Cənubi Qafqazı geosiyasi oyunlar meydançasına çevirmək cəhdlərinə son qoyulmalıdır

0

60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyanın Münxen şəhərində toplaşmış dünya liderləri və siyasi, işgüzar elitanın nümayəndələri arasında ən çox diqqət mərkəzində olan dövlət başçılarından biri məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oldu. Bunu dövlət başçımızın son iki gündə müxtəlif dövlət və hökumət başçıları ilə, nazirlərlə, beynəlxalq təşkilatların rəhbərləri ilə, nüfuzlu şirkətlərin, qlobal maliyyə dairələrinin nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlər də təsdiqləyir. Bu görüşlər arasında Prezident İlham Əliyevin fevralın 16-da ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə və fevralın 18-də ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmid ilə görüşləri xüsusilə maraq doğurur. Yeri gəlmişkən, hər iki görüş məhz qarşı tərəfin müraciətinə əsasən baş tutub. Yəni ki, Azərbaycan Prezidenti ilə görüşüb müzakirələr aparmaq təşəbbüsü ATƏT-in rəhbərlərindən gəlib. Bu da bir daha onu göstərir ki, İlham Əliyev həqiqətən də sözügedən sammitin ən yüksək səviyyədə hörmət və diqqət göstərilən iştirakçıları sırasında yer alıb.

İan Borq və Helqa-Mariya Şmid ilə görüşləri dövlətimizin başçısının ATƏT-in fəaliyyətdə olan sədrinə və Baş katibinə diplomatiya sahəsində keçdiyi “Ustad dərsi” də hesab etmək olar. İlham Əliyev bu görüşlər zamanı bir çox siyasi liderlərdən və diplomatlardan fərqli olaraq tam açıq mətnlə söhbət etməklə İan Borqa və Helqa-Mariya Şmidə sözün əsl mənasında dərs keçdi və necə deyərlər, onları fakt qarşısında qoydu. Belə ki, söhbət əsnasında Qarabağ münaqişəsinin artıq həll olunduğunu, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü təmin etdiyini və hazırda Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdıran Prezident İlham Əliyev, bu kontekstdə ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin, o cümlədən ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların və vəzifələrin artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirdi.

Azərbaycan Prezidentinin bu tövsiyyəsi şübhəsiz ki, təkcə ATƏT-in büdcəsinin daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qarşı tərəfin diqqətinə çatdırmaq istəyi ilə bağlı deyildi. Sözügedən ATƏT strukturlarının ləğvinin təklif edilməsi ilk növbədə Azərbaycanın onların fəaliyyətinə heç bir ehtiyac duymaması ilə bağlıdır. Prezidentimiz açıq mətnlə bildirdi ki, nə ATƏT-in Minsk qrupunun, nədəki hər hansı başqa bir qüvvənin vasitəçilik fəaliyyətinə ehtiyacımız yoxdur. Çünki Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsindən və 23 saatlıq lokal antiterror əməliyyatından sonra bölgədə tamamilə yeni reallıqlar yaradıb və yeni dönəmin başlanğıcını qoyub. Yeni dövrdə isə artıq heç bir vasitəçiyə ehtiyac qalmayıb. Bu gerçəyi 7 fevral seçkilərində parlaq qələbə qazanan Prezident İlham Əliyev andiçmə mərasimi zamanı etdiyi proqram xarakterli çıxışında da birmənalı şəkildə vurğuladı: “Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq”.

Prezident həmin çıxışında Ermənistandan alət kimi istifadə edərək Cənubi Qafqazdakı geosiyasi maraqlarını təmin etməyə çalışan və süni “vasitəçi”lik donuna bürünən qlobal güclərə açıq mesaj verərək bəyan etdi ki, gedin, öz işinizlə məşğul olun. Çünki hər yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, Azərbaycan-Ermənistan münasibətlərinə hansısa bir şəkildə müdaxilə etməyə çalışır və beləliklə, bu məsələnin əhəmiyyəti süni şəkildə şişirdilir. Cənab Prezidentin də qeyd etdiyi kimi daim bu məsələni müzakirə predmetinə çevirməyə çalışan, öz səylərini göstərmək istəyən Ermənistanın havadarları əslində bu yolla yorğanı öz tərəflərinə çəkmək istəyirlər, vasitəçi olmaq istəyirlər.

30 il ərzində səmərəsiz danışıqlar prosesini uzatmaqla Ermənistanın işğalçı siyasətinin nəticələrini “qanuni”ləşdirməyə və Azərbaycan xalqını işğalın nəticələri ilə barışdırmağa çalışan qüvvələrin indi də yeni reallıqlar şəraitində yeni vasitəçilik missiyasına yiyələnməyə çalışması ikrah hissi doğurur. Bu mənada ATƏT-in uğursuz Minsk Qrupunun fəaliyyətini hansısa formada yenidən dirçəltmək cəhdləri də tamamilə yersizdir. Biz bilirik, bu təşəbbüslərin arxasında dayanan əsas qüvvə Fransadır. Lakin Fransanın ATƏT-in Minsk Qrupunu reanimasiya etmək cəhdləri iflasa məhkumdur. Çünki Minsk Qrupu öz tarixi missiyasını yerinə yetirmək şansını çoxdan itirib. 1992-ci ildə təsis olunan ATƏT-in Minsk Qrupunun əsas funksiyası məhz münaqişənin həlli, işğala son qoymaq idi. Lakin əfsuslar olsun ki, bu, baş vermədi.

Biz uzun illər gözlədik ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri başda olmaqla beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həll yolu tapılacaq və işğala son qoyulacaq. Bəs, bunun əvəzində nə gördük? ATƏT-in Minsk qrupunun həmsədrləri bu illər ərzində Ermənistanın davamlı olaraq atəşkəsi pozduğu, cəbhəboyu ərazilərdə təxribatlar törətdiyi, mülki vətəndaşlarımızı qətlə yetirdiyi məqamlarda yalnız şablon bəyanatlar verməklə və regiona turistik səfərlər etməklə öz işini bitmiş hesab etdilər. Bir sözlə, həmsədrlər münaqişənin nizamlanması ilə yox, onun dondurulmuş vəziyyətdə qalması ilə, “status-kvo”nun qorunub saxlanılması siyasətinin yeridilməsi ilə məşğul olurdu. İş o yerə çatmışdı ki, Minsk Qrupu artıq “turizm diplomatiyası” ilə məşğul olan institut kimi rüsvayçı imic qazanmışdı. Bəli, həmsədrlər utanmadan “diplomatik turizm”lə məşğul olurdular. Müftəxor həmsədrlərin yeyib-içmək məclislərindəki görüntüləri Azərbaycan xalqının yadından çıxmayıb. Onlar bununla da münaqişənin həllində maraqlı olmadıqlarını nümayiş etdirirdilər.

Ona görə də indi Fransanın siyasi meyitə, ölü quruma çevrilmiş Minsk Qrupunu fərqli formatda yenidən xortlatmaq cəhdləri tamamilə əbəsdir. Çünki Prezident İlham Əliyevin 2022-ci ilin iyun ayında keçirilən Bakı Qlobal Forumunda cıxışı zamanı qeyd etdiyi kimi Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk Qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq oyadır: “Biz münaqişəni həll etdik. Minsk qrupu tərəfindən hazırlanan Madrid prinsipləri yerinə yetirilib. İndi biz Ermənistanla münasibətləri normallaşdırmaq yolları barədə düşünməliyik, sülh sazişi imzalamalıyıq”. Lakin əfsuslar olsun ki, 30 il ərzində münaqişəni dondurmağa çalışan qüvvələr indi də sülh prosesini əngəlləmək üçün dəridən-qabıqdan çıxırlar. Bu, misli görünməmiş riyakarlıqdır.

30 illik boş və mənasız sülhyaratma “fəaliyyət”ləri, etimad quruculuğu təşəbbüsləri fiaskoya uğrayan, ermənipərəstlikləri ifşa olunan ATƏT-in Minsk Qrupu və Qarabağla bağlı digər institutlar əslində Azərbaycan xalqından üzr istəməlidirlər. Ancaq üzrləri başlarına dəysin, bizim onların üzrlərinə ehtiyacımız yoxdur. Tək istəyimiz budur ki, burunlarını regiona soxmasınlar, Azərbaycan-Ermənistan münasibətlərinə qarışmasınlar. Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışında qeyd etdiyi kimi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi artıq beynəlxalq gündəlikdən düşməlidir. Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesi sırf ikitərəfli xarakter daşıyır. Ona görə də bu gün nə Minsk Qrupuna, nədəki hər hansı başqa çağırılmamış qonaqlara ehtiyac yoxdur. Fransa kimi qızışdırıcı güclər Azərbaycan və Ermənistanın hesabına öz geosiyasi mövqe və maraqlarını təmin etmək siyasətindən əl çəkməlidirlər. Cənubi Qafqazı geosiyasi oyunlar meydançasına çevirmək cəhdlərinə son qoyulmalıdır. Ümid edək ki, ATƏT-in rəhbərləri dövlətimizin başçısının mesajlarını düzgün dəyərləndirəcək və Minsk Qrupu kimi keçmişin qalıqları olan strukturların ləğvini tezləşdirəcəklər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »