Azərbaycan Respublikası Elm və Təhsil Nazirlyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin qalibi olan “Sağlam məktəbli spartakiadası – qız məktəbliləri arasında idman yarışlarının təşkili” layihəsinin açılış mərasimi keçirilib.
Quba şəhər 7 nömrəli tam orta məktəbində təşkil olunan açılış mərasimində çıxış edən layihə rəhbəri, Quba şəhər 7 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Müşfiq Rəsulov layihə haqqında geniş məlumat verib.
Layihə rəhbəri bildirib ki, layihənin əsas məqsədi qızlar arasında idmanın, sağlam həyat tərzinin təbliğ edilməsinə dəstək verməkdir.
Layihə çərçivəsində 7-8-9-cu siniflərdə təhsil alan qızlar arasında voleybol, 3*3 basketbol və stolüstü tennis idman növləri üzrə yarışlar keçiriləcəkdir.
Voleybol yarışları Quba rayonunun Alekseyevka kənd tam orta məktəbində, basketbol yarışları Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbində, stolüstü tennis üzrə yarışlar isə Quba rayonu Məckə-Xacə kənd tam orta məktəbində təşkil olunacaqdır. Ümumlikdə, yarışlarda 128 nəfər qız şagirdin əhatə edilməsi planlaşdırılmışır.
Tədbirdə iştirak edən Quba şəhər 7 nömrəli tam orta məktəbinin direktoru Paşa Süleymanov çıxışı zamanı bildirib ki, layihə indiki dövr üçün şagirdlərin oturaq həyat tərzindən uzaqlaşıb idmanla məşğul olması baxımından çox əhəmiyyətlidir.
Yarışların hakim-ekperti, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məkəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov layihə çərçivəsində görüləcək işlərlə bağlı məlumat verib.
Tədbirdə layihənin icra olunacağı ərazilərdə olan məktəblərin – Quba rayonunun Alekseyevka, Dağlı, Digah, Rustov, Məckə-Xacə, Qam-qam, Püstəqasım, Təngəaltı, Səbətlər, Hacıhüseynli, Birinci Nügədi kənd 1 nömrəli, Şuduq kənd tam orta, Növdün kənd ümumi orta, Zərdabi, Bağbanlı, Qaraçay qəsəbə Quba şəhər 7 nömrəli tam orta, Fiizika, Riyaziyyat, İnformatika Təmayüllü Lisey və Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimləri iştirak edib.