İlham Əliyev: Bugünki yüksək səviyyədə keçirilən görüş hər iki ölkə arasında dostluq münasibətlərinin əyani nümayişidir

0

Prezident İlham Əliyev cari ilin 16 may tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış edib. Hər iki ölkə rəhbərləri arasında müzakirə edilən məsələlərin kifayət qədər konkret xarakter daşıdığını deyən ölkəmizin başçısı, bildirib ki, ilk növbədə, sənaye kooperasiyası, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılması məsələləri müzakirə obyekti olub. İlk növbədə, maşınqayırma, həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələlərinin müzakirə edildiyini diqqətə çatdıran İlham Əliyev hər iki ölkə iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlərin geniş şəkildə müzakirə edildiyini bildirib. İşğaldan azad edilmiş ərazilərdə geniş bərpa işlərinin vüsət aldığını vurğulayan dövlətimizin başçısı, Belarus şirkətlərinin də bu prosesə fəal qoşulmağa dəvət edildiyini bildirib. Prezident əminliyini bildirib ki, ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər təbii olaraq bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər. Ölkəmizin başçısı bildirib ki, bugünki yüksək səviyyədə keçirilən görüş hər iki ölkə arasında dostluq münasibətlərinin əyani nümayişidir.

Xatırladaq ki, 16 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə aşağıdakı Azərbaycan-Belarus sənədləri imzalanıb;

«Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol»;

«Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol»;

«Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol»;

«Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı»;

«Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum»;

«Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu»;

«Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum»;

«Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu»;

«Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu».

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata verdiyi bəyanatında Azərbaycanın son illər böyük nailiyyətlər əldə etdiyini bildirib. Azərbaycanın əsas probleminin, uzun müddət səhraya çevrilmiş torpaqlarının qaytarılmasını təqdir edən Belarus prezident deyib ki, Azərbaycanın öz torpaqlarını azad etməsi və onu dirçəltməyi əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq.

Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlərin olduğunu bildirən qonaq xüsusi vurğulayıb ki, Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur: «Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik».

Azərbaycanın müharibədən sonrakı quruculuğu ilə bağlı təcrübəsinin Belarusiya üçün də çox vacib məqam olduğunu deyən Aleksandr Lukaşenko, səmimi və isti münasibətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »