Xocalı soyqırımı insanlıq tarixinin ən dəhşətli faciələrindən biridir. Bu soyqırımının 32-ci ildönümünün Xocalının özündə və sağ qalmış xocalıların, qırğının canlı şahidlərinin iştirakı ilə keçirilməsinin özü də mühüm tarixi hadisədir. Bu mənada fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı şəhərinə səfər etməsini, orada əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etməsini, sonra isə Xocalı Soyqırımı Memorialının təməlini qoymasını Xocalının ən yeni tarixinin başlanğıcı hesab etmək olar.
Dövlətimizin başçısı Xocalı rayonunun ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən həm yerli auditoriyaya, həm də ki, yenidən revanşizm yolunu tutan Ermənistana və onun köhnə-yeni havadarlarına bir sıra önəmli mesajlar verdi. O, öncə qeyd etdi ki, biz 32 ildən sonra doğma torpağımıza qayıtmışıq və bu il ilk dəfədir ki, Xocalı soyqırımı gününü Xocalının özündə, günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik.
Prezident bu illər ərzində paytaxtda Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün Memorial Kompleksin təməlinin qoyulmasının nə üçün təxirə salınmasının səbəblərinə də aydınlıq gətirdi və bildirdi ki, “bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq Memorial Kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün Memorial Kompleks yaradılacaq”.
Dövlət başçısının çıxışında həmçinin Xocalı soyqırımının heç vaxt xalqımızın yaddaşından silinməyəcəyi, Azərbaycan xalqının bu qanlı cinayəti unutmayacağı məsələsinə də toxundu. Çünki bu faciə öz miqyasına və məqsədlərinə görə heç bir insanlıq çərçivələrinə sığmır. Ermənistan dövləti və erməni terrorçuları bu qətliamı həyata keçirməklə həm konkret bir ərazidə soyumuzu qurutmağı, həm də bütövlükdə Azərbaycan xalqının mənəvi-psixoloji cəhətdən sındırılmasına nail olmağı öz qarşılarına əsas məqsəd kimi qoymuşdular. Ona görə də 32 il bundan əvvəl təcavüzkar Ermənistan dövləti və azğınlaşmış erməni millətçiləri bu qanlı faciəni törədərək, Xocalıda günahsız azərbaycanlıları qətlə yetirib.
Həmin vaxt Ermənistanın müdafiə naziri (sonradan prezidenti) olmuş Serj Sərkisyanın xarici mediaya müsahibələrindən birində Xocalı qətliamından qürurla danışması və“Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” etirafını dilə gətirməsi də törədilmiş qətliamın heç də təsadüfi deyil, məhz soyqırımı cinayəti kimi Ermənistan rəhbərliyi tərəfindən öncədən xüsusi olaraq planlaşdırıldığını, həyata keçirildiyini təsdiqləyir. Bəli, Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və soyqırımı cinayətlərinin zirvəsi idi. Bundan əvvəl isə Ermənistan dövlətinin və erməni millətçilərinin azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı və s. yaşayış məntəqələrində törədilən insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Xocalıda isə onlar erməni faşizminin bütün qəddarlığını ortaya qoydular.
Lakin əfsuslar olsun ki, dünya birliyi Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın azərbaycanlılara qarşı törətdiyi digər insanlıq əleyhinə cinayətlər kimi Xocalı soyqırımında da beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına göz yumdu, cinayətkarların cəzasız qalmasına şərait yaratdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı, beynəlxalq təşkilatların bir çoxu bu faciəyə biganə münasibət sərgilədi. Erməni faşizminə “dur!” deyən tapılmadı. Əksinə, ATƏT-in Minsk Qrupu kimi bədnam missiyalar Ermənistanın işğalçı siyasətinin nəticələrini “qanuniləşdirməyə” və Azərbaycan xalqını da hər vəchlə ərazilərimizin işğal edilməsi ilə, başımıza gətirilən müsibətlərlə barışmağa məcbur etməyə çalışdılar.
Beləliklə, Ermənistanın təcavüzkar siyasətininin ifşa edilməsini və Xocalı soyqırımı ilə bağlı əsl həqiqərlərin dünyaya çatdırılmasını Azərbaycan özü təkbaşına həyata keçirməli oldu. Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdi. Xüsusən də Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif yerlərində bir çox tədbirlər, təqdimatlar həyata keçirilib, kitablar, məqalələr dərc edilib, sərgilər təşkil olunub.
Azərbaycan Prezidenti haqlı olaraq vurğuladı ki, biz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Ona görə də dünya bu vəhşiliyə ədalətli münasibət nümayiş etdirməli, vicdanını ortaya qoymalıydı. Lakin biz bunu görmədik. Ermənistan dövləti də, o vaxt və bu gün onun arxasında duran qüvvələr də əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Bir sözlə, dünya birliyi Xocalı soyqırımını törətdiyini inkar edən Ermənistanın yanında yer aldı. Bu mənada Azərbaycan Prezidentinin Xocalı soyqılrımını inkar edənlərlə bağlı söylədiyi fikir tam da yerinə düşür. İlham Əliyev haqlı olaraq bəyan etdi ki, Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır.
Azərbaycan hökuməti bu ədalətsizliyə son qoyulması və Xocalı soyqırımı kimi qanlı cinayəti törədənlərin ədalət məhkəməsi qarşısında cavab vermələri üçün həm diplomatik müstəvidə, həm də informasiya-təbliğat savaşı cəbhəsində onilliklər ərzində çalışdı. Və sonunda bu ədaləti biz özümüz bərpa etməli olduq. Azərbaycan özü BMT qətnamələrinin icrasını hərbi yolla təmin etdi, ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsinə nail oldu. 44 günlük İkinci Qarabağ müharibəsi və keçən ilin sentyabrında baş tutan 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad edildi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına daxil olan ərazilərimiz, o cümlədən Xocalı da separatçılardan təmizləndi. Beləliklə, Şanlı Ordumuzun rəşadəti, şəhidlərimizin qanı hesabına tarixi ədalət bərpa olundu. İkinci Qarabağ müharibəsi sözün həqiqi mənasında ədalətin təntənəsi idi. Biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq. Dövlətimizin başçısının qeyd etdiyi kimi bizim övladlarımız ölümə gedirdilər ki, bu torpaqları işğalçılardan azad etsinlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şübhəsiz ki, “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Xocalılarla söhbətində bu məsələyə toxunan Cənab Prezident bildirdi ki, “bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı”.
Şuşa kimi, Xankəndi kimi Xocalının da işğaldan azad edilməsi, separatçılardan təmizlənməsi Azərbaycan üçün həm hərbi-strateji baxımdan, həm də mənəvi-psixoloji aspektdən mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Prezident İlham Əliyevin sözügedən çıxışında səsləndirdiyi “Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik” fikri ilə hər bir azərbaycanlı şərikdir. Cənab Prezident bu fikirlə hər birimizin mövqeyini ifadə edib.
Prezident İlham Əliyevin çıxışı zamanı Ermənistana və havadarlarına verdiyi növbəti mesajı onların düzgün dərs çıxarması baxımından xüsusilə önəmlidir. Belə ki, Azərbaycan Prezidenti birmənalı olaraq bildirdi ki, “yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”. Dövlətimizin başçısı bu sözləri ilə əslində Ermənistan rəhbərliyinə növbəti dəfə fürsət verdi ki, o, öz destruktiv siyasətindən əl çəksin və sülhə sədaqətini ortaya qoysun. Bu çağırış Azərbaycanın sülhsevərliyinin təsdiqləməklə yanaşı, həm də Ermənistan rəhbərliyini reallıq hissini qaytarmağa xidmət edir.
Nikol Paşinyan və Ermənistan rəhbərliyinə daxil olan digər şəxslər başa düşməlidirlər ki, Azərbaycanın şərtlərini qəbul etmək onlar üçün ən optimal çıxış yoludur. Beynəxalq hüquq normalarına uyğun olan bu şərtlər Cənubi Qafqazda qalıcı sülhün və sabitliyin bərqərar olmasına həqiqətən də ciddi töhfə verə bilər. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan iradə zəifliyinə və tez-tez mövqe dəyişkənliyinə son qoymalı, Fransa kimi neoimperialist güclərin əlaltısı kimi çıxış etmək xəttindən əl çəkməlidir. Paşinyan özünü ciddi siyasətçi hesab edirsə, Azərbaycan Prezidentinin mesajlarını düzgün dəyərləndirməlidir. İlham Əliyevin Xocalıdan verdiyi mesaj Ermənistanın yeganə xilas yoludur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri