Azərbaycanı Türkiyənin ictimai rəyində gözdən salmağa cəhd göstərmək ağılsızlıqdır

0

Türk dünyasının yeni geosiyasi güc mərkəzinə çevrilməsini, xüsusən də Azərbaycan-Türkiyə qardaşlığının 44 günlük İkinci Qarabağ müharibəsindən sonra daha da güclənməsini həzm etməyən qüvvələr birliyimizi, qardaşlığımızı sarsıtmaq üçün daim ayaqdadırlar. Özlərini islamçı kimi təqdim edən bəzi təxribatçı qrupların “SOCAR Türkiyə” şirkətinin guya İsrail ilə xam neft üzrə ticarət əlaqəsi olduğuna dair əsassız ittihamlar irəli sürərək, şirkətin İstanbuldakı mərkəz binasına qarşı 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərində davamlı təxribatlar həyata keçirmələri də məhz həmin qüvvələrin cızdığı məkrli “ssenari”nin tərkib hissəsidir.

Getdikcə şiddətlənən və “SOCAR Türkiyə”nin əməkdaşlarının həyatı üçün real təhlükə yaradan bu təxribatların icraçıları heç şübhəsiz ki, ilk növbədə İranın Türkiyədəki proksi qruplarına bağlıdır. Onların arasında FETÖ-nun törtöküntülərinin olması da mümkündür. Çünki əlaltılarını “SOCAR Türkiyə”nin binasının qarşısında toplayaraq “SOCAR-ın İsrailə neft satması dayandırılsın!” kimi absurd tələblərlə çıxış etmək revanş üçün əlverişli məqam gözləyən FETÖ-nun da işinə yarayır. Bu mənada SOCAR-ın birbaşa İsrailə neft satması kimi əsassız iddianı tirajlamaqla dindar kəsimin hisslərini istismar etmək, inanclı insanları küçələrə çıxarmaq, iğtişaşlar törətmək İran üçün də, FETÖ üçün də fürsət kimi görünə bilər.

Ancaq bu cür fürsətçi, xain planlarla nə “SOCAR Türkiyə”nin fəaliyyətinə kölgə salmaq, nədəki Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətlərini laxlatmaq qətiyyən mümkün deyil. Tarixin ən ağır sınaqlarından ləyaqətlə çıxmış Azərbaycan-Türkiyə qardaşlığını bir qrup təxribatçının ortaya atdığı əsassız ittihamlarla şübhə altına almaq, sarsıtmaq mümkünsüzdür. “SOCAR Türkiyə”ni hədəf seçənlər buna nail olacaqlarını düşünməkdə yanılırlar. Çünki Türkiyə ictimaiyyəti “SOCAR Türkiyə”nin gördüyü işləri yüksək qiymətləndirir. Bu şirkətin fəaliyyəti Türkiyə və Azərbaycan arasındakı güclü qardaşlıq və dostluq bağları, strateji müttəfiqlik maraqlarına uyğun şəkildə formalaşmaqdadır.

Təsadüfi deyil ki, “SOCAR Türkiyə” qardaş ölkədə həyata keçirdiyi strateji meqa-layihələrlə Türkiyənin ən böyük xarici investoru və ən böyük inteqrasiya olunmuş sənaye qrupu sayılır. Həmçinin şirkət Türkiyədə müxtəlif sosial layihələr həyata keçirir. Keçən il “Əsrin fəlakəti” hesab olunan dəhşətli zəlzələ baş verəndə də “SOCAR Türkiyə” ilk gündən etibarən həm pulsuz yanacaq dəstəyi, həm də əsas ehtiyacların bölgəyə çatdırılması istaqamətində qardaş Türk xalqının yanında yer alıb. Bundan başqa şirkət Türkiyənin müxtəlif şəhərlərindəki məktəblərdə on mindən çox şagirdə təhsil dəstəyi verir. Türk xalqı qədirbilən xalqdır və “SOCAR Türkiyə”nin bu və digər sosial fəaliyyətlərini təqdirlə qarşılayır.

Ona görə də “din” pərdəsinə bürünmüş bəzi təxribatçı qüvvələrin Türkiyə və Azərbaycanın ortaq maraqları üçün fəaliyyət göstərən bu cür nəhəng bir şirkəti İsrail-HƏMAS savaşının “qurban”ına çevirmələri və Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmələri xam xəyaldan başqa bir şey deyil. Azərbaycan-Türkiyə münasibətləri heç vaxt bu cür çirkin planların təsiri ilə sarsılmaz. Azərbaycanı Türkiyənin ictimai rəyində gözdən salmağa cəhd göstərmək ağılsızlıqdır. Düşmənlərimiz hədəfi yanlış seçiblər. “SOCAR Türkiyə”nin üzərindən birliyimizə qarşı yönələn təxribatlar uğursuzluğa məhkumdur. Təxribatçıların tezliklə ifşa olunacaqlarına da əsla şübhə etmirik.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »