Ermənistan ordusunun Azərbaycanla sərhəddə aktivləşməsi ABŞ və Aİ (Fransa) tərəfindən öncədən cızılmış məkrli “ssenari”nin tərkib hissəsidir

0

Azərbaycanın parlaq qələbəsi ilə bitmiş şanlı Aprel döyüşlərinin 8-ci ildönümündə Ermənistan yeni Aprel müharibəsinə başlamaq istəyən tərəf kimi çıxış edir. Bəli, Cənubi Qafqazda yenidən savaş qoxusu gəlir, eskalasiya riski gün-gündən artır. Yeni Aprel müharibəsi gerçəkdən də başlaya bilər. Maraqlıdır ki, eskalasiya təhlükəsi məhz ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin “Azərbaycan-Ermənistan sərhədində eskalasiya heç kimin marağında deyil” açıqlaması ilə çıxış etməsi fonunda və Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvlərinin gözləri önündə artır. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqelərinin aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulması da bu gerçəkliyi təsdiqləyir.

Lakin Naxçıvan istiqamətində silahların işə düşməsi, Ermənistanın Naxçıvan istiqamətində təxribatlar törətməsi, bundan əvvəl isə rəsmi İrəvanın sözügedən istiqamətə qoşun, hərbi texnika yığması barədə görüntülərin yayılması nə ABŞ-ı, nədəki Aİ-nin əsas “dirijor”u olan Fransanı narahat edir. ABŞ Dövlət Departamentindən və Yelisey Sarayından Ermənistanın təxribatına heç bir reaksiya yoxdur. Onlar bu təxribatı qəsdən görməzdən gəlir, mövqe bildirməkdən yayınırlar. Bu da bir daha onu göstərir ki, Ermənistan ordusunun son günlər Azərbaycanla sərhəddə aktivləşməsi məhz ABŞ və Aİ (Fransa) tərəfindən öncədən cızılmış məkrli “ssenari”nin tərkib hissəsidir və məqsəd də aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan qalmaqallı görüşdə regionda dəngələri dəyişəcək, tarazlığı pozacaq həlledici qərarlar qəbul etməkdir.

İrəvanın yeni havadarları Ermənistan üzərindən regionda sabitliyi pozmaq və Azərbaycanı təxribata çəkməklə Cənubi Qafqaza girməyi, burada geosiyasi üstünlüyü ələ almağı hədəfləyirlər. Qərb açıq-aşkar Ermənistanı silahlandırmaq və ondan region ölkələrinə (ilk növbədə isə Azərbaycana) qarşı dəyənək kimi istifadə etmək üçün regionda süni surətdə gərginliyi artırmaq və Azərbaycanla Ermənistanı hərbi toqquşmaya təhrik etmək yolunu seçib. Bu, Qərbin növbəti böyük oyunudur və olduqca təhlükəli oyundur. Açıq-aşkar görünür ki, hazırda nə Avropa İttifaqı, nədəki ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, regionda qalıcı sülhün bərqərar olmasında maraqlı deyil. Əksinə, bütün vasitələrlə sülh prosesini sabotaj etməyə və bölgədə militarist planlarını həyata keçirməyə səy göstərirlər.

Azərbaycan tərəfi bütün bunları nəzərə alaraq önləyici, neytrallaşdırıcı tədbirləri getdikcə gücləndirir. Ordumuzun sərhədboyu bölgələrdə mövqeləri möhkəmləndirilir və Ermənistan silahlı qüvvələrinin fəaliyyəti daim nəzarətdə saxlanılır. Təbii ki, hazırda sərhəddə baş verə biləcək bütün hadisələrə, mümkün hərbi toqquşmalara görə məhz rəsmi İrəvan məsuliyyət daşıyacaq. Azərbaycan isə Ermənistan ordusunun atəş mövqelərinin məhv edilməsi üçün adekvat addımların atılması, operativ cavab tədbirlərinin görülməsi hüququnu özündə saxlayır. Azərbaycan Müdafiə Nazirliyinin bir neçə gün əvvəl sərhəd bölgəsində Ermənistanın qoşun yığması ilə bağlı etdiyi xəbərdarlıq da rəsmi Bakının ABŞ və Aİ-nin Ermənistan üzərindən qurduğu təhlükəli oyunlara adekvat reaksiyasının göstəricisidir. Rəsmi Bakı Qərbin hiyləgər planlarının fərqindədir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »