Ukrayna Kəşfiyyat İdarəsinin müavini: “Uçurumun astanasındayıq”

0

Rusiya Donbasdan sonra Sumi və Xarkov vilayətlərinə hücum etməyi planlaşdırır; Makron Ukrayna müraciət edəcəyi təqdirdə qoşun göndərməyi istisna etmir

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini general-mayor Vadim Skibitski “The Economist”ə müsahibəsində Ukraynanın uçurumun astanasında olduğunu deyib. Musavat.com xəbər verir ki, müsahibənin əsas tezislərini belə ümumiləşdirmək olar: Kiyevin müharibədə təkbaşına qalib gəlməsi üçün faktiki heç bir imkanı yoxdur. Ukrayna ordusu rusları sərhədlərə qədər sıxışdıra bilsə belə, bu, münaqişəyə son qoymayacaqdı.

Skibitskinin sözlərinə görə, belə qarşıdurmalar yalnız danışıqlarla yekunlaşır və hazırda həm Kiyev, həm də Kreml sülh masası qurulmazdan əvvəl cəbhədə daha sərfəli mövqelər uğrunda mübarizə aparır. Bununla belə general hesab edir ki, konstruktiv sülh danışıqları payızdan tez başlaya bilməz.

ukrayna.jpg (100 KB)

Skibitskinin sözlərinə görə, Ukraynada vəziyyət xüsusi əməliyyatın ilk günlərindən indiyə qədər olmadığı qədər ağırdır və sürətlə pisləşir. Çasov Yarın süqutu da Avdeyevka kimi zaman məsələsidir.

Kiyev cəbhədə vəziyyəti sabitləşdirə bilmir; Rusiya ordusu isə irəliləməyə davam edir. Onun fikrincə, Rusiya Silahlı Qüvvələri Donbasdan sonra Sumi və Xarkov vilayətlərinə hücum etməyi planlaşdırır. Skibitski əmindir ki, əsas rus hücumları mayın sonunda və ya yayın əvvəlində başlayacaq.

“Bu gün Rusiya ordusu artıq 2022-ci ildə olduğu kimi dağınıq deyil, Ukraynadakı qrupu isə 514 min nəfərdir”- Ukrayna Baş Kəşfiyyat İdarəsinin generalı bildirib.

Rusiyanın Pravda.ru nəşri yazır ki, böyük ehtimalla, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavininin açıqlamaları Kiyevin Qərb tərəfdaşlarına və ümumilikdə xarici auditoriyaya yönəlib. Müsahibə Ukraynaya yardımın çatdırılmasında gecikmələr və digər problemlərin işıqlandırılması fonunda baş verir.

Bu arada Fransa prezidenti Emmanuel Makron da “The Economist”ə deyib ki, Rusiya işğalçı ordusu cəbhə xəttini yarıb keçərsə, Ukraynaya quru qoşunları göndərməyi nəzərdən keçirəcəklər. Makron müsahibəsində, Ukrayna müraciət edəcəyi təqdirdə, oraya qoşun göndərməyi istisna etmədiyini deyib: “Fransa hərbi müdaxilələr həyata keçirmiş ölkədir. Bizə təhlükə yarada biləcək terrorla mübarizə üçün Saheldə(Afrika) bir neçə min əsgər yerləşdirdik. Biz bunu suveren dövlətlərin tələbi ilə etmişik. Əgər ruslar cəbhə xəttini yarsalar, əgər Ukraynadan müraciət olsa, hansı ki, bu gün belə deyil, biz qanuni olaraq özümüzə bu sualı verməli olardıq”.

rusiya-donbas-ordu.jpg (42 KB)

Onun sözlərinə görə, Rusiya daha da irəli getmək qərarına gəlsə, bütün Avropa liderləri bu sualı özlərinə verməli olacaqlar: “Düşünürəm ki, bunu istisna etmək, son iki ilin nəticələrindən dərs çıxarmamaq demək olardı. 2022-ci ilin yayında NATO sammitində hamımız tankların, uzaqmənzilli raketlərin, təyyarələrin tədarükünü istisna etmişdik. İndi isə biz hamımız bu prosesin içindəyik, ona görə də qalanları da istisna etmək düzgün olmazdı”.

Fransa lideri Moskvanın onun bəyanatlarına reaksiyasına da toxunub: “Rusiyanın mənim sözlərimə aqressiv reaksiyası göstərir ki, bu, istənilən effekti verib. Düşünməsinlər ki, onlar dayanmasa, biz dayanacağıq”.

Makronun sözlərinə görə, Avropa İttifaqına üzv bir çox ölkə Ukraynaya qoşun göndərmək ideyasını təsdiqləyib. O qeyd edib ki, bir çox ölkə Fransanın bu məsələdə yanaşmasını başa düşür və düzgün hesab edir.

Qeyd edək ki, bundan öncə də Makron dəfələrlə bildirib ki, ehtiyac yaranarsa, NATO-ya üzv ölkələr Ukraynaya qoşun göndərməyi istisna etməməlidir. Çoxlu sayda NATO ölkəsi buna hazır olmadıqlarını desə də, Fransa başçısı eyni fikri təkrarlamaqda davam edir.(musavat.com)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »