Avropanın üç əsas siyasi qurumunda – Avropa İttifaqında (Aİ), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) və Avropa Şurasında “xaç atası” rolunu üzərinə götürən və qoca qitənin geosiyasi vektorlarını müəyyən edən Fransa və Almaniyanın “xeyir-dua”sı ilə nəinki Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası (AŞ PA), eləcə də ayrı-ayrı Avropa ölkələrinin parlamentləri də bir mərkəzdən idarə olunan qurumlar kimi Azərbaycanın üzərinə “səlib yürüşü”nə çıxıblar. Səbəbi isə budur ki, onlar Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən, separatçılığa son qoymasından və müstəqil siyasət yürütməsindən narahat olublar.
Fransız və alman parlamentarlarının ardınca, Niderland və Çexiya parlamentlərinin də necə deyərlər, ümumi axına qoşulması və açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirməsi dərin təəssüf hissi doğurur. Niderland parlamenti Azərbaycan-Ermənistan münasibətlərini müzakirəyə çıxararaq Qarabağ ermənilərinin guya “etnik təmizlənmə”yə məruz qaldığını iddia edib. Elə həmin iclasda çıxış edən və deputatların anti-Azərbaycan fikirləri ilə həmrəylik nümayiş etdirən Niderland Krallığının xarici işlər naziri Brauns Slot isə yaxın günlərdə Bakıya və İrəvana səfər edəcəyini, Azərbaycan höküməti ilə ermənilərin müdafiəsi ilə bağlı müzakirələr aparacağını bildirib. Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova da İrəvana səfəri zamanı uydurma erməni təbliğatına istinad edərək Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib.
Görünən budur ki, Niderland və çex parlamentarlar da fransız və alman həmkarları kimi öncədən qərəzli mövqe tutaraq yalnız erməni “həqiqət”lərinə əsaslanmağa, Ermənistanın mövqeyini haqlı hesab etməyə üstünlük verirlər. Onlar üçün əks fikir, alternativ mövqe, erməni “həqiqət”lərindən başqa həqiqət yoxdur. Bu da klassik parlamentarizm prinsipləri ilə daban-dabana ziddir. Özünü parlament nümayəndəsi, deputat hesab edən şəxslər mütləq qarşı tərəfin də mövqeyini öyrəndikdən sonra məsələlərin gerçək mahiyyətini öyrənə və ədalətli qərar verə bilərlər. Lakin görünən budur ki, avropalı parlamentarilər bu təməl prinsipi çoxdan unudublar. Avropa parlamentlərinin ədalət tərəzisi birtərəfli işləyir.
Ona görə də Fransa-Almaniya tandeminin “dirijor çubuğu”nun işarəsi ilə hərəkət edən Niderland və Çexiya parlamentlərinin Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini alqışlamaq əvəzinə, ölkəmizə qarşı qondarma ittihamlarla çıxış etməsi heç də təəccüb doğurmur. Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəkləyən Avropa ölkələrinin Azərbaycana gələndə tamamilə əks mövqe tutması və erməni separatçılarına qahmar çıxması “ikili standart”ların təzahürüdür, riyakarlıqdır. Azərbaycan haqlı olaraq Avropa parlamentlərinin riyakar mövqeyini qınayır. Avropa parlamentləri sülh elçisi kimi yox, müharibə qızışdırıcıları kimi çıxış edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri