Almaniyada yaşayan diaspor fəalı və beynəlxalq hüquq üzrə eskpert Asəf Əsgər Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Almaniya nümayəndə heyətinin üzvü, anti-Azərbaycan mövqeyi ilə fərqlənən Frank Şvabbeyə etiraz məktubu ünvanlayıb.
Məktubda bildirilir: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur, Qarabağ iqtisadi rayonu var. Yəqin ki, mən “Dağlıq Almaniya” ifadəsini işlətsəm, dövlətinizin adını düzgün demədiyim üçün dərhal mənə irad tutarsınız. Odur ki, siz də Azərbaycanın inzibati rayonunun adını doğru deməli və buna alışmalısınız”.
Diaspor fəalı siyasi məhbuslar və insan hüquqları məsələsində AŞPA deputatlarının səmimiliyinə inanmadığını söyləyib. “Qarabağda separatizmin başında duran, sonra Ermənistanın prezidenti olmuş Robert Koçaryan və Serj Sarkisyan cütlüyü korrupsioner, cinayətkar olmaqla yanaşı, Xocalı soyqırımının birbaşa iştirakçılarıdır. AŞPA-da bu cinayətkarların çıxışlarını ayaqüstə alqışlayan avropalı deputatların bizi məsuliyyətsizlikdə ittiham etməsi gülüncdür”.
Şvabbenin “ 7 fevralda keçirilicək prezident seçkilərinə AŞPA müşahidəçilərinin dəvət olunmaması” iradına diaspor fəalı belə cavab verib: “Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlağı və AŞPA deputatları, o cümlədən siz buna göz yumdunuz. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ölkəmizə qarşı qərəzli və böhtan dolu qətnamələr qəbul olunub. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə mane olmağa çalışan bu qurum Azərbaycandakı prezident seçkilərinə nə üçün dəvət edilməlidir?!”.
Diaspor fəalı onu da vurğulayıb ki, indiyədək hansısa iri Avropa dövlətinin prezident seçkilərində Azərbaycan nümayəndə heyətinin həmin ölkəyə dəvət olunması faktına rast gəlməyib.
Deputata mövcud beynəlxalq qanunlara hörmətlə yanaşılmasının önəmini xatırladan diaspor fəalı Ermənistanın və Qarabağdakı erməni separatçılarının Azərbaycana qarşı törətdiyi təcavüzkar, etnik təmizləmə, deportasiya, soyqırımı, terror, vandalizm əməllərinə görə hansı beynəlxalq qurumun məsuliyyət daşımalı olduğunu soruşub: “Niyə o zaman Ermənistan tərəfindən işğal olunmuş Laçın dəhlizinə gəlmədiniz? Niyə ermənilərin Xocalıda dinc, etnik azərbaycanlılara qarşı törətdikləri soyqırımı vicdanlı Almaniya nümayəndə heyəti görmədi? Almaniyanın AŞPA-dakı nümayəndə heyəti və bütün Avropa siyasətçiləri 30 ildir bu suallara cavab verə bilmədiyi üçün vicdan əzabı çəkirmi?”.\\modern.az\\