Ötən gün TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşdə Türk dünyası üçün bir sıra önəmli strateji məqamlara toxunan Prezident İlham Əliyev, eyni zamanda Avropanın üç ölkəsinin Azərbaycana “soyuq müharibə” elan etmələrini gündəmə gətirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bizim Avropa İttifaqı (Aİ) ilə münasibətlərimiz ümumən müsbət xarakterizə olunsa da, ancaq 44 günlük İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra Aİ üzvü olan bəzi ölkələr Azərbaycana qarşı əsassız və vicdansız hücumlara başlayıblar.
Bəs, söhbət hansı ölkələrdən gedir? Cənab Prezident konkret olaraq kimləri nəzərdə tutur? Türk dövlətlərinin parlament rəhbərləri ilə söhbət əsnasında Prezident İlham Əliyev konkret olaraq hər hansı bir ölkənin adını çəkməsə də, lakin ümumən bu suallara belə aydınlıq gətirdi: “Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib. Bunun təməlində heç də beynəlxalq hüququn normaları deyil, şəxsi xəstə ambisiyalar dayanır. Əfsuslar olsun ki, Avropada xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan qruplaşmanı da yarada bilmişlər. Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların adları bəllidir”.
Bəli, o ölkələrin adları həqiqətən də bəllidir. Heç şübhəsiz ki, söhbət ilk növbədə Qərbdə anti-Azərbaycan kampaniyasına, yeni “səlib yürüşü”nə rəhbərlik edən Fransadan və onun türkəfob lideri Emmanuel Makrondan gedir. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlanılmasına göz yuman və Ermənistana hər vəchlə havadarlıq etməyə çalışan Fransa Avropa İttifaqındakı üstünlüyündən istifadə edərək bir sıra kiçik dövlətləri də (Niderland, Lüksemburq, Çexiya və s.) öz ətrafında cəmləməklə, anti-Azərbaycan siyasətinin beynəlxalq və regional müstəvidə yayılmasına cəhd edir, Azərbaycan və Türkiyəyə qarşı “cəbhə” yaratmağa səy göstərir.
Ermənilərdən daha artıq erməniçilik etmək yarışına girən Fransa prezidenti də, fransız deputatlar və nazirlər də zaman-zaman Azərbaycan əleyhinə cəfəng ittihamlar səsləndirməklə ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışır və eyni zamanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olur. Afrikadan rüsvayçı şəkildə qovulan və Yeni Kaledoniyaya münasibətdə neokolonialist siyasət yürütməsinə görə ciddi beynəlxalq qınağa məruz qalan Fransanın Cənubi Qafqazla bağlı planlarının da uğursuzluqla üzləşməsi Makronu ciddi şəkildə narahat edir. Və sanki rəsmi Paris bütün bunların günahını Azərbaycanda görürmüş kimi davranır, beynəlxalq siyasətdəki bütün uğursuzluqlarının qisasını bizdən almağa çalışır.
Ancaq Fransanın qatı ermənipərəst mövqeyi təkcə Cənubi Qafqazda sülh prosesinə deyil, həm də bu ölkənin özünün qlobal, milli maraqlarına zərbə vurur. Əslində Paris beynəlxalq siyasətin ikinci və hətta üçüncü “eşalon”unda yer alan Lüksemburq kimi kiçik ölkələri Azərbaycanın üzərinə qısqırtmaq əvəzinə, Cənubi Qafqazda sülhə dəstək verməliydi. Ancaq əfsuslar olsun ki, Fransa rəhbərliyi fərqli yol seçdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu ölkə Azərbaycana qarşı “soyuq müharibə” yolunu tutdu. Lakin Fransa bütün cəbhələrdə uduzduğu kimi Azərbaycana qarşı “soyuq müharibə”də də uduzmağa məhkumdur. Azərbaycan Prezidenti bizə qarşı “soyuq müharibə” aparan ölkələri necə neytrallaşdırmağın yollarını yaxşı bilir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri