birlik partiyasının liderləri Marin Le Pen və Jordan Bardella iyunun 30-u və iyulun 7-də baş tutacaq daxili seçilərdə də qalib gələcəklərinə və bununla da Fransanın yeni hökumətini qurmaq şansını əldə edəcəklərinə əmindirlər. Marin Le Pen və Jordan Bardella artıq baş nazir olmaq havasına giriblər.
Qərbin və Fransanın Ukraynaya yardımının əleyhinə çıxan radikal-millətçi Marin Le Pen və Jordan Bardellanın rəhbərlik etdikləri partiyanın Avropa Parlamenti ilə bərabər, Fransa parlamentinə seçkilərdə də qələbə qazanacağı təqdirdə Ukraynanın ağır duruma düşəcəyi, Rusiyanın isə psixoloji üstünlük əldə edəcəyi şübhəsizdir.
Azərbaycan üçün isə həm mərkəzçi-liberal yönümlü Emmanuel Makronun yürütdüyü siyasət, həm də Marin Le Penin qələbəsi arzuolunmazdır. Çünki bu ifrat millətçi, türkəfob qadın qatı ermənipərəst mövqeyi ilə tanınır. Bu mənada ermənipərəst Marin Le Penin ermənipərəst Makrondan heç bir fərqi yoxdur. İkisi də bir bezin qırağıdır.