Bu mənada Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun ötən gün Azərbaycana səfər etməsi heç də təsadüfi deyil. Adam Bakıya təkcə qlobal geosiyasi prosesləri müzakirə etmək üçün gəlməyib.
Avropa İttifaqı daxilində mümkün qədər müstəqil siyasət yürütməyə çalışan və bu zaman çox ciddi təzyiqlərə məruz qalan, risklərlə üzləşən Macarıstan indi özünə etibarlı tərəfdaşlar, dayaq nöqtələri axtarır. Macarıstan üçün əsas dayaq nöqtələrindən biri Türk Dövlətləri Təşkilatı (TDT) və potensial tərəfdaşlardan biri məhz Azərbaycandır. Bu, sözügedən ölkənin Baş naziri Viktor Orbanın yanaşmasıdır və Peter Siyarto da həmin kursun əsas icraçılarından biri kimi Bakıdadır.
Orbanın və Siyartonun Türk Dövlətləri Təşkilatının hazırkı potensialına və Türk birliyinin gələcəyinə baxışları olduqca maraqlıdır. Onlar Türk birliyinə bizim kimi şablon və pafoslu yanaşmırlar. Macarlar TDT-nın potensialını və imkanlarını daha düzgün və rasional qiymətləndirirlər.
Peter Siyartonun ötən gün Bakıda keçirilən mətbuat konfransındakı
çıxışından qısa not:
“Türk Dövlətləri Təşkilatına üzv olmazdan əvvəl biz hələ dünyada gedəcək prosesləri proqnozlaşdıra bilmirdik. Türk Dövlətləri Təşkilatı sayəsində biz başa düşdük ki, bu region, yəni Türk dünyası geniş şəkildə inkişaf edir. O zaman biz hələ dünyada gedəcək siyasi prosesləri proqnozlaşdıra bilmirdik. Avrasiya regionu dünyada mühüm rol oynayır”.
Macar nazir, “Ukraynadakı müharibənin onlar üçün yük olduğunu” vurğulayıb.
“Bizə isə münasibətlərin inkişafı üçün bir körpü lazımdır. Türk Dövlətləri Təşkilatı Şərqlə Qərbin arasındakı həmin bu körpünün sütunudur”, – deyə Siyarto vurğulayıb.
Macarıstanın baş diplomatının bu açıqlaması bir daha Türk Dövlətləri Təşkilatının önəmini önəmini ortaya qoyur, onun hansı imkanlara malik olduğunu diqqət mərkəzinə gətirir.
Əfsuslar olsun ki, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin heç də hamısı TDT-nın bu günü və ümumən Türk birliyinin gələcəyi ilə bağlı bu cür strateji düşüncəyə, vizyona sahib deyil.
Biz TDT-nın potensialını kənardan baxış anlayışı ilə dəyərləndirə bilmirik. Lap konkret desək, özümüz öz gücümüzü görə bilmirik. Özgələri bizim potensialımızı daha düzgün dəyərləndirirlər. Bizim passivliyimiz və şablon yanaşmalarımız isə Türk Birliyinin ərsəyə gəlməsində və dünyanın yeni güc mərkəzlərindən birinə çevrilməsində gecikməyə səbəb olur.
Etiraf etməliyik ki, bu gün Turan Birliyinin yaradılması istiqamətində hələlik heç bir ölkə xüsusi fəallıq göstərmir. İlk növbədə Türkiyə hələ də öz strateji seçimini edə bilmir. Bu da onun TDT-da aparıcı güc, lokomotiv rolunu oynamasına mane olur. Yalnız Qazaxıstan tək başına nəsə etməyə çalışır. Ancaq onun da səyləri yetərli deyil. TDT-nın bütün üzvlərinin bir an öncə toparlanması, hərəkətə keçməsi lazımdır.
Elə etməliyik ki, başqa dövlətlər TDT-nın əhatə etdiyi coğrafiyaya – Anadolu, Cənubi Qafqaz və Mərkəzi Asiyaya sadəcə xammal, təbii resurslar mənbəyi kimi baxmasın. Türk Dövlətləri Təşkilatı, Peter Siyartonun da qeyd etdiyi kimi sözün həqiqi mənasında Şərqlə Qərbin arasındakı körpünün əsas sütunu olmağı bacarmalıdır. Bunun üçün bu gün hər cürə imkanlar var.
Lakin bu körpü, bu sütun qurulmaya da bilər. Çünki bu sütunun ərsəyə gəlməsini, bu körpünün qurulmasını əngəlləməyə çalışan konkret qüvvələr, dövlətlər var.
Belə ki, Fransa Türk Birliyi ideyasının beşiyindəcə boğulması üçün var gücüylə hərəkətə keçib.
İranın Türk Birliyinin şah damarı olan Zəngəzur dəhlizinin açılmaması üçün “qırmızı xətt”lər cızdığı hamımıza məlumdur. Qatı türk düşməni olan erməni politoloq-iranşünas Karine Gevorqyanın da etiraf etdiyi kimi SEPAH-ın əsas missiyalarından biri məhz Turan ideyasının yayılmasına, türkçülüyə qarşı mübarizə aparmaqdır.
Rusiya da TDT-nın güclənib Türk Birliyinə çevrilməsində maraqlı deyil. Putin türk dövlətlərinin yerini yalnız Rusiyanın öncüllük etdiyi bloklarda, ittifaqlarda (MDB, KTMT, Avrasiya İqtisadi Birliyi) görür. Kremlə yaxın ekspertlərin, politoloqların Turan birliyinə qarşı aqressiv çıxışlar etməsi də məhz bundan qaynaqlanır.
Gördüyümüz ki, Türk Birliyinin yaranmasını istəməyən qüvvələr çoxdur. Lakin bu birliyin perspektivlərini düzgün dəyərləndirən ölkələr də var. Macarıstan kimi.
Ona görə də indi əsl birlik zamanıdır, real iş görmək vaxtıdır. Böyük güclərin, məkrli qonşuların bütün əks planlarına, davamlı basqılarına rəğmən Türk Birliyini qurmaq yolunda real addımlar atılmalıdır. Və təbii ki, öncə Türkiyə özünün əsl liderlik mövqeyini ortaya qoymalıdır…
Araşdırmaçı jurnalist Bəybala Mirzəyev