Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 101-ci doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib. Paytaxt məktəbliləri arasında keçirilən və ənənəvi hal almış bu konfransda Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və aparatın əməkdaşları, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov konfrans iştirakçılarını salamlayaraq bildirdi ki, xalqımız yalnız bu gün öz cox minliik tarixinin ən layiqli günlərini yaşayır. Bu da Prezidentimiz cənab İlham Əliyevin siyasətinin və şəxsiyyət faktorunun nəticəsidir.
Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən konfranslarda şagirdlər Azərbaycan tarixinin ən qədim zamanlarından günümüzə qədər olan dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Builki müsabiqədə həm də 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərə, ötən ilki antirerror tədbirlərinə, Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə Azərbaycanın Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində keçirilən hərbi parada həsr edilən mövzulara da xüsusi yer verilib.
Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib. Konfransda qeyd olunub ki, məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə marağı artıran bu müsabiqə ənənəvi xarakter daşıyır və hər il minlərlə məktəbli bu müsabiqədə iştirak edir. Builki müsabiqədə Bakı şəhərinin 300-dən artıq məktəbi və 2700 nəfərdən artıq şagirdi öz referatları ilə iştirak edib. Referatların 60-ı komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcəkdir.