Paris niyə blokadaya alınır?
Qlobalist və nominalistlərin hökmranlıq etdiyi ABŞ, Almaniya, Fransa kimi ölkələrin dünyanın müxtəlif məntəqələrində törətdikləri şər əməllər enində-sonunda “bumeranq effekti” prinsipi ilə elə onların özlərinə qayıdır. Başqa sözlə desək, ilahi ədalət gec də olsa təcəlla edir, öz sözünü deyir, hökmünü verir. Bu gün Fransada baş verənləri də ilahi ədalətin “dəftər”inə yazmaq olar.
Budur, “sarı jiletlilər” hərəkatından və pensiya etirazlarından sonra Fransa ilk dəfədir ki, yenidən iflic vəziyyətinə düşüb. Yüzlərlə, minlərlə fermer Fransanın magistral yollarını, xüsusən də paytaxt Parisə aparan yolları bağlamağa davam edir.
Onlar bu cür etiraz üsulu ilə hökumətdən aqrar sahəyə dəstək tədbirlərinin genişləndirilməsini, pensiyaların artırılmasını, inflyasiyanın qarşısının alınmasını, xaricdən kənd təsərrüfatı məhsullarının idxalının azaldılmasını və Aİ-nin (Avropa İttifaqının) Fransanın kənd təsərüfatını çökdürməkdə olan bürokratik qanunlarından imtina olunmasını tələb edirlər.
Bu gün Fransanın əksər yolları traktorlar vasitəsilə bloklanıb. Bəzi yolları isə işlənmiş təkərlərlə, metal əşyalarla, taxta parçaları ilə bağlayıblar. Bəzi yollara hətta peyin, saman və s. töküblər. Bir sıra yollarda isə böyük tonqallar qalanıb.
Bir sözlə, fermerlər əllərinə keçən hər şeylə Parisi blokadaya almağa çalışırlar.
Makron bu yaxınlarda təyin etdiyi Fransanın Baş naziri Qabriel Attalın yaranmış böhranlı vəziyyətdən hansısa bir çıxış yolu tapacağına ümid bəsləyirdi. Lakin Q.Attalın hökumətin güzəştləri ilə bağlı etdiyi çıxışı da fermerlərin qəzəbini soyutmayıb.
Fermerlər Parisi ac qoymağı planlaşdırırlar. Düşünürlər ki, Makron yalnız bu halda yumşalıb onların tələblərini yerinə yetirəcək.
Özünü təkcə Fransanın deyil, bütün Avropanın şəriksiz lideri hesab edən Emmanuel Makron isə fermerlərin kütləvi etirazından şokdadır.
Qarabağdan öz xoşuyla gedən ermənilər üçün timsah göz yaşları axıdan, Fransa vətəndaşlarının problemləri ilə isə ciddi surətdə maraqlanmayan, qlobal kapitalist dairələrin mənafeyinə xidmət edən Makronun hazırkı kritik situasiyada hansı addımı atacağı xüsusilə maraq doğurur.
Parisin bəzi istiqamətlərində fermerlərin blokada cəhdlərinin və şəhərə girişinin qarşısının alınması üçün hətta zireli döyüş maşınlarının da hazır vəziyyətə gətirildiyi bildirilir. Fermerlərin qarşısında aciz qalan “böyük” siyasətçinin rəqibləri isə fürsətdən yararlanıb birmənalı surətdə fermerləri dəstəkləyirlər.
Siyasi rəqibləri Makronu eyni zamanda vətəndaşların etiraz hüququna və ümumiyyətlə, ölkədə insan haqlarına sayğısız yanaşmaqda ittiham edirlər. Halbuki Makron cəmi 14-15 gün öncə Davis Forumunda ağzı köpüklənə-köpüklənə Qərb demokratiyasını, universal dəyərləri qorumağın vacibliyindən dəm vururdu.
İndi baxaq görək ermənilərin hüquqlarının müdafiəçisi rolunda çıxış etməyi çox sevən Fransa prezidenti sadə fransızların da hüquqlarını qorumaq üçün eyni canfəşanlığı edəcəkmi?
Bu, danılmaz faktdır ki, Fransa “Böyük yeddilər” (G-7) qrupuna daxil olan ən böyük supergüclərdən biri olsa da, lakin kənd təsərrüfatı sahəsində ən bərbad duruma düşən ölkələrdən sayılır. Xüsusən də fransız fermerlərin bir çoxu son illərin ən aşağı yoxsulluq həddinə düşüb. Bunu da Makronun “nailiyyət”lərindən biri hesab etmək olar.
Lakin burnunu dünyanın hər yerinə soxmağa çalışan Makron, heç olmasa, “Öncə Amerika!” şüarını irəli sürən Donald Tramdan dərs ala bilərdi.
O, indi ilk növbədə dünya ağalığı və sərsəm Napoleonluq iddiasından əl çəkib, öncə Fransanın iç problemlərini yoluna qoymaqla məşğul olmalıdır. Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz isə Fransasız da ötüşər.
Bəybala Mirzəyev, araşdırmaçı jurnalist