Son günlərdə Avropadan Azərbaycana qarşı hücumların yenidən artması onu göstərir ki, Cənubi Qafqaz regionunda tam müstəqil siyasət yürüdən və gerçək mənada regionun liderinə çevrilən bir dövlətin mövcudluğu nə Avropa İttifaqının (və Avropa Parlamentinin), nədəki Avropa Şurasının maraqlarına uyğun deyil. Adı çəkilən beynəlxalq qurumların siyasi kursunu və ayrı-ayrı ölkələrə qarşı münasibətini isə əsas etibarilə iki qlobal aktor – Fransa və Almaniya formalaşdırır. Hamımıza bəllidir ki, hər iki ölkənin Azərbaycana qarşı münasibəti qərəzli və qeyri-obyektivdir. Avropa Şurası Parlament Asambleyasının (AŞPA) ölkəmizə qarşı son demarşının arxasında da məhz Fransa-Almaniya tandemi dayanır.
Ölkəmizə qarşı hər zaman qərəzli və “ikili standart”lı münasibət sərgiləyən AŞPA-nın qış sessiyasının ilk iclasında səsvermə hüququnun məhdudlaşdırılması barədə qərar qəbul etməsi müasir Avropa ədalətsizliyinin son həddi idi. Orta əsrlər xaçpərəst Avropasının modern səlibçiliyi ilə və siyasi faşizmi ilə üzləşən Azərbaycan nümayəndə heyəti təbii ki, bu ədaləıtsizliklə barışa bilməzdi. Bu mənada mən Azərbaycan nümayəndə heyətinin AŞPA-da hökm sürən dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda bu qurum ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq barədə bəyanat səsləndirərək, daha sonra məkanı tərk etmək qərarını heç də gözlənilməz hesab etmirəm. Nümayəndə heyətimizin belə bir qərar qəbul etməsi gözlənilən idi və bu addım təqdirəlayiq addım kimi, tarixi cəsarət nümunəsi kimi, beynəlxalq münasibətlərdəki ədalətsizliyə qarşı açıq etiraz kimi qiymətləndirilməlidir. Bütün vətənpərvər insanlarımız Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini qeyri-müyyən müddətə dayandırmaq barədə verdiyi qərarı birmənalı dəstəkləyir.
Nümayəndə heyətimiz bu addımı ilə açıq mesaj verdi ki, get-gedə həm nüfuzunu itirməkdə olan, həm də ksenofobiya, islamofobiya, türkofobiya ideyalarının daşıyıcısına çevrilən, ermənilərdən artıq erməniçilik etməyə səy göstərən ədalətsiz bir qurumla bundan sonra əməkdaşlığı davam etdirməkdə maraqlı deyil. Ölkəmizə qarşı haqsız və ədalətsiz hücumların cavabı məhz bu cürə sərt olmalıydı. Bununla AŞPA-nın “xaç ata”ları olan Fransa və Almaniyaya da bir daha ismarıc verildi ki, suveren Azərbaycan ilə konstruktiv əməkdaşlıq etmək əvəzinə, onu əsassız ittihamlarla küncə sıxışdırmağa çalışmaq və təzyiqlərə məruz qoymaq əks effekt verəcək, Avropa təşkilatlarının özləri üçün mənfi nəticələrə gətirib çıxaracaq.
Nümayəndə heyətimizin bu addımı göstərdi ki, AŞPA-da qalıb fəaliyyəti davam etdirmək artıq Azərbaycan üçün əhəmiyyətli sayılmır və prioritet hesab olunmur. Çünki vaxtilə Azərbaycan ilk növbədə məhz Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Lakin sözügedən qurum, o cümlədən Avropa Şurasının əsas instansiyalarından biri olan Parlament Asambleyası 2001-ci ildən 2023-cü ilin 19-20 sentyabrına qədər ərazilərimizin işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqlarının bərpa edilməsi və erməni separatizminə son qoyulması istiqamətində heç bir addım atmayıb. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq bu məsələləri özü çözdü, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi, torpaqlarını işğaldan azad etdi, separatizmə son qoydu, suverenliyini bərpa etdi. Bu isə o deməkdir ki, hazırda nəinki dünyada, hətta Avropanın özündə ciddi nüfuzu olmayan Avropa Şurası kimi faydasız bir quruma və onun parlament strukturuna Azərbaycanın heç bir ehtiyacı yoxdur.
AŞPA-nın Azərbaycana qarşı demarşını müəyyənləşdirənlər bu addımın hansı nəticələri doğura biləcəyini öncədən hesablamalıydılar. Bizim nümayəndə heyətimizin məlum qərarı verməsi o deməkdir ki, AŞPA Azərbaycana yox, Azərbaycan AŞPA-ya daha çox lazım idi. Qardaş Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Zeynep Yıldızın qurumun iclasında bildirdiyi kimi Azərbaycanın AŞPA-da olması bu qurumun güclü tərəfi idi. AŞPA plüralizm fəlsəfəsinə sadiq qalaraq müxtəlif mədəniyyətlər arasında dialoq platforması olmalıydı. Və bu gün AŞPA-nın müxtəlif münaqişələri həll edib yoluna qoymağı bacaran dünyəvi təşkilat ola bilməsi üçün Azərbaycana, Azərbaycanın təcrübəsinə ehtiyacı vardı. Lakin gerçək parlamentarizm ənənələrinin, fikir müxtəlifliyinin, əsl demokratiyanın və ədalətin hökm sürməli olduğu Parlament Assambleyasında dözülməz irqçilik, islamofobiya, liberal faşizm mühitinin hökm sürməsi Azərbaycan nümayəndə heyətinə AŞPA ilə əməkdaşlığı dayandırmaqdan başqa bir seçim imkanı qoymadı. Rəsmi Bakının qurumla səmimi və bərabərhüquqlu əməkdaşlıq üçün bütün cəhdlərinə baxmayaraq AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyindən və haqsızlığından əl çəkmməsinin fonunda Azərbaycan nümayəndə heyətinin məlum qərarı qəbul etməsi əlbəttə ki, tamamilə düzgün addımdır.
Biz bu addımımızla AŞPA-nın ermənipərəst siyasətinə etirazımızı ortaya qoyduq. AŞPA-nın ölkəmizə qarşı itihamlarının və təzyiqlərinin kökündə əslində insan haqları və siyasi məhbus məsələləri yox, məhz Azərbaycanın Qarabağı işğaldan azad etməsini və erməni separatizminə son qoymasını həzm edə bilməmələri həqiqəti dayanır. Fransanın “dirijor”luq etdiyi AŞPA-nın ölkəmizi “Qarabağdan erməni əhalisinin zorla çıxarılması”nda ittiham etməsi də bu həqiqəti təsdiqləyir. AŞPA bu cür gülünc və həyasız ittihamı irəli sürməklə ilk növbədə özünü ifşa edir. Ermənistanın 30 il ərzində apardığı işğal siyasətini heç vaxt qınamayan və mənim kimi yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi ilə qətiyyən maraqlanmayan bir qurumun indi Azərbaycanı “Qarabağdan erməni əhalisinin zorla çıxarılması”nda ittiham etməsi əsl riyakarlıq nümunəsi və açıq-aşkar xristian təəssübkeşliyidir.
Azərbaycan tam 23 il ərzində AŞPA-nın bu cür aşkar təəssübkeşliyinə, ermənipərəstliyinə və Fransanın bu qurumdan Azərbaycana qarşı təzyiq platforması kimi istifadə etməsinə, Frank Şvabe kimi həqiqətə kor olan imperialist güclərin əlaltılarının ədalətsiz ittihamlarına qarşı mümkün olduğu qədər təmkinlilik nümayiş etdirib və daim konstruktiv əməkdaşlığa səy göstərib. Lakin Azərbaycanın da dözümünün, təmkinliliyinin bəlli bir həddi, limiti var. Bu baxımdan AŞPA-dakı nümayəndə heyətimiz ölkəmizə qarşı hücuma keçən bir təşkilatda fəaliyyəti davam etdirməyin indiki mərhələdə Azərbaycana lazım olmadığına və qurumda fəaliyyətimizin dondururulmasına tam da vaxtında qərar verdi. Adekvat cavabdır. AŞPA-dakı liberal, solçu faşistlərin cavabı məhz bu tərzdə, bu tonda verilməliydi.
Azərbaycana qarşı başladılan qərəzli kampaniyaya bu cür sərt, tutarlı şəkildə cavab verməklə AŞPA-nı intriqa yuvasına, siyasi reketçilik vasitəsinə çevirənlərə yerlərini göstərdik. Biz bununla öz ərazi bütövlüyünü bərpa edən və Ermənistanla sülh sazişinə doğru irəliləyən, Cənubi Qafqazda qalıcı sülhün bərqərar olması üçün hər cür səy göstərən bir ölkəyə qarşı hücumların əsassız olduğunu göstərmək istədik. 30 il işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq Azərbaycanın sülh istəməsini, sülh prosesinin müəllifi olmasını və məğlub ölkəyə – Ermənistana sülh əlini birinci uzatmasını AŞPA görməzdən gəlməməliydi. Bu cür addımlarımızın nəzərə alınmaması və bunun əksinə olaraq Azərbaycana qarşı əsassız itihamlarla çıxış etməsi bir daha AŞPA-nın siyasi riyakarlığını üzə çıxardı. Frank Şvabenin təşəbbüsü irəli sürərkən həqiqəti əks etdirməyən qərəzli çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması” iddiasını və “AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması” kimi qiymətləndirməsi bu qurumdakı mühitin yalan və saxtakarlıq üzərində bərqərar olduğunu və AŞPA-nın ilkin prinsiplərindən tamamilə uzaqlaşdığını, onun Avropadakı ayrı-ayrı siyasi qrupların, antoqonist qüvvələrin əlində öz lokal maraqlarının təmin edilməsi üçün alətə çevrildiyini göstərir.
Bəli, əfsuslar olsun ki, Azərbaycanın daim xoş məramla yanaşdığı AŞPA bu gün siyasi intriqalar, siyasi korrupsiya, ikili standartlar, liberal şovinizm yuvasına çevrilib. Fransa və Almaniyanın AŞPA-nı, Avropa Parlamentini Azərbaycan kimi, Macarıstan kimi ölkələrə qarşı “siyasi dəyənək” qismində istifadə etməsi və çirkin kampaniya aparması sonda bu qurumların tamamilə iflasına gətirib çıxaracaq. Azərbaycan nümayəndə heyətinin addımı AŞPA-nın iflasının başlanğıcıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri