Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir.
İctimai Rəy DİN-ə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Neftçala rayonunda keçirilən növbəti tədbir zamanı balıqçılıq fəaliyyəti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş rayon sakini Sadiq Ələkbərov saxlanılıb.
Onun üzərindən və yaşadığı evin yaxınlığındakı narkotikləri gizlətmək üçün xüsusi olaraq hazırlanmış yarımtikilidən 87 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, S.Ələkbərov “Səid” adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini təşkil edib və marixuananı Neftçala rayonunda dəniz kənarında əldə edib. O, maddi qazanc əldə etmək məqsədi ilə həmin narkotikləri ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.