Lüksemburq məhkəmə orqanının mayın 29-da internet saytında dərc olunmuş qərarına əsasən, 2023-cü ilin sentyabrında Avropa İttifaqının sanksiyalar siyahısından çıxarılan rusiyalı iş adamı Fərhad Əhmədov Aİ Şurasına qarşı məhkəmədə qalib gəlib.
İctimai Rəy Musavat.com-a istinadla xəbər verir ki, Aİ Şurasına Əhmədova qarşı 2022-ci il aprelin 8-dən tətbiq edilən məhdudiyyətlərlə bağlı bütün qərarları ləğv etmək tapşırılıb.
Məhkəmə həmçinin Avropa İttifaqı Şurasının öhdəsinə bu iş üzrə bütün məhkəmə xərclərini ödəməyi qoyub.
2023-cü ilin sentyabrında Avropa İttifaqı Şurası “Ozon”un keçmiş rəhbəri Aleksandr Şulqini, sahibkarlar Fərhad Əhmədovu və Qriqori Beryozkini, həmçinin mərhum polkovnik Georgi Şuvayevi şəxsi sanksiyalar siyahısından çıxarıb. Onların qara siyahıdan çıxarılmasının səbəbləri açıqlanmayıb.