İlham Əliyev 2 sərəncam imzaladı

0

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

İctimai Rəy sərəncamın mətnini təqdim edir:

1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştiraka cəlbetmə ilə bağlı məsuliyyət müəyyənləşib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.2-ci maddəsində “cinayət əməllərinə və ya fahişəliyə” sözləri “cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə” sözləri ilə əvəz edilib.

Belə ki, daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görəcəklər.

Bununla bağlı, həmçinin “Polis haqqında”, “Ümumi təhsil haqqında” qanunlara da müvafiq dəyişikliklər edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »