“Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfrans işə başlayıb

0

Mayın 23-də Dövlət Turizm Agentliyi tərəfindən Atəşgah məbədində “Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfransa start verilib. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə birgə tərəfdaşlıq çərçivəsində təşkil olunan konfransın məqsədi arxeoloji turizm istiqamətində ən qabaqcıl təcrübələri öyrənmək və onların Azərbaycandakı abidələrdə tətbiq olunması yollarını müzakirə etməkdir.

Konfransda açılış nitqi ilə çıxış edən Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Azərbaycanda ilk dəfə bu mövzuda tədbirin keçirilməsinin həm turizm baxımından, həm də mədəni irsimizin, tariximizin təbliği baxımından çox əhəmiyyətli olduğunu bildirib.

Sədrin müavini A.Hüseynova Dövlət Turizm Agentliyinin dəstəyilə tarixi qoruqlarda aparılmış elmi tədqiqatlar və arxeoloji qazıntılar, üzə çıxarılan nadir tapıntılar haqqında danışıb. Konfransın Azərbaycanın irs abidələrinin turistik tətbiqi ilə bağlı faydalı fikir mübadiləsi aparılması, Azərbaycanın arxeoloji turizm potensialının tam reallaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olacağına inandığını bildirən Azadə Hüseynova konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda arxeoloji abidələrin, maddi mədəni irsin araşdırılmasına böyük diqqət və qayğı göstərildiyini qeyd edib. Ölkəmizdə aparılan geniş arxeoloji qazıntı işləri nəticəsində Azərbaycanın qədim tarixinə aid yüzlərlə abidələr və minlərlə maddi mədəniyyət nümunələri aşkar edildiyini, bu nümunələrin qorunduğunu bildirib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə paytaxtımızın tarixi mərkəzindəki qədim abidələrin, mədəni irsin qorunması istiqamətində tətbiq edilən yeni metodlar barədə məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva qonaqlara ölkəmizdə mövcud arxeoloji memarlıq abidələri və onların mühafizəsi, bərpası istiqamətində görülən işlər haqqında məlumat verib.

İstanbul Universitetinin Arxeologiya fakültəsinin professoru Mehmet Özdoğan bu beynəlxalq konfransın təcrübə və bilik mübadiləsi baxımından səmərəli olacağından əminliyini ifadə edərək, tədbirin təşkili ilə bağlı iştirakçılar adından təşəkkürünü çatdırıb.

Daha sonra Azərbaycanın arxeoloji irsinə həsr olunmuş qısa filmin nümayişi baş tutub.

Rəsmi açılış mərasimindən sonra konfrans işinə başlayıb. UNESCO yanında Mədəni İrsdə Arxeologiya Etikası və Praktikası üzrə sədri, Böyük Britaniyanın Arxeologiya departamentinə Beynəlxalq Mədəni İrsin İdarə Edilməsi üzrə MA Proqramının həmdirektoru Robin Coningham, ABŞ-ın “Colonial Williamsburg” fondunun tarixi araşdırmalar bölməsinin direktoru, EXARC (Arxeoloji Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası) sədri Dr. Peter Inker, Almaniyanın “Museumsdorf Düppel – Stiftung Stadtmuseum Berlin” orta əsrlər arxeoloji açıq səma muzeyinin kuratoru Dr. Julia Heeb fərqli mövzularda məruzələrlə çıxış ediblər.

Bundan əlavə, Azərbaycanın zəngin arxeoloji irsi və arxeoloji turizm perspektivlərinə həsr edilmiş sessiyada azərbaycanlı alimlər Qarabağda Pleistosen dövrünə aid olan arxeoloji abidələr, o cümlədən Azıx və Tağlar mağaraları, Füzuli rayonu ərazisində “Kurqanlar və nekropollar barədə təqdimatlar keçirilib.

Tədbirdə ABŞ, Böyük Britaniya, İtaliya, İsrail, Almaniya, Türkiyə və digər ölkələrdən 15-ə yaxın ekspert iştirak edir. Dünyanın aparıcı arxeoloji parklarının rəhbərləri və İCOMOS kimi beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı bu konfransda iki gün ərzində 20-dən artıq məruzə təqdim ediləcək.

Konfrans çərçivəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində açıq havada “Eksperimental arxeologiya” mövzusunda sərgi-ekspozisiya da təşkil olunub. Burada qoruğun ziyarətçiləri və turistlər Paleolit dövrünə aid çadırı seyr edərək, ibtidai insanların müxtəlif məşğuliyyətlərini əyani surətdə izləmək, daş, buynuz, ağac və s. materiallardan əmək alətlərinin hazırlanması, od əldə edilməsi yollarını təcrübədən keçirə biliblər. İştirakçılar həmçinin oxatma yarışlarında, divar rəsmlərinin çəkilməsində iştirak ediblər, dulusçuluq ustalarının işi ilə tanış olmaqla keramikadan müxtəlif əşyalar hazırlayıblar.

Qeyd edək ki, konfrans çərçivəsində tədbir iştirakçıları Qəbələ Arxeoloji Mərkəzini ziyarət ediblər, həmçinin Çuxur Qəbələ, Səlbir və Qala əraziləri ilə tanış olublar. SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri, Biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova qonaqları Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi barədə maraqlı faktlarla tanış edib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »