Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Beynəlxalq Əmək Təşkilatının (BƏT) gündəliyini daha irəli aparmaq üçün effektiv platforma rolu oynayacaq.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Cenevrədə BƏT üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 112-ci sessiyasında deyib.
Nazir təşkilatın yenilənmiş Qlobal Sosial Müqavilə təşəbbüsünün əhəmiyyətini qeyd edib. O, BƏT-in prinsiplərinə uyğun olaraq Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində sosial tərəfdaşlığa xüsusi önəm verildiyini bildirib.
Sessiyada DOST konsepsiyasının və son illər sosial sahədə icra edilən geniş elektronlaşdırma proqramının nailiyyətləri, əmək və məşğulluq sahəsində aparılan siyasətin BƏT-lə sıx əməkdaşlıqda həyata keçirildiyi vurğulanıb.
Nazir bildirib ki, ötən dövrdə BƏT-lə birgə Layiqli Əmək üzrə iki Ölkə Proqramının uğurlu icrası bunun təzahürüdür. Növbəti Layiqli Əmək üzrə Ölkə Proqramının imzalanması da nəzərdə tutulur.
S.Babayev həmçinin İşğaldan azad edilmiş ərazilərdə yurda qayıdan sakinlər üçün sosial rifah və dayanıqlı məskunlaşmanın, səmərəli məşğulluğun təmin edilməsi işlərindən danışıb.