Fevralın 14-də hamı tərəfindən gözlənilən o möhtəşəm an baş verdi. İlk növbədə, Azərbaycan xalqı və bütün beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin andiçmə mərasiminə şahidlik etdi. Əminəm, biz Prezidentin mərasimdəki çıxışına hələ çox müraciət edəcəyik. Şübhəsiz ki, buna böyük ehtiyac var. Səsləndirilmiş bir çox mesajın mənaları və açıqlamaları yalnız zamanla və müvafiq hadisələr baş verəndən sonra bizim üçün aydın olacaq. İnsanlar ölkəmizin həyatında yaşanmış bu gözəl hadisənin ilhamverici aurasının təsiri altında sabaha yeni və böyük ümidlərlə baxdığı zaman öz xəstə xislətlərinin təsiri altında yata bilməyən siyasətciklər həmin gecə xain və çürümüş içlərini ifşa edən qərəz dolu statuslar yazıblar. Kaş ki, bunların başları dövlətin və cəmiyyətin xeyrinə olan məsələlərdə də bu cür “sürətlə” işləyəydi. Ancaq bu, mümkünsüzdür, çünki bunların arzu və niyyətləri dövlətin, xalqın rifahı deyil, əksinə, cəmiyyətdə nifaq salmaqdır. Odur ki, yaramaz və obyektiv həqiqətdən çox uzaq qərəzli mülahizələri qabaqlamaq üçün dərin məzmunlu bəzi məqamları qısaca vurğulamaqda fayda var.
Bu fikirlər politoloq A.Adilin “İnam və güvən” sərlövhəli yazısında yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Razılaşaq ki, “Prezidentin çıxışı proqram xarakterli olubdur” kimi ifadələrdən istifadə çox kiçik səslənir və orada səsləndirilmiş fikirlər bu ifadəyə sığışmır. Çəkinmədən deyə bilərik ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi təsəvvür etdiyimiz proqramlardan çox-çox üstündür. Proqram xarakterli nitqləri isə dövlət başçısı əsasən hökumətin iclaslarında konkret hədəfləri müəyyən etdiyi zamanı səsləndirir.
Prezidentin budəfəki nitqi daha çox öz xalqı ilə üz-üzə edilmiş səmimi söhbətə bənzəyirdi. Milli Məclisin tribunasından çıxış edən Prezident sanki öz xalqına həm hesabat verir, narahatçılıq doğan məqamları səsləndirir və həm də gələcəklə bağlı niyyətlərini qeyd edirdi. Ailə başçısı öz övladları ilə səmimi söhbət edirmiş, onlara nəsihətlər verirmiş kimi sanki böyük bir ailənin üzvləri sevincli günü bir yerdə qeyd edirdilər. Azərbaycan mentallığının gözəlliyi və üstünlüyü budur. Milli birliyin kökündə duran dəyərlər budur. Təsadüfi deyil ki, Prezident andiçmə mərasimi zamanı əlini müqəddəs “Qurani-Şərif”ə basaraq məhz bu sözləri dedi: “Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.”
İnsanların diqqətini həqiqətdən uzaqlaşdıran, daha çox əyləncəli şouya bənzəyən və keçirilməsi üçün fantastik maliyyə vəsaitləri ayrılan Qərb ölkələrində təşkil olunan andiçmə mərasimlərindən fərqli olaraq Prezident İlham Əliyevin andiçmə mərasimi yenə də öz təvazökarlığı ilə seçildi. Yalnız mənəvi kasıblıq və düşüncə kasadlığı səbəb ola bilər ki, Prezidentin təvazökarlığının növbəti təzahürü olan bu cür andiçmə mərasimi “gizli mərasim” kimi dəyərləndirilsin.
Bəzilərinin özləri üçün örnək hesab etdikləri ABŞ-da təşkil olunan inauqurasiya mərasimlərini xatırlayaq: bir neçə gün davam edən konsertlər, ardı kəsilməyən ziyafətlər, məşhurların libas yarışları, təşkil olunan əyləncələr, televiziya məkanında ardı kəsilməyən bahalı tok-şoular, bahalı hədiyyələr və daha nələr-nələr. Gözə kül üfürmək üçün təşkil olunan bütün bu “parıltıların” tək hədəfi hansısa həqiqətləri gizlətməkdir. Odur ki, Prezidentin bütün bu “şoubazlıq”dan uzaq olan andiçmə mərasiminin “gizli mərasim” adlandırılmasının mənəviyyatsızlıq və siyasi əxlaqsızlıqdan başqa adı yoxdur.
Kontrastı daha aydın təsəvvür etmək üçün populist siyasətçilərin mövcud kontekstdəki ritorikalarının klassik vurğularına diqqət yetirək: demaqoq vədlər, ucuz populizm, əsassız iddialar, hamını hamıya qarşı mübarizəyə çağıran şüarlar, total şübhələr və s. Bunların əvəzinə biz cənab Prezidentin nitqində yalnız birlik, həmrəylik və xalqa güvən motivləri eşitdik. Heç birimiz üçün təəccüblü deyil ki, məhz elə bu amillər və cənab Prezidentin bu cür yanaşması düşmənlərimizi daha çox narahat edir.
Mövcud konteksti inkişaf etdirərək dövlətimizin başçısının çıxışında əksini tapmış növbəti sözlərə diqqət yetirək: “Bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter daşımırdı, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq”. Bəli, budur cənab Prezidenti fərqləndirən cəhət. Milli Məclisin tribunasından çıxış edən Prezidentin hər bir cümləsi bizə sabaha güvən və inam hissi bəxş edirdi. Zaman və yaşadığımız hadisələr bizə sübut edir ki, dövlətimizin başçısının siyasəti məhz güvən bəxş edən etibarlı siyasətdir. Övlad öz valideyninə güvəndiyi kimi, Azərbaycan xalqı da öz Liderinə güvənir. Bu güvən amili Azərbaycan dövlətinin və xalqının gücüdür. Təsadüfi deyil ki, bütün təxribatçı qüvvələrin demaqogiyalarının hədəfində qeyd etdiyimiz bu önəmli amillə bağlı şübhələrin yaradılmasıdır.
Mövcud kontekstdə olduqca əlamətdar məna daşıyan Prezident İlham Əliyevin çıxışından daha iki sitatı diqqətə çatdırmaq yerinə düşər: “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır” və “Bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu gündəlik həyatda görürük”. Dövlət başçısının qeyd olunan fikirlərində iki açar ifadə müəyyən oluna bilər: milli birlik və ideoloji təxribatlar. Azərbaycanla güc dilində danışmağın artıq mümkünsüzlüyünü anlayan Qərb cəmiyyətimizdə mövcud olan milli birliyə məhz ideoloji təxribatlar vasitəsilə zərər vurmağa çalışacaq. Qeyd olunanlar bir daha Prezidentin siyasi dialoqa nə qədər önəm verərək böyük diqqət ayırmasının və əksinə, radikalların niyə bütün vəchlə bu dialoqdan qaçmasının səbəbini bizə aşkar edir.