Bu ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin vaxtının önə çəkilməsi ilə bağlı fikirlər səslənir. Bakıda keçiriləcək COP29 tədbirlərinin məhz noyabr ayına təsadüf etməsi ilə parlament seçkilərinin vaxtının bir qədər önə çəkiləcəyi iddia edilir. Qanunvericiliyə görə, seçkilərin təyin edilmiş vaxtdan gec keçirilməsi qadağandır. Amma vaxtın önə çəkilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur.
İctimai Rəy Teleqraf.com-a istinadən xəbər verir ki, artıq növbədənkənar parlament seçkilərinə qatılmaq iddiasında olanlar mövqelərini ortaya qoyur.
ReAl Partiyasının sədri İlqar Məmmədov avqust-sentyabr aylarında keçirilməsi planlaşdırılan parlament seçkilərində iştirakı barədə danışıb. Partiya sədri növbədənkənar parlament seçkilərində iştirakla bağlı xeyli təhlillər apardığını bildirib.
İlqar Məmmədov apardıqları sorğu nəticəsində 22 saylı Nəsimi ikinci seçki dairəsində özləri üçün üstünlük gördüyünü deyib. “ReAl Siyasi Komitəsi belə tövsiyə elədi ki, 22 saylı Nəsimi ikinci seçki dairəsi resurslarımızın idarə olunması baxımından ən düzgün variantdır”.
Hazırda həmin dairəni Milli Məclisdə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə təmsil edib. Seçkilərin keçirilmə tarixinin önə çəkilməsi, seçildiyi dairədə rəqibin kimliyi ilə bağlı suala cavab verməyən deputat Asim Mollazadə Mərkəzi Seçki Komissiyasının rəsmi mövqeyini gözləməyi tövsiyə etdi: “Bu barədə danışmağa ehtiyac görmürəm. Çox güman ki, yaxın müddətdə hər şey aydınlaşacaq. Ona görə də, rəsmi məlumatları gözləmək lazımdır”.