Prezidentin Borrelə yönəlik səsləndirdiyi fikirlər Aİ-nin baş diplomatının saxtakarlığını ifşa edir

0

Prezident İlham Əliyev təcrübəli siyasətçi və dövlət başçısı olmaqla yanaşı, həm də əsl diplomatiya ustasıdır. O, əksər liderlərlə, xarici qonaqlarla, səfirlərlə görüş zamanı hər kəslə maksimum delikat şəkildə davranmağa çalışır, yumşaq nitqə və diplomatik etiketə üstünlük verir. Lakin fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən isə Azərbaycan Prezidenti kifayət qədər sərt açıqlamalar verməsi ilə diqqəti cəlb etdi.

Dövlət başçımızın sərt ritorikası heç şübhəsiz ki, Mixail Harmsa və onun ölkəsinə qarşı ünvanlanmamışdı. Əksinə, Cənab Prezident alman qonaqla söhbətində Almaniyanın neytral mövqeyini yüksək qiymətləndirdi və bildirdi ki, Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. Və görünən budur ki, Almaniya hələlik Qərb düşərgəsində yeganə aktordur ki, Azərbaycan-Ermənistan normallaşma prosesinə münasibətdə tərəfsiz, orta mövqe nümayiş etdirir. Almaniyanın bu mövqeyi Azərbaycanı qane edir. Ona görə də Münxendə İlham Əliyevlə Nikol Paşinyan arasında başlayan yeni normallaşma prosesi bu gün də Berlində xarici işlər nazirlərinin görüşü çərçivəsində davam etdirilir. Bir sözlə, rəsmi Bakı bu gün Almaniyaya sülh danışıqları üçün əlverişli məkan kimi yanaşır.

Lakin eyni sözü digər aktorlar barədə isə söyləyə bilmərik. ABŞ və Fransa öncədən qərəzli mövqe tutmaqla və açıq şəkildə ermənipərəstlik nümayiş etdirməklə obyektivliklərinə, vasitəçilik missiyalarına ciddi zərbə vurdular və vasitəçilik statuslarını itirdilər. Əfsuslar olsun ki, Brüssel də onların yoluyla getdi. Ermənistan-Azərbaycan normallaşma prosesinə kifayət qədər töhfə vermiş Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel də sonuna qədər öz neytrallığını qoruyub saxlaya bilmədi. O da Fransa prezidentinin məkrli oyunlarının bir parçasına çevrildi. Ona görə də Azərbaycan sözügedən aktorların vasitəçiliyindən haqlı olaraq imtina edib.

İlham Əliyev ABŞ və Fransanın 30 il davam edən işğal dönəmində ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq tutduqları səhv mövqeni bu gün də davam etdirdiklərini təəssüf hissilə vurğuladı: “30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdilər. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər”.

Təbii ki, Azərbaycan Prezidentinin bu fikirləri hədə-qorxu yox, konstruktiv münasibətlərə və əməkdaşlığa yönəlmiş xoş məramlı çağırışdır. Bəli, bu ölkələr Cənubi Qafqazda kirli geosiyasi oyunlarına son verib yeni reallığı qəbul etməli və bölgənin aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər. Bəs, etməsələr, nə olacaq? Heç nə, bundan yalnız onların özü və birdəki Ermənistan itirəcək. Prezident İlham Əliyevin təbiri ilə desək, əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Onların qızışdırıcı mövqe tutması və yeni hərbi eskalasiyaya yol açması kimin kim olduğunu ortaya çıxaracaq.

Bu mənada Azərbaycan Prezidentinin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsla görüşü zamanı səsləndirdiyi qınaqlar və tənqidlər ilk növbədə bu gün Cənubi Qafqazda sülh vasitəçiliyi ilə yox, qızışdırıcılıqla, ara qarışdırmaqla məşğul olan makronlara, borrellərə və bu qəbildən olan digər təxribatçı ünsürlərə ünvanlanıb. Dövlətimizin başçısı Azərbaycan ərazilərinin 30 il Ermənistanın işğalı altında olduğu, ərazilərimizin talan edildiyi, soydaşlarımızın öz yurdlarından didərgin salındığı dönəmdə öz haqq səsini heç kimə eşitdirə bilmədiyi halda, indi bizim suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmağımızı “ikili standart”lar adlandırdı və qeyd edib ki, biz Makron, Borrell və onlar kimi digər insanlar tərəfindən əsassız olaraq günahlandırılırıq.

Bu gün “ikili standart”ların bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrildiyini vurğulayan Azərbaycan Prezidenti, həmçinin Cozef Borrelin qeyri-adekvat bəyanatlarının bizi məyus etdiyini diqqətə çatdırdı. O, bu bəyanatların heç bir reallığı əks etdirmədiyini və beynəlxalq hüququn normalarına zidd olduğunu, eyni zamanda Azərbaycan tərəfinin bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirdiyini vurğulayaraq, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin “Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək” səpkisində açıqlama verməsini ölkəmizə qarşı təhdid kimi qiymətləndirdi. Prezidentin “Hardan bilirsən Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”, deyə Borrelə yönəlik səsləndirdiyi fikirlər Aİ-nin baş diplomatının saxtakarlığını ifşa edir.

Dövlətimizin başçısı “Azərbaycanın Ermənistana hücum edəcəyi” barədə absurd iddiaların Fransa prezidentinin uydurmaları olduğunu və həm Makronun, həm də Borrellin bu “informasiya”ları öz təxəyyüllərindən, fantaziyalarından götürdüyünü diqqətə çatdırdı: “Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”.

Maraqlıdır, Azərbaycan məhz beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin edib. Və bu gün Ukrayna da eyni hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizə aparır. Lakin nə qədər təəccüblü görünsə də, bizə və Ukraynaya qarşı münasibət fərqlidir. Səbəbi? İlham Əliyev Ukrayna ilə müqayisə fonunda bizə qarşı hücumların gerçək səbəblərini açıb göstərdi. O, bildirdi ki, əgər Qərb bu gün Ukraynanın ərazi bütövlüyünü təmin etməli olduğunu deyirsə, deməli, eyni məntiqlə Azərbaycanın da öz ərazi bütövlüyünü təmin etmək təşəbbüslərini dəstəkləməli idi. Lakin əfsuslar olsun ki, biz özümüzə münasibətdə Qərbin belə bir obyektiv, prinsipial mövqeyini görmədik: “Ukraynanı götürək: Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər, bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayrıca xəttlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir”.

Bəli, Azərbaycan Prezidenti tamamilə haqlıdır, indi Ermənistana havadarlıq edənlərin məqsədi Azərbaycanı demonizə etmək, ölkəmizi ədalətsiz hücumların hədəfinə çevirmək, gözümçıxdıya salmaqdır. Bu gün Avropa Parlamentinin (AP) Azərbaycana sanksiyaların tətbiq edilməsi çağırışını özündə əks etdirən iki qətnamə qəbul etməsi də eyni məqsədə xidmət edir. Bütün bunların arxasında isə Azərbaycanı təcrid vəziyyətinə salıb zəiflətmək və beləliklə, Cənubi Qafqazda hökmran mövqeyə sahiblənmək planları dayanır. Lakin Makron Fransasının başçılıq etdiyi anti-Azərbaycan kampaniyası iflasa məhkumdur. Fransanın bölgəmizdə yeritdiyi şər siyasəti uğur qazana bilməz.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »