Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA

0

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov cinayət törətməkdə şübhəli bilinən 55 nömrəli məktəbin direktor müavini Elsevər İslamovla bağlı məsələyə aydınlıq gətirib.

İctimai Rəy Trend-ə istinadən bildirir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Düşünürəm bu məsələdə hələ tələsməyək, hüquq-mühafizə orqanlarının araşdırmasının nəticəsini gözləyək. Bu şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Ümid edirəm ki, ədalətli qərar olacaq”, – deyə o qeyd edib.

E.Bağırov əlavə edib ki, E.İslamov uzun müddətdir direktorun təsərrüfat işləri üzrə müavini kimi fəaliyyət göstərir, pedaqoji fəaliyyətlə məşğul olmayıb.

Qeyd edək ki, cari il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub. Məlumat əsasında Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »