Teymur Musayev Məryəm Xan ilə görüşdü – FOTO

0

Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan ilə görüş keçirilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış strukturları, həmçinin UNFPA ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Teymur Musayev Azərbaycanın BMT-nin Əhali Fondu ilə bir sıra sahələrdə, o cümlədən səhiyyə sahəsində də effektiv əməkdaşlığını qeyd edib.

Nazir, həmçinin cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi edəcəyini vurğulayıb. Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini vurğulayan Teymur Musayev, cari ildə milli və qlobal səviyyədə həyata keçirilən bir sıra tədbirlərin iqlim dəyişikliyinin mənfi təsirlərinə həsr olunduğunu bildirib.

Sonda nazir Azərbaycan ilə BMT-nin Əhali Fondunun birgə fəaliyyətinin gələcəkdə də səmərəli şəkildə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Məryəm Xan Azərbaycan ilə BMT-nin Əhali Fondu arasında əldə olunan tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, UNFPA demoqrafiya ilə bağlı məsələlərə, gender bərabərliyinin təşviqi və qadınların sağlamlığının qorunmasına yönələn çoxşaxəli təşəbbüslərində Azərbaycan hökuməti ilə uzunmüddətli tərəfdaşlığa sadiqliyini bir daha təsdiqləyir.

Məryam Xan, həmçinin Azərbaycanı COP29-un ev sahibliyi edəcəyi münasibətilə təbrik edib. Onun sözlərinə görə, cari il üçün prioritet COP29 konfransına hazırlıqları dəstəkləmək məqsədilə BMT-nin Əhali Fondunun müqayisəli üstünlüyünə uyğunlaşdırılan iqlim dayanıqlılığı səylərinə veriləcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »