2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 46 736 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.
Bu Bakı Şəhər Təhsil İdarəsinin tədris ilinin yekunlarına dair məlumatında əks olunub.
Qeyd edilir ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi alideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.
BŞTİ-dən bildirilir ki, 2023-2024-cü tədris ilində Bakı şəhəri üzrə 18 ümumi təhsil müəssisəsində 160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib.
İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.
2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 16 ümumi təhsil məktəbində isə “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilib. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki 34 icma əsaslı məktəbəqədər təhsil qrupuna 676 uşaq cəlb olunub.