Səhiyyə nazirinin müavini mühüm konfransda çıxış edib

0

Bakıda mayın 31-də “Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” adlı konfrans keçirilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah, səhiyyə nazirinin müavini İlqar Qasımov, təhsil nazirinin müavini Firuddin Qurbanov və digər qurumların rəhbər şəxsləri çıxış ediblər.

Konfransda çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov hazırda ölkəmizdə uşaq problemlərinin həllinə yönələn onlarla Dövlət proqramın həyata keçirildiyini vurğulayıb: “Azərbaycan dövləti sağlam gələcəyin təminatçısıdır. Respublikada erkən uşaqlıq dövrü inkişafının bugünkü vəziyyəti ilə bağlı UNİCEF-in və dövlət qurumlarının hazırladığı hesabatlara əsasən, ölkəmizdə bu sahədə bir sıra nailiyyətlər əldə olunub”. Azərbaycanda bir çox vacib səhiyyə, təhsil, uşaq və sosial müdafiə proqramların mövcudluğunu qeyd edən səhiyyə nazirinin müavini qidalanma proqramlarının əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ölkə səviyyəsində uşaqlar və ailələr arasında əlaqələndirən və inteqrasiya olunan Erkən Uşaqlıq Dövrü İnkişafının təşviq edilməsi olduqca mühüm məsələdir. Bu məqsədilə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hamiləlik dövründə gələcək körpənin inkişafı və digər əhəmiyyətli tövsiyələrlə bağlı məlumatları cəmləşdirən “Burla Xatun” mobil tətbiqi və “Məktəblinin sağlamlığı” internet portalı istifadəyə verilib.

İlqar Qasımov, həmçinin uşaqlıq dövründə peyvəndlənməyə və dispanserizasiyaya cəlb edilmə, eyni zamanda 0-6 aya kimi yalnız ana südü ilə qidalanmanın təşviqinin vacibliyini qeyd edib.

Tədbirdə erkən uşaqlıq dövründə uşaqların inkişafı ilə bağlı film nümayiş olunub.

Konfrans panel sessiyalarla öz işini davam etdirib. Sessiyalarda Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Məftunə İsmayılova, Türkiyə Spastik Uşaqlar Vəqfi, fizioterapevt-mütəxəssis Özge Karanlık və digərləri təqdimatlarla çıxış ediblər.

Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »