İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı neokolonializmə növbəti dəfə ağır zərbə vurdu
Birinci Dünya müharibəsindən tam bir əsr keçəndən sonra bəşəriyyət yenidən “olum, ya ölüm” sualı ilə qarşılaşıb. Biz sərhədləri aşan, məfkurələri keçən dərin çağırışlarla və fürsətlərlə səciyyələnən təlatümlü qlobal proseslərin şahidləriyik. Bəşəriyyət iqlim dəyişmələri, su qıtlığı, pandemiya, terrorçuluq, irqçilik və ksenofobiya, neokolonializm, kiber təhlükələr və geosiyasi gərginlik kimi mürəkkəb məsələlərlə üzləşməkdədir. Əlbəttə ki, biz bu problemləri, münaqişələri həll etməli və dayanıqlı sülhü qurmalıyıq. Fərqli mədəniyyətlər, müxtəlif dinlər və baxışlar arasında körpülər yaratmaq, gərginliyi və qarşıdurmanı azaltmaq, ayırıcı xətləri aradan qaldırmaq, dialoq və həmrəylik mühitini formalaşdırmaq bu gün dövlətlərin və liderlərin ən ümdə vəzifəsidir. Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan və onun lideri bu vəzifənin öhdəsindən layiqincə gəlir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə başlanmış, aparıcı beynəlxalq təşkilatların dəstəklədiyi “Bakı Prosesi” və artıq ənənəvi hal almış Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın mədəniyyətlərarası dialoqa və sülhə töhfə verməsi istiqamətindəki fəallığını göstərir.
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da “Bakı Prosesi”nin bir hissəsi, bir parçası olaraq öz növbəsində mədəniyyətlərarası dialoqu qlobal şəkildə təşviq etməyə hesablanıb. Belə ki, bu forum fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirir, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaradacaq. Çünki Forumda da qeyd edildiyi kimi 2024-cü ildə dünyamız daha çox əlaqəli görünsə də, lakin heç vaxt olmadığı qədər parçalanmış vəziyyətdə, qarşıdurma şəraitində qalır. Ona görə də bu gün “Bakı Prosesi” kimi qlobal təşəbbüslərə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi platformalara hava-su kimi ehtiyac var. Bu təşəbbüs və platformalar bütün qlobal çağırışlar və təhdidlər qarşısında bizim bir araya gəlmək, parçalanmanı dəf etmək və daha parlaq ümumi gələcəyə doğru yol açmağımız üçün nadir fürsətlər yaradır.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bizə gələcəyimizi öz əllərimizdə saxlamaq və dünyanın gələcəyinə təsir etmək fürsəti verir. Forumun əsas məqsədi dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirmək, beynəlxalq birlik üçün yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır. Bütün bunlar təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq. Bakı COP29 Sammitinə ev sahibliyi edəcəyi, iqlim dəyişmələrinin yaratdığı çətinliyi aradan qaldırmaq üçün dövlətləri və millətləri bir araya gətirəcəyi bir vaxtda, həmçinin mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etməklə daha sabit və xoşgörülü bir dünyanı formalaşdırmaq istəyir. Azərbaycan sülh, qarşılıqlı hörmət və anlaşma dünyasının yaradılmasına çalışır. Bu, bizim meqa-hədəflərimizdən biridir və hədəfi gerçəkləşdirməyin yolu ümumi səylər, baxışlar və biliklər ilə töhfə verməkdən keçir. Bunun üçün isə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ən əlverişli platforma kimi diqqəti cəlb edir.
Mayın 1-də Bakı Konqres Mərkəzində keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib. Təsadüfi deyil ki, hazırda Azərbaycan lideri mədəniyyətlərarası dialoqun və multikulturalizmin qlobal carçısı kimi tanınır. Məlumdur ki, 2008-ci ildə Prezident İlham Əliyev müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın gücləndirilməsi üçün xüsusi təşəbbüslə çıxış edərək “Bakı Prosesi” çağırışını irəli sürüb. Bu çağırış, bu yanaşma sərhədləri aşaraq və parçalanmanı aradan qaldıraraq dünya xalqları arasında, ayrı-ayrı ölkələr arasında daha dərin anlaşma və həmrəyliyə, qarşılıqlı hörmətə yol açıb. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünyanın 110 ölkəsindən nümayəndə heyətinin iştirak etməsi də bu gerçəyi təsdiqləyir. Elə Prezident İlham Əliyev də Forumdakı çıxışında bu faktı vurğulayaraq qeyd etdi ki, bu, sözün əsl mənasında göstərir ki, Forum həqiqətən də çox mühüm, nüfuzlu beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Sürətli qloballaşma və texnologiyaların inkişafı bizdən mədəniyyətlərarası, dinlərarası dialoq üçün yeni yanaşmalar tələb edir. Bu istiqamətdə yeni yolların axtarılması hamımız üçün faydalı olar. Bu baxımdan dialoq platformaları qarşımızda geniş əməkdaşlıq imkanları açır. Bu görüşlər daha inklüziv cəmiyyətlərin formalaşdırılmasında yeni layihələri müzakirə etmək və həyata keçirmək üçün əvəzsiz fürsətlər yaradır.
“Bakı prosesi”nin müsbət nəticələri dövlət başçımızın da çıxışında qeyd olundu. Biz bu gün əminliklə deyə bilərik ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu uğurla təşviq edir. Belə ki, Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Bir tərəfdən tarixi-təbii şərtlər, digər tərəfdən isə dövlətimizin yürütdüyü dialoq və əməkdaşlıq siyasəti Azərbaycanı qlobal dialoq üçün əlverişli məkana çevirib. Dövlət başçımızın da Forumdakı çıxışında vurğuladığı kimi, “əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub”.
Yeri gəlmişkən, bütün bunlar həm də bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirir. Bu dəyərlərin mövcud olmadığı toplum və dövlətlər inkişaf edə və qalıcı sabitliyə nail ola bilməz. Sevindirici haldır ki, bu gün bizim cəmiyyətimiz əsrlər boyu formalaşmış məhz bu dəyərləri rəhbər tutur. Öna görə də ölkəmiz qarşılıqlı anlayış, sülh, dostluq və həmrəylik, tolerantlıq və multikulturalizm şəraitində birlikdə yaşayan müxtəlif etnik və dini qrupların ümumi evinə çevrilib. Məlum məsələdir ki, bu gün hər dövlətin öz milli təhlükəsizlik doktrinaları və mədəni müxtəlifliyin qorunması ilə bağlı milli strategiyaları var. Azərbaycanın milli strategiyası isə ilk növbədə məhz multikulturalizm anlayışına söykənir. Belə ki, dövlətimizin əsas hədəflərindən biri bütün dini konfessiyaların və milli azlıqların nümayəndələrinin özlərini Azərbaycanda rahat, bərabər hiss etməsidir. Bunu həmçinin Azərbaycan Prezidentinin bütün konfessiyalara və milli azlıqlara eyni dərəcədə səmimi və xoşgörülü münasibət bəsləməsindən də görmək olar. Cənab Prezidentimiz icmalar, konfessiyalar arasında ayrı-seçkiliyə yol vermir, heç bir konfessiyanı, milli icmanı digərindən ayırmır.
Dövlət başçımız hər zaman qeyd edir ki, multikulturalizm xalqımızın və ölkəmizin həyat tərzidir: “Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda – toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik”.
Forumdakı çıxışının bu hissəsində dövlət başçımız hamının diqqətini Azərbaycanın keşməkeşli vaxtlarda, toqquşmalar, münaqişələr, müharibələr, müasir səlib yürüşləri və neokolonializmin sərhədlərimizəcən gəlib çatdığı kritik məqamlarda cəmiyyətdə hökm sürən dostluq və həmrəylik, tolerantlıq və multikulturalizm mühitini necə qoruyub saxlamağımıza yönəltdi və bildirdi ki, biz bu təcrübəmizi dostlarımızla da bölüşmək istərdik: “Əslində, bütün bu hadisələr bizim sərhədlərimizə çox yaxın bir məsafədə baş verir və həmçinin əvvəllər bir neçə il ərzində Azərbaycan daxilində də olub. Bu, elə bir məsələdir ki, biz onları dostlarımızla bölüşmək istərdik. Həmçinin öz əminliyimizi nümayiş etdiririk ki, biz bu yolda addımlarımızı davam edəcəyik. Əminəm ki, bununla hər bir ölkə uğur qazana bilər. Çünki əgər siz birincisi, bu məsələləri daxilən nəzərdən keçirsəniz, elə bir mühit yaranar ki, bütün etnik qrupların, dinlərin nümayəndələri özlərini ləyaqətli, təhlükəsiz şəraitdə hiss edərlər və onlara münasibət ədalətli olar. Əgər belə olmasa, bu, yalnız ayrı-seçkiliyə, etimadın çatışmazlığına aparıb çıxarar və sonda bu, sosial və bir çox hallarda siyasi çətinliklərlə nəticələnər. Bu, ölkə daxilində parçalanmaya səbəb olar”.
Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Azərbaycan da daxili parçalanma, vətəndaş müharibəsi təhdidləri ilə, etnik-separatçı tendensiyalarla qarşılaşmışdı. Həmin vaxt bir yandan torpaqlarımız Ermənistan tərəfindən işğal olunmaqda idi, digər tərəfdən isə ölkədə dərin iqtisadi-sosial böhran hökm sürürdü. Və üstəgəl, Azərbaycanı milli-etnik zəmində, sərt separatçılıq müstəvisində parçalamaq cəhdləri var idi. Lakin Prezidentimizin də qeyd etdiyi kimi biz bu vəziyyətdən çıxa bildik. Bütün bunlar Azərbaycan xalqının həmrəyliyini, birliyini sınağa çəkdi. Lakin yuxarıda qeyd etdiyimiz dəyərlərimiz, ənənələrimiz bizə bu sınaqlardan üzüağ çıxmağımızda kömək etdi. Hazırda dünyanın bir çox ölkələrində dini və etnik müxtəlifliklər yanlış siyasətlər üzündən daxili sabitlik üçün açıq təhdid amilinə çevrilir. Fransa kimi ölkələr isə bunu süni surətdə dinlə əlaqələndirərək qeyri-xristian inanclı kəsimlərə (xüsusən də müsəlmanlara) qarşı dözümsüzlük nümayiş etdirirlər. Lakin Azərbaycan dövləti isə dünyada və bölgəmizdə hökm sürən hazırkı mürəkkəb şəraitdə tolerantlıq və qarşılıqlı hörməti, bərabərlik və həmrəyliyi milli birliyimiz üçün uğurun əsas şərtinə çevirməyi bacarıb. Azərbaycanın bu təcrübəsi qlobal müstəvidə ehtiyac duyulan bir reallıqdır. Bu mənada bu gün etnik qarşıdurmalar, dini ziddiyyətlər, separatçılıq halları ilə üzləşən ölkələr üçün Azərbaycanın təcrübəsi həqiqətən də unikaldır.
Bu çağırışların, bu təhdidlərin getdikcə daha da artması fonunda dini liderlərin, dini konfessiyaların rolu da şübhəsiz ki, xüsusi əhəmiyyət kəsb edir. Onlar sülh elçiləri kimi öz ictimai nüfuzları ilə, sülhyaradıcı təşəbbüsləri ilə ölkələr və xalqlar arasında ədavəti qızışdıranların, terrorçuların və radikal fanatiklərin qarşısından sədd çəkə bilərlər. Dini liderlər həmçinin qarşılıqlı anlaşmanın və hörmətin gücləndirilməsinə, mədəniyyətlərarası dialoqa, dinlərarası dialoqa böyük töhfə verə bilərlər. Hərçənd ki, biz bunu Ermənistanın dini liderlərinin timsalında heç vaxt müşahidə etməmişik. Erməni katolikosları istər 30 illik işğal dönəmində, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı postmüharibə dövründə hər daim qızışdırıcı mövqedən çıxış edərək erməni ictimaiyyətini türkəfobiyaya, milli və dini ədavətə, Azərbaycana qarşı nifrətə kökləməyə səy göstəriblər. Lakin Azərbaycan bu acı təcrübəni də bütün dünyanın diqqətinə çatdırmaqla davamlı olaraq hamını mədəniyyətlərarası dialoqa, dinlərarası dialoqa dəvət edir və davakar erməni kilsəsinin timsalında milli-dini zəmində qızışdırıcı fəaliyyətlərin xalqlar arasında necə ağır faciələrə gətirib çıxardığını göstərmək istəyir. Azərbaycanın bu addımı həqiqətən də təqdirə layiqdir.
Bu kontekstdə Azərbaycanın dini ədavətə, qızışdırıcılığa “YOX!” deməsi və mədəniyyətlərarası, dinlərarası dialoqu güclü şəkildə təşviq etməsi region ölkələri üçün də, digər qitələrin təmsilçiləri üçün də yaxşı nümunə ola bilər. Prezidentimizin də bəyan etdiyi kimi bizim ölkəmizdə bu istiqamətdə çoxsaylı tədbirlər təşkil edilir: “Bunlar dinlərarası dialoqla bağlıdır. Müzakirələrin bir hissəsi olaraq məhz bunu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində həyata keçiririk və digər tədbirlərdə bu məsələyə toxunuruq. Bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaqdır. Bu dialoq məsələsi orada da müzakirə olunacaqdır. Əminəm ki, bütün dünyadan gələn bu sahə üzrə rəhbərlər bu gün Bakıda həmrəylik nümayiş etdirəcəklər və liderlik göstərəcəklər. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdən sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər. Bunlar çox vacib amillərdir. Əfsuslar olsun ki, biz bəzi hallarda fərqli mesajları da eşidirik və bu da əlavə gərginlik yaradır. Bir sözlə, düşünürəm ki, bu istiqamətdə müsbət tendensiyalar güclü şəkildə dəstəklənməlidir”.
Azərbaycan həmçinin 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına (QH) rəhbərlik etdiyi dönəmdə çoxtərəfliliyə sadiqlik göstərməklə, çoxtərəflilik dəyərlərini fəal şəkildə təşviq etməklə və QH-nın təsisatlanması seqmentinin gücləndirilməsinə çalışmaqla da mədəniyyətlərarası, dinlərarası dialoqa mühüm töhfə verib və eyni zamanda məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaq kimi Hərəkatın vacib təməl dəyərlərinə beynəlxalq birlik tərəfindən, böyük güclər tərəfindən hörmətlə yanaşılmasına nail olmaq üçün bütün imkanlarından istifadə edib. Açıq etiraf olunmalıdır ki, məhz Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başlayandan sonra, ətalət və durğunluq dövrünü yaşayan bu Hərəkatın fəaliyyətində ciddi dönüş yaratmaqla mövcud dünya nizamına ciddi şəkildə təsir göstərməyə başladı.
Dövlət başçımız Forumdakı nitqində Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğuladı. Çünki bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və bu gün həmin ölkələrin səsi mütləq dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz. Bəzi ölkələr isə COVID-19 pandemiyası dönəmində böyük ölkələrin “peyvənd millətçiliyi”nə məruz qalaraq peyvəndlərə çıxış əldə edə bilmədilər. Bu kimi halların gələcəkdə də təkrarlanmaması üçün Qoşulmama Hərəkatının təşkilatlanması prosesi mütləq davam etdirilməlidir. Və bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi zamanı peyvənd milliyyətçiliyinə qarşı apardığı mübarizə də hər kəsə örnək olmalıdır.
İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı həmçinin neokolonializmə növbəti dəfə ağır zərbə vurdu. Belə ki, dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi hər zaman yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmasını təşviq edirdi: “Hərəkatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması o deməkdir ki, biz buna inanırıq. Çünki biz ədalət naminə danışırıq, çünki biz beynəlxalq hüquq naminə danışırıq. Yəni, biz belə bir məsələyə imkan verə bilmərik ki, indi – XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır”.
Bakıdakı Forumun kürsüsündən səsləndirilən bu çağırışların əks-sədası yəqin ki, Avropanın 1 nömrəli neokolonialist ölkəsi sayılan Fransaya da gedib çatacaq. Makron Fransası səmimi olmalı və İlham Əliyevin haqlı iradlarından düzgün nəticə çıxarmalıdır. Bu gün Yelisey Sarayında oturanlar siyasi korluqdan və təkəbbürdən əl çəkib öz səhvlərini etiraf etməli və yeni müstəmləkəçiliyə son qoymalıdırlar. Onlar anlamalıdırlar ki, XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə gözüylə yanaşması həqiqətən də rüsvayçılıqdır və yolverilməzdir. Bu mənada Azərbaycan Prezidentinin Fransaya üzünü tutaraq, “əgər siz insanlara xoş olan tolerantlıqdan, demokratiyadan, insan hüquqlarından danışıb, amma digər tərəfdən, dənizaşırında olan 10-dan artıq ərazidə bunun əksini edirsinizsə, bu, riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil” ittihamını səsləndirməsi tam da yerinə düşür. Bakıdan səslənən bu bəyanat Fransanın yeni müstəmləkəçilik siyasətinin açıq şəkildə ifşasıdır. Bu mənada Azərbaycan liderinin çıxışından sonra rəsmi Parisin Dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı tətbiq etdiyi diskriminasiyalar və məhdudiyyətlərə, habelə Korsikada milli dilin qadağan olunması kimi neqativ hallara son qoyacağına ümid edirik.
Prezidentin çıxışında Fransa ilə bərabər, yeni müstəmləkə tendensiyalarının yenə də davam etməsinə göz yuman, səssiz qalan Avropa Parlamenti və AŞPA kimi qurumların da ünvanına haqlı iradlar, qınaqlar səsləndirildi. Çünki bu qurumlar Fransa kimi ölkələrin hegemon, neokolonialist siyasət yürütməsini görməzdən gəlir, onlara qarşı sanksiyalar tətbiq etmirlər. Lakin sözügedən qurumlardan fərqli olaraq Azərbaycan istər Qoşulmama Hərəkatının sədri olduğu dönəmdə, istərsə də cari siyasətində hər zaman neokolonializmə qarşı açıq çıxış edib. Çünki dövlətimizin başçısının da qeyd etdiyi kimi “biz burada ikiüzlü ola bilmərik, ikili standartları tətbiq edə bilmərik. Yaxud da ki, əgər görürüksə ikili standartlar nümayiş etdirilir, biz buna göz yuma bilmərik”.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəkı çıxışında Prezident İlham Əliyev başqa bir önəmli məqama da toxundu. O, qeyd etdi ki, Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür. Heç şübhəsiz ki, burada söhbət məcazi anlamda körpülərin – sivilizasiyalararası, ölkələrarası, mədəniyyətlərarası körpülərin salınmasından gedir. Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə kimi bu mühüm missiyanın da öhdəsindən gələcək. Düzdür, COP28-dən fərqli olaraq COP29-un əsas mövzusu maliyyə məsələsi olacaq. Lakin bununla bərabər, Prezident İlham Əliyev birmənalı olaraq vurğuladı ki, bizə həmrəylik və qarşılıqlı etimad da lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək. Biz həmçinin Qərb ilə Qlobal Cənub arasında da körpü qura, həmrəyliyə nail ola bilərik. Dövlət başçımız öz çıxışında bu məqamı da xüsusi olaraq vurğuladı.
Çıxışının yekununda isə dövlət başçımız Ermənistan-Azərbaycan sülh gündəliyinə, işğal dövrünün acı nəticələrinə və münaqişədən sonrakı vəziyyətlə bağlı olan məsələlərə toxundu və bildirdi ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi, 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsi azad edildi. Lakin ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra isə Ermənistanın dırnaqarası “qarantor”ları tərəfindən siyasi hücumlara məruz qaldıq. Amma buna baxmayaraq, biz yenə sülh təklif etdik və hazırda real sülhə doğru gedirik. Artıq iki ölkə arasında sərhədlərin delimitasiyası da başlayıb. Prezident Forum iştirakçılarının nəzərinə çatdırdı ki, bütün bunlara iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub, bu isə bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil: “Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik”.
İlham Əliyevin bu açıqlaması bütün psevdo-mediatorlara, mənfəətçi moderatorlara, yalançı vasitəçilərə ünvanlanmış mesajdır. Ümid edirik ki, bu mesajı İrəvanda da düzgün anlayacaqlar. Çünki 30 illik toqquşmadan sonra artıq Ermənistan rəhbərliyi də aydın şəkildə görür ki, Cənubi Qafqazda sülh yalnız Azərbaycanla Ermənistan arasında qarşılıqlı anlayış və dialoq vasitəsilə həll oluna bilər. Ermənistanın dırnaqarası “qarantor”ları, havadarları isə bu prosesi bütün vasitələrlə əngəlləməyə çalışırlar. Ancaq bütün əngəllərə rəğmən sülhlə bağlı son sözü Azərbaycan deyəcək. Çünki ikili standartlar siyasəti yürüdən bəzi ölkələrdən fərqli olaraq Azərbaycan bölgədə və dünyada real sülhü təşviq edir.
Azərbaycanın dünya miqyasında gördüyü işləri yüksək qiymətləndirən və hazırkı Forumun çox mürəkkəb bir dövrdə keçirildiyini diqqətə çatdıran əlcəzairli qonaq – Əlcəzair Milli Şurasının sədri Ali Talibi Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında səsləndirdiyi kimi “Bakı Prosesi” beynəlxalq təhlükəsizliyə və sülhə böyük töhfələr verir. Bu da “Bakı Prosesi” təşəbbüsünü irəli sürən Azərbaycan Prezidentinin zamanın tələblərinə və çağırışlarına uyğun çevik və uğurlu siyasət yürütdüyünü təsdiqləyir. Biz qlobal miqyasda dialoq və əməkdaşlıq körpüsü qurmaq missiyasını daşıyan ölkəyik. Çünki təcrübə də göstərir ki, dünyanın humanitar təşəbbüslər mərkəzlərindən biri olan Azərbaycanın irəli sürdüyü qlobal ideyalar nəinki bizim, eləcə də bütün bəşəriyyətin mənafelərinə xidmət edir. Azərbaycan Prezidentinin Forumda dünya birliyinə çatdırmaq istədiyi əsas mesaaj da bu idi ki, qlobal geosiyasi təlatümlərin yaşandığı hazırkı məqamda dünyanın dialoqa və həmrəyliyə daha çox ehtiyacı var.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri