Kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi təqdim olundu

0

Bu gün biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda “Biznesin müflisləşməsi” sahəsi üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin və yeni təşəbbüslərin təqdimatı keçirilib.

Tədbirdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və nazirlik yanında Dövlət Vergi Xidməti, Mərkəzi Bankın təmsilçiləri, işçi qrupunun rəhbəri və digər üzvləri, Dünya Bankı tərəfindən cəlb olunmuş ekspertlər iştirak ediblər.

Tədbirdə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və “Biznesin müflisləşməsi” işçi qrupunun rəhbəri Ramin Qaraqurbanlı açılış nitqləri ilə çıxış edib, biznesin müflisləşməsi sahəsində ən son islahatlar barədə məlumat veriblər.

R.Qaraqurbanlı bildirib ki, müzakirələr zamanı belə bir yekdil yanaşma nümayiş olunub ki, qanunvericilik müasir dövrün çağırışları tam əhatə etmədiyinə görə yeni qanun layihəsinin hazırlanmalıdır. “Burada təkcə müflisləşmə deyil, sağlamlaşdırma sahəsində də tədbirlərin görülməsinə istiqamət götürülüb. Bizim ekspertlərimzin də verdiyi tövsiyələrdən ən vacibi o idi ki, qanunun adı dəyişdilməlidir və qanunda birbaşa dövlətin bu sahədə olan prioritet istiqaməti öz əksini tapmalıdır. Çünki bu gün dövlətimiz təkcə müflisləşmə sahəsini tənzimləmir, eyni zamanda biznes subyektlərinin sağlamlaşmasına lazımi şərait yaradır”, – deyə o qeyd edib.

Daha sonra tədbirdə “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin ümumi təqdimatı keçirilib.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdir müavini Nuranə Abbasova “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun, həmin qanunun biznes mühitinə müsbət təsiri barədə çıxışında bildirib ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununda qiymətləndirmə fəaliyyətinin özünə intellektuallıq və peşəkarlıq tələb edən fəaliyyət növü kimi baxılması bu sahənin inkişaf etdirilməsinə və sağlam rəqabətin yaranmasına təkan verəcəkdir.

Eyni zamanda qanunun tətbiqi nəticəsində qiymətləndirmə prosesləri zamanı obyektin dəyərinin onun qiymətində real və düzgün əks etdirilməsi ilə tərəflər arasında mübahisəli hallar minimuma enəcək, müvafiq əməliyyatlarla bağlı sahibkarların əlavə vaxt itkisi aradan qalxacaqdır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »