Azərbaycan və Türkiyə liderlərinin mətbuata bəyanatı dostlarımıza və düşmənlərimizə verilən mesajlar baxımından önəmlidir

0

Azərbaycan və Türkiyə liderlərinin seçkilərdən sonra ilk rəsmi xarici səfərini məhz Ankara və Bakıya etməsi artıq çoxdan möhtəşəm siyasi ənənəyə çevrilib. Bu da təbiidir, çünki iki qardaş ölkə üçün bir-birinin varlığı və gücü hər şeydən önəmlidir. Ona görə də 7 fevral seçkilərində parlaq qələbə qazanan Prezident İlham Əliyevin andiçmə mərasimindən sonra ilk rəsmi səfər olaraq Türkiyəyə getməsi gözlənilən idi. Bu səfər göstərdi ki, Azərbaycan-Türkiyə münasibətlərində yeni dövr başlayır. Ona görə də bütün dünyaya əsl qardaşlıq nümunəsini nümayiş etdirən iki ölkə əlaqələrinin inkişafının yeni istiqamətlərinin təsdiqlənməsi baxımından bu səfər olduqca mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması və hər iki liderin mətbuata bəyanatlarında iki ölkə münasibətlərinin perspektivləri, Türk dünyasının gələcəyi ilə bağlı səsləndirdikləri fikirlər qarşımızda açılan üfüqlərin genişliyini, Azərbaycan və Türkiyənin yeni hədəflərə birlikdə çatmaq əzmini göstərir. Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, bütün Avrasiya üçün önəmli amilə çevrilib. Və bu gün bölgədə və dünyada hər kəs bu amillə hesablaşır.

Dövlətimizin başçısı diqqəti Türkiyənin dünya miqyasında söz sahibinə çevrilməsi faktına yönəldərək bildirdi ki, bu gün təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə həqiqətən də bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantına çevrilib. 44 günlük İkinci Qarabağ müharibəsində də Türkiyə qəti mövqe nümayiş etdirməklə və bizim yanımızda dayanmaqla bölgədə sabitləşdirici güc rolunda çıxış etdi, kənar güclərin prosesə müdaxiləsinin qarşısını aldı. Azərbaycan Prezidentinin vurğuladığı kimi “savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik”.

Bu da onu göstərdi ki, Azərbaycan həqiqətən də tək deyil, qardaş Türkiyə Azərbaycanın yanındadır. Bu mənada Prezidentimiz haqlı olaraq qeyd etdi ki, Azərbaycan xalqı qədirbilən xalqdır və Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Türkiyənin azərbaycanlıların fikrində və qəlbində yeri bambaşqadır. Azərbaycanda hər kəs Türkiyənin uğurlarına bizim öz uğurlarımız kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü bütün azərbaycanlıları və eləcə də Türk dünyasına mənsub olan digər qardaşlarımızı sevindirir.

İkinci Qarabağ savaşından sonra Türkiyə tərəfindən bizə göstərilən dəstəyin əlaqələrimizi yeni yüksək zirvəyə qaldırdığını diqqətə çatdıran Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin də önəmini xüsusi olaraq vurğuladı: “Bu gün söhbət əsnasında mən demişdim ki, ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq”.

Dövlət başçımızın çıxışında toxunduğu digər önəmli bir məqam isə Türk dünyasının daha sıx birləşməsi və Türk Dövlətləri Təşkilatının hər bir üzvünün güclənməsi ilə bağlı oldu. Belə ki, İlham Əliyev bildirdi ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü daha da gücləndirəcək. Bu gün türk dövlətləri arasında inteqrasiya proseslərini daha da sürətləndirmək və Türk Birliyini yaratmaq həddindən artıq vacibdir. Çünki geosiyasi təlatümlərin və xaosun yaşandığı, beynəlxalq hüququn işləmədiyi hazırkı dünyada biz öz varlığımızı tək-tək deyil, bütün Türk dünyası olaraq birlikdə qorumalı, üzərimizə gələn xain və ədalətsiz gücləri birlikdə neytrallaşdırmalıyıq. Bir sözlə, dünya türk xalqlarının, türk dövlətlərinin real birliyini görməli və gücümüzlə hesablaşmalıdır. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışında da bu məsələni diqqət mərkəzinə gətirərək Türk dünyasını bizim ümumi ailəmiz kimi dəyərləndirdi və Türk Dövlətləri Təşkilatının gücləndirilməsinin yeni dövrdə xarici siyasətimizin əsas prioritetlərindən biri olduğunu elan etdi.

Birliyimizi təzahür etdirən məqamlar sırasında dövlətimizin başçısı Türkiyə-Azərbaycan Universitetinin yaradılmasını da ayrıca olaraq vurğuladı və bu universitetin sadəcə olaraq, təhsil müəssisəsi deyil, bizim birliyimizin növbəti rəmzi olduğunu bildirdi. İnanırıq ki, Türkiyə-Azərbaycan Universiteti gerçəkdən də yaxın gələcəkdə nəinki Azərbaycanda, bütün Türk dünyasında ən qabaqcıl ali məktəblərdən birinə çevriləcək və təhsilimizin dünya standarlarına uyğunlaşmasında xüsusi rol oynayacaq. Prezident İlham Əliyevin qardaş Türkiyəyə səfəri çərçivəsində sözügedən universitetin yaradılması barədə rəsmi saziş imzalandı. Biz də bu universitetə xeyir diləyirik. Bütün Türk dünyası üçün xeyirli-uğurlu olsun!

Beləliklə, yeni dövrün missiyası əcdadlarının bütün ənənələrinə sadiq qalan Azərbaycan və Türkiyənin Türk dünyasının daha sıx birləşməsi üçün öncü, lokomotiv rolunu oynamasıdır. Cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyi barədə qərarın qəbul edilməsi də elə bu missiyaya, bu məqsədə xidmət edir. Azərbaycan Prezidenti bildirdi ki, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də sözügedən görüşdə iştirak edəcək və bu da Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək. Şuşada keçirilən Zirvə görüşü türk dövlətlərinin inteqrasiya prosesini keyfiyyətcə yeni mərhələyə yüksəldəcək.

Yeri gəlmişkən, qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da mətbuata bəyanatında Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə toplantısının iyul ayında Şuşada keçiriləcəyinin müjdəsini verərkən bundan məmnunluq hissi duyduğunu dilə gətirdi: “Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm”. Beləliklə, Şuşa növbəti dəfə bütün Türk dünyasını bir araya gətirən məkana, birliyimizin rəmzinə və mərkəzinə çevriləcək.

Qardaş ölkənin lideri sözügedən bəyanatında həmçinin 7 fevralda baş tutan növbədənkənar prezident seçkilərinin Azərbaycanın bütün suveren ərazisində keçirilməsinin xüsusi önəm daşıdığını vurğulayaraq İlham Əliyevi bir daha prezident seçilməsi münasibəti ilə təbrik etdi və onun ilk rəsmi ziyarətini Türkiyəyə etməsindən sevinc hissi duyduğunu dilə gətirdi. Türkiyənin Azərbaycan ilə əməkdaşlığının Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini vurğulayan hörmətli Ərdoğan birmənalı olaraq bəyan etdi ki, “qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik”.

Türkiyə Prezidenti Azərbaycanın seçkilər ərəfəsində xarici güclər tərəfindən bəzi haqsızlıqlara məruz qaldığını da diqqətə çatdırdı və Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə məhdudiyyətlər yaradılması ilə bağlı qəbul edilən qərara Türkiyənin etiraz etdiyini bildirdi. Ən önəmlisi isə budur ki, Ərdoğan sözügedən qərar ləğv edilənə qədər Türkiyənin Azərbaycana dəstəyini və bu istiqamətdəki səylərimini davam etdirəcəyini bəyan etdi. Ərdoğanın AŞPA-nın münaqişə yox, parlament demokratiyasını gücləndirəcək bir dialoq platforması olmasının vacibliyini vurğulamaqda davam edəcəklərini bildirməsi yəqin ki, AŞPA-dakı anti-Azərbaycan mövqeli qüvvələrə də öz təsirini göstərəcək.

Qardaş Türkiyənin dövlət başçısı Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasına nail olunması prosesində də hər daim Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edəcəklərini bildirdi. Bu baxımdan Türkiyə liderinin Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesində yer almağa, rol oynamağa çalışan üçüncü tərəfləri sülhə xidmət etməyə və əlavə gərginlik yaratmamağa çağırması olduqca mühüm addımdır. Ərdoğanın Cənubi Qafqazda sülhə xidmət etməyən ölkələrə çağırış etməsi onlara ciddi xəbərdarlıqdır. Hesab edirəm ki, Türkiyə Prezidentinin bu çağırışının pozucu qüvvələrə çəkindirici təsiri olacaq.

Azərbaycan və Türkiyə liderlərinin mətbuata bəyanatı dostlarımıza və düşmənlərimizə verilən mesajlar baxımından önəmlidir. Əliyev və Ərdoğan bəyan etdi ki, ölkələrimiz ortaq hədəflərə doğru birlikdə addımlamağa davam edəcək. Şuşa Bəyannaməsində ortaya qoyduğumuz sarsılmaz ruhla irəli gedəcəyik.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »