Ermənistan hakimiyyəti İlham Əliyevin çağırışlarına əməl etsə, sülh prosesi də sürətlənər

0

Prezident İlham Əliyevin TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Ermənistan rəhbərliyinin hazırkı konstitusiyanı dəyişməyəcəyi təqdirdə (yəni Türkiyə və Azərbaycana qarşı ərazi iddiasının qaldığı halda) sülh sazişinin imzalanmayacağını bildirməsi və hər iki dövlətin (Ermənistan və Azərbaycanın) Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət etməyi təklif etməsi sanki qonşu ölkədə arı yuvasına çöp soxulması effektini verib. Ermənistan rəsmiləri, siyasətçiləri, ekspertləri Azərbaycan Prezidentinin bu iki tələbini, təklifini qızğın müzakirə etməyə başlayıblar.

Dövlətimizin başçısı sözügedən tələb-təklifi səsləndirməklə əslində Ermənistan tərəfinin COP29 ərəfəsində yalançı sülhsevərliyini, sülh mövzusunu məqsədli şəkildə istismar etməsini və Azərbaycanı güzəştlərə məcbur etmək üçün sülh sazişi ilə bağlı hiyləgər spekulyasiyalara yol verməsini üzə çıxartmaq, ifşa etmək üçün əla imkan yaradıb. Rəsmi İrəvanın İlham Əliyevin çağırışlarına isterik reaksiyası erməni tərəfinin sülh ritorikasının qeyri-səmimi olduğunu göstərir. Ermənistan parlamentinin sədri Alen Simonyanın ATƏT-in Minsk Qrupunun yalnız Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra buraxıla biləcəyini vurğulaması Ermənistan tərəfinin əsl həqiqətdə sülhsevər deyil, revanşist ölkə olduğunu bir daha ortaya qoyur. Bu mənada İlham Əliyev Ermənistanın amorf Minsk Qrupunun hələlik saxlanılmasına üstünlük verməsini qonşu dövlətin Azərbaycana qarşı ərazi iddialarının davamı kimi qiymətləndirməkdə tamamilə haqlıdır.

Əgər Ermənistan tərəfi həqiqətən də real sülhdə maraqlı olsaydı, o zaman Azərbaycan Prezidentinin son çağırışları, tələb və təklifləri qarşı tərəfdə bu qədər hay-küyə, ajotaja səbəb olmamalıydı. Bunun tam əksinə, İlham Əliyevin sözügedən tələb və təklifi istər Ermənistan hakimiyyəti, istərsə də erməni ictimaiyyəti tərəfindən anlayışla qarşılanmalı idi. Çünki əsas qanununda qonşu dövlətlərə qarşı ərazi iddialarının əks olunduğu bir ölkə ilə sülh müqaviləsi imzalamaq öz əhəmiyyətini itirir. Rəsmi İrəvan Azərbaycanla sülh sazişinin imzalanmasının həqiqətən də sürətləndirilməsini istəyirsə, Azərbaycan Prezidentinin çağırışlarına inkarçı, isterik reaksiya vermək və manipulyasiya ilə məşğul olmaq əvəzinə, ən rahat yolu seçməli, həm Azərbaycan və Türkiyəyə ərazi iddiasını ehtiva edən müddəaları konstitusiyadan çıxarmalı, həm də Minsk Qrupunun buraxılması barədə birgə bəyanata imza atmalıdır.

Qonşu ölkənin konstitusiyasından ərazi iddiaları ilə bağlı bəndlərin çıxarılması heç bir halda Ermənistanın daxili işi sayıla bilməz. Ermənistan rəhbərliyi özünü axmaq yerinə qoymamalı və söz oyunu oynamamalıdır. Rəsmi Bakının Azərbaycanın milli təhlükəsizliyinə bilavasitə təsir edən məlum ərazi iddiasının Ermənistan konstitusiyasından çıxarılmasını tələb etməyə tam haqqı, hüququ var. Biz “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən konstitusiya ilə idarə olunan bir ölkə ilə sülh sazişi imzalaya bilmərik.

Konstitusiya hər bir dövlətin əsas qanunu sayılır. Əsas qanununda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı bir dövlətlə necə sülh müqaviləsi imzalamaq olar? Bu müqavilənin sabah Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə dərhal pozulmayacağına kim zəmanət verə bilər? Ona görə də Ermənistan dövləti həqiqətən də qalıcı sülhün bərqərar olmasını istəyirsə, ilk növbədə ya konstitusiyasını təcili dəyişməlidir, ya da ən azı sözügedən bəndləri referendum yoluyla konsitusiyadan çıxarmalıdır.

Bəli, məsələ bu qədər sadədir. Ona görə də Ermənistan tərəfi Amerikanı yenidən kəşf etməyə çalışmamalıdır. Biz davakar konstitusiyanın dəyişdirilməsini və Minsk Qrupu ilə bağlı birgə bəyanatın imzalanmasını tələb etməkdə haqlıyıq. Rəsmi Bakının ədalətli çağırışları Ermənistanın daxili işlərinə müdaxilə kimi qələmə verilə bilməz. Ermənistan hakimiyyəti İlham Əliyevin çağırışlarına əməl etsə, sülh prosesi də sürətlənər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »