Heç cürə gerçəkləşə bilməyən “gürcü arzusu”…

0

Gürcüstanda baş verən son ictimai-siyasi proseslərin ifrat dərəcədə gərginləşməsinə səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi və prezidentin vetosunun rədd edilməsi təbii ki, Gürcüstanı ağ günə çıxarmayacaq və Abxaziya ilə Cənubi Osetiyanın Gürcüstana qaytarılması ilə nəticələnməyəcək.

İctimai Rəy xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Bəybala Mirzəyevin açıqlamasında bildirilib.

Düzdür, Gürcüstanın xəyalpərəst Baş naziri İrakli Kobaxidze 2030-cu ilə qədər Abxaziya və Cənubi Osetiya problemini həll etməyi, ölkənin ərazi bütövlüyünü bərpa etməyi planlaşdırdıqlarını bəyan edib.
Belə ki, İ.Kobaxidze son çıxışlarından birində qeyd edib ki, onun əsas məqsədi “vəd edilmiş torpaqlar”ın qaytarılmasını və ya “gürcü arzusu”nu Gürcüstanın müstəqilliyinin 40-cı ildönümündə reallaşdırmaqdır.
Burada söhbət konkret olaraq 2030-cu ildən gedir.

İ.Kobaxidzenin açıqlaması:
“2030-cu ildə abxaz və osetin qardaş və bacılarımızla vahid və güclü Gürcüstanda yaşamaq arzumuzdur. Vahid və güclü Gürcüstan Avropa ailəsinin tam hüquqlu üzvü olmalıdır”.
Bəllidir ki, gürcü baş nazirin bu hədəfləri xam xəyaldan ibarətdir. Çünki ilk növbədə abxaz və osetinlərin gürcülərlə bir dövlətin “çətir”i altında yaşamaq fikirləri yoxdur. Xüsusən də abxazlar gürcülərə dərin nifrət hissi bəsləyir və İ.Kobaxidze bu nifrəti heçnə ilə aradan qaldıra bilməz.
İkincisi isə, Kremlin Abxaziya və Cənubi Osetiyanı Gürcüstana geri qaytarmaq kimi bir istəyi yoxdur. Hər halda Putin belə bir vəd verməyib. Ona görə də İrakli Kobaxidzenin “vəd edilmiş torpaqlar” arzusu elə “gürcü arzusu” olaraq da qalacaq, mifə çevriləcək.

Və nəhayət, ən önəmli məqam isə budur ki, Kreml vahid və güclü Gürcüstanın Avropa ailəsinin tam hüquqlu üzvü olmasına imkan verməyəcək. Kreml Tiflisdə yaşanan son iğtişaşları və siyasi qarşıdurmanı ona görə körükləmirdi ki, 2030-cu ildə Gürcüstan Rusiyanın nəzərindən sivişib Avropa İttifaqına üzv olsun. Putin Tiflisdəki gərginlikləri ona görə körükləyirdi ki, Gürcüstanın strateji yönünü dəyişdirsin və bu Cənubi Qafqaz ölkəsinin yaxın gələcəkdə MDB, KTMT, Avrasiya İqtisadi Birliyi kimi inteqrativ strukturlara üzvlüyünə nail olsun.

Əslində Kobaxidzenin özü də bütün bunları yaxşı bilir. Lakin o, hazırkı kritik məqamda özünü sözdə qərbyönümlü kimi göstərməyə məcburdur. Çünki hələlik əsas məsələ gürcü cəmiyyətini sakitləşdirməkdir.
Lakin sözügedən sakitlik və sabitlik də müvəqqəti olacaq. Çünki “Xarici agentlər haqqında” qanunun qəbul edilməsi hələ son deyil. Əksinə, bu, gələcək təlatümlərin “əlifba”sıdır. Bu qanun Gürcüstan üçün gec partlayan mina rolunu oynayacaq. Odur ki, Qərbin və Rusiyanın Gürcüstan uğrunda mübarizəsi bundan sonra daha kəskin və barışmaz xarakter alacaq.

Başqa sözlə desək, Gürcüstana sahiblənmək uğrunda əsl savaş hələ indi başlayır. Bunun üçün Rusiya və Qərb bütün resurslarını, vasitələrini işə salacaq. Ona görə də rusiyapərəstlər “Xarici agentlər haqqında” qanuna görə yaşanan siyasi çaxnaşmaların Kremlin istəyinə uyğun nəticə ilə bitməsinə sevinməyə tələsməsinlər.

P.S.
Gürcüstandakı mürəkkəb siyasi proseslərin bundan sonra hansı “ssenari” üzrə cərəyan etməsi Bakı və İrəvan tərəfindən də diqqətlə izləniləcək. Çünki Tiflisin seçimi hər iki Cənubi Qafqaz ölkəsi üçün də olduqca önəmlidir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »