Son günlər paytaxtda baş verən bir neçə yanğın və patlayış hadisələri bir daha müvafiq qurumların, ayrı-ayrı şəxslərin məsuliyyətsizliklərini ortaya qoydu. Yeni ilin ilk ayının 15 günündə baş vermiş bu kimi bədbəxt hadisələr 10-a yaxın vətəndaşımızın həyatına son qoydu. Təəssüfedici məqam ondan ibarətdir ki, az qala hər gün bu kimi bədbəxt hadisələrlə üzləşsək də, ətrafımızda partlamağa hər an hazır olan “bomba”ları görməzdən gəlirik. Elə 20 Yanvar metrostansiyasınıbn keçidindəki hazırkı durumu da partlamağa hazır “bomba” hesab edə bilərik.
Məlumat üçün qeyd edək ki, digər metrostansiyaların keçirdlərində də oxşar ticarət növü mövcud idi və zaman-zaman həmin obyektlər digər keçidlərdən yığışdırıldı. Lakin 20 Yanvar metrostansiyasının keçidində hələ də şıdırğı ticarət davam etməkdədir. Ərazidə fəaliyyət göstərən sahibkarlarla etdiyimiz söhbət zamanı hansı səbəbdən keçiddə ticarətin ləğv edilmədiyi məlum oldu. Təbii ki, burada söhbət keçiddəki ticarəti himayə edən qara əllərdən gedir. Bu barədə növbəti yazılarımızda. Ancaq hələlik sözügedən ərazidə hər an bizi gözləyən təhlükə barədə danışaq.
Ərazidə xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə söhbət zamanı məlum oldu ki, onların mütləq əksəriyyətinin ərazidə hər hansı yanğın baş verəcəyi təqdirdə onu söndərmək üçün yanğınsöndürən balonları belə yoxdur.
Yanğından söz düşmüşkən, Allah eləməmiş kimi keçiddə hər hansı bir yanğın hadisəsi baş verəcəyi təqdirdə orada hansı miqyasda böyük bir fəlakətin meydana gələcəyini düşünmək belə qorxuncdur. Təsəvvür edin, yanğın baş verən anda metrodan çıxan yüzlərlə sərnişin, onun üzərinə keçidlə hərəkət edən və orada ticarətlə məşğul olan bir o qədər sayda insan. Fikirləşmək belə qorxuludur.
Ərazidə apardığımız müşahidələrdən gəldiyimiz qənaət də ondan ibarətdir ki, bura həqiqətən də partlamağa hazır olan bombadır. Satıcıların təhlükəsizlik qaydalarına riayət etmədən keçiddə siqaret çəkmələri, bəzilərinin elektrikli qızdırıcı sobalardan istifadə etməsi ərazidə istənilən anda bədbəxt hadisə yaşanma ehtimalını artırır. Ancaq təəssüflər olsun ki, sözügedən ticarət obyektinin işlənməsinə şərait yaradan qara əllər bu faciəni hər ötən gün daha da yaxınlaşdırır. Əks təqdirdə keçiddən bir addımlıq kənarda, metronun yaxınlığındakı ticarət mərkəzində həmin sahibkarların yerləşdirilməsinə nail ola bilərlər. Yaxud elə metronun yaxın ətrafında kifayət qədər boş ərazilər var ki, həmin yerlərə də keçiddəki ticarətin köçürülməsi və işin orada təşkili mümkündür. Ancaq nədənsə kimlərsə yeni bir faciənin baş verməsi peşindədir.\\newscenter.az\\