“İrəvan nə qədər anti-Rusiya addımlar atırsa, Moskva ilə Bakı və Ankara arasında bir o qədər sıx münasibətlər yaranacaq” .
İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, bunu “Hayastan” Ümumerməni Fondunun keçmiş direktoru Ara Vardanyan deyib.
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan Münxendəki bəyanatları ilə Ermənistanın tamamilə məhv edilməsi yoluna çıxıb.
Vardanyan baş nazirin Münxen görüşlərinin formatına, xüsusən də Paşinyanla Britaniya Xarici Kəşfiyyat İdarəsinin (MI6) rəhbəri Riçard Mur arasında görüşə diqqət çəkib. O, belə təmasların Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini vurğulayıb. Vardanyan Riçard Muru Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dostu olması ilə yanaşı, pantürkizmin yeni layihəsinin həmmüəllifi olaraq təqdim edib.
Ara Vardanyan Paşinyanın “Ukrayna məsələsində Ermənistan Rusiyanın müttəfiqi deyil” bəyanatını ən təhlükəli hesab edib.
“Paşinyan Hindistan qədər olmadı. O, tərəf seçdi, ölkəni tam məhv olmaq yoluna qoydu”, – deyə Vardanyan qeyd edib.
Onun fikrincə, Ermənistanı xilas etməyin yolu sadədir: Rusiya ilə ittifaq dövləti.
“Müəyyən mərhələdə Ermənistan Rusiya Federasiyası ilə Rusiyanın Belarusla imzaladığı kimi əməkdaşlıq müqaviləsi bağlamalıdır. Ola bilsin ki, biz də Ermənistan ərazisində nüvə silahının yerləşdirilməsinə nail olaq”, – Ara Vardanyan bildirib.