Azərbaycanda bəzi məhsullar UCUZLAŞIB – SİYAHI

0

2022 və 2023-cü ildən fərqli olaraq bu il Azərbaycanda tərəvəzlərin ucuzlaşması müşahidə edilib. 2024-cü ilin yanvarında tərəvəzlərin qiyməti bir il əvvəlki tarixlə müqayisədə 7,3 faiz enib.

Sfera.az xəbər verir ki, qiymət azalması əksər tərəvəz məhsullarında qeydə alınıb.

Azərbaycanda daha çox istehlak edilən tərəvəz məhsulları kartof, baş soğan, ağ kələm, göy lobya, bibər, pomidor, xiyardır. Qiymət fərqlərinə diqqət yetirəndə görürük ki, adıçəkilən tərəvəz məhsullarının çoxu ucuzlaşıb.

Əsas tərəvəz məhsulu olan kartofun qiyməti son bir ildə 50 qəpiyə yaxın enib. Ötən ilin yanvarında bir kiloqramı orta hesabla 1,45 manata satılan kartofun dəyəri bu ilin yanvarında 0,95 manata düşüb.

Baş soğan da ucuzlaşıb. Bir il əvvəl 1,05 manata satılan baş soğanın qiyməti yanvarın sonunda 0,88 manata enib. Ağ kələmin qiymətində də nəzərəçarpacaq fərq var. İl ərzində ağ kələmin pərakəndə satış qiyməti 0,62 manatdan 0,48 manata düşüb.

İstixana şəraitində yetişdirilən tərəvəzlərdə də bu il qiymət azalması görünür. İstixana pomidorunun qiyməti bir il ərzində 3,3 manatdan 2,5 manata, xiyarın qiyməti isə 4,05 manatdan dəyəri 2,77 manata enib.

Digər tərəvəz məhsullarından badımcanın qiyməti 4,2 manatdan 2,45 manata, göy lobyanın qiyməti 3,3 manatdan 2,1 manata, şirin bibərin qiyməti 2,85 manatdan 2,35 manata, quru noxudun qiyməti 5,4 manatdan 4,8 manata, quru lobyanın qiyməti 5,05 manatdan 4,9 manata düşüb.

Qeyd edək ki, tərəvəzlərin ucuzlaşması Azərbaycan istehlakçısı üçün önəmli haldır. Çünki əhalinin həm ümumi xərclərində, həm də ərzaq məhsullarının alışına çəkilən xərclərdə tərəvəzlərin payı yüksəkdir. Məsələn, 2022-ci ildə əhalinin pərakəndə ticarət müəssisələrində tərəvəzlərə xərclədiyi pul 7,1 milyard manat olmaqla digər mal qruplarının hamısından çox olub. 2020-ci ildə isə bu məbləğ 3,2 milyard manat idi. Cəmi iki ildə tərəvəzlərə xərclənən pulun bu qədər artmasının səbəbi məhz bahalaşma ilə bağlı olub. Ümid edək ki, 2024-cü ildə tərəvəzlərin qiyməti əlverişli səviyyədə olacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »