Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyasının (və ya Mülki Missiyasının) vaxtilə elan olunmuş ilkin razılıqlara tamamilə zidd olan fəaliyyətlərə yönəlməsi şübhəsiz ki, ciddi narahatlıq doğuran tendensiyadır. Aİ-nin sözügedən missiyası son vaxtlar həqiqətən də səlahiyyətlərini aşmağa, cızığından çıxmağa başlayıb.
Missiyanın Avropanın müxtəlif rəsmi şəxslərinin, qeyri-rəsmi nümayəndə heyətlərinin, o cümlədən Fransa Jandarmeriyasının briqada generalının Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə səfərlərinin fəal təşkilatçısı kimi çıxış etməsi Monitorinq Missiyasının öz işi ilə məşğul olmadığını, bu qurumun Azərbaycana qarşı hansısa təxribatçı planların hazırlanması üçün alətə çevrildiyini göstərir.
Azərbaycan və Ermənistan sərhədində artıq bir neçə aydır ki, tam sabitliyin hökm sürdüyü və hər iki tərəfin ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda, Aİ-nin Müşahidə Missiyasının sülh prosesinə töhfə vermək əvəzinə, destruktiv mövqe tutması olduqca xoşagəlməz haldır. Müşahidə Missiyasının üzvlərinin sərhədlərimizin yaxınlığında “binokl diplomatiyası” ilə məşğul olması artıq gülüş hədəfinə çevrilir.
Azərbaycan tərəfindən Ermənistana qarşı heç bir hücum təhlükəsinin gözlənilmədiyi halda, Aİ-nin mülki geyimli hərbçilərinin, dırnaqarası “müşahidəçi”lərinin guya Ermənistanın təhlükəsizliyinin təmin olunması məqsədi ilə sərhədlərimizin yaxınlığında durbinlərlə var-gəl etmələri tamamilə absurd görünür. Bu, Aİ-nin Ermənistanın təhlükəsizliyinə töhfə verməsi anlamına gəlməməlidir. Aİ-nin Missiyası Ermənistanın təhlükəsizliyinə töhfə vermir, Ermənistan üçün təhlükə mənbəyinə çevrilir. Onlar Azərbaycan Ermənistan arasında yaranmış kövrək etimad münasibətlərini pozmaqla məşğuldur.
Bu mənada Aİ-nin Monitorinq Missiyasının şübhəli fəaliyyətinin rəsmi Bakıda xüsusilə narahatlıq doğurması tamamilə təbiidir. Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalkonun Xarici İşlər Nazirliyinə (XİN) çağırılması və ona sözügedən Missiyanın regional sabitliyə töhfə vermək əvəzinə, Azərbaycan əleyhinə təbliğat vasitəsinə çevrildiyi barədə xəbərdarlıq edilməsi düzgün addımdır. Aİ-nin Ermənistandakı Monitorinq Missiyası onun üçün müəyyən olunmuş “qırmızı xətt”i keçməməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri