“Kiyev üçün sülh Rusiyanın bir daha Ukraynaya hücum etməyəcəyinə zəmanət deməkdir. Bunun üçün Ukraynanın NATO üzvü olması lazım deyil”.
Bu barədə ABŞ prezidenti Co Bayden “Time” jurnalına müsahibəsində bildirib. ABŞ prezidenti vurğulayıb ki, Qərb Ukraynanın uduzmasına imkan verməməlidir, çünki bu, Rusiya və Belarus əraziləri ilə həmsərhəd olan bütün ölkələr üçün qeyri-sabitlik demək olardı.
“Time” ilə söhbətində Bayden NATO-nun Ukraynaya kömək etməklə Rusiya ilə müharibəyə cəlb edilməsi tezisini qəti şəkildə rədd edib. “Ukrayna üçün heç nə etməsək, müharibə üçün sürüşkən yolda olacağıq”, – deyə prezident bildirib.
İsrailin ötən il oktyabrın 7-dən sonra Qəzza zolağında ABŞ və Avropa Birliyində terror qruplaşması kimi tanınan HƏMAS qruplaşmasına qarşı başlatdığı əməliyyatı şərh edən Bayden fələstinlilərin qida və dərman çatışmazlığından böyük əziyyət çəkdiyini etiraf edib. Lakin Baydenin sözlərinə görə, bu, təkcə İsrail tərəfi ilə deyil, həm də insanları qorxudan islmamçı qruplaşmalarla birbaşa bağlıdır.
ABŞ prezidenti bir daha qeyd edib ki, israillilərlə fələstinlilər arasında münaqişənin həlli iki dövlətin yaradılması olmalıdır.
Bundan əlavə, Bayden digər məsələlərlə yanaşı, ABŞ-ın Tayvanla bağlı mövqeyini də şərh edib. Prezidentin sözlərinə görə, əgər Çin özünün hesab etdiyi adanı birtərəfli qaydada zorla ilhaq etmək qərarına gəlsə, o zaman Vaşinqton hərbi güc tətbiq edə bilər. Eyni zamanda, Bayden qeyd edib ki, Birləşmiş Ştatlar “Tayvanın müstəqilliyinə can atmır”.\\musavat.com\\