Azay Quliyev: “İran Türkiyədə Azərbaycana qarşı proksilərini işə salıb, ilk hədəf “SOCAR-Türkiyə”dir”
Hər kəs gözəl bilir ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi gücləndikcə, sadəcə, bəyanatlarda deyil, real məzmun və praktikada özünü təsdiq etdikcə, bu birliyə qarşı çıxanların və onu pozmaq istəyənlərin sayı artacaq. Son illər iki qardaş ölkənin birliyi və müttəfiqliyi nəticəsində Cənubi Qafqazda güc balansının dəyişməsini, Şərqi Avropa və Mərkəzi Asiyada yeni geosiyasi reallıqların yaradılmasını həzm etməyənlər az deyil.
Son günlərin hadisələri göstərir ki, prosesin bu yöndə müsbət inkişafı bir çoxlarını, xüsusilə İranı narahat etməyə başlayıb. İran artıq Türkiyədə proksiləri vasitəsilə hərəkətə keçərək Azərbaycana, konkret desək, “SOCAR Türkiyə”yə qarşı əyləmlərə və təxribatlara başlayıb. Bu yaxınlarda İran adamlarını “SOCAR Türkiyə”nin ofisi qarşısında toplayaraq Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətlərinə kölgə salmaq məqsədilə cəmiyyət üçün çox həssas bir mövzunu istismar etməyə başlayıb: “guya SOCAR birbaşa İsrailə neft satır və bunu dərhal durdurmaq lazımdır”.
Əvvəla, onu deyək ki, SOCAR İsrailə neft satmır və bu haqda yayılan iddianın heç bir əsası yoxdur. Dünya neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satırlar. Traderlərin nefti kimə satdığına şirkətlər nəzarət edə bilmirlər.
Başqa sözlə desək, İranın adamları Azərbaycanı Türkiyənin ictimai rəyində gözdən salmaq, ləkələmək, özəlliklə, inanclı insanları bizə qarşı qəzəbləndirmək məqsədilə “İsrail mövzusundan” vicdansızcasına istifadə etməyə, yalan və fake xəbərlər yaymaqla iki qardaş ölkənin strateji münasibətlərinə xələl gətirməyə çalışırlar.
“SOCAR Türkiyə”ni hədəf seçmələri də təsadüfi deyil. Çünki, 20 milyard ABŞ dollarından çox Türkiyəyə yatırılan Azərbaycan sərmayəsinin önündə bu qurum gedir.
Əminəm ki, Türk vətəndaşı, Türkiyə ictimaiyyəti SOCAR-ı və bütövlükdə ölkəmizi gözdən salmağa, Azərbaycan-Türkiyə birliyini və qardaşlığını zədələməyə hesablanmış bu cür çirkin planların mahiyyətini gözəl anlayırlar.
Düşünürəm ki, hər iki qardaş ölkənin ictiamai rəy liderləri və siyasətçiləri bu həssas dönəmda daha ayıq-sayıq olmalı, birliyimizə və müttəfiqliyimizə qarşı yönələn istənilən təxribatı vaxtında ifşa etməyi bacarmalıyıq.
Azay Quliyev, millət vəkili