Prezident İlham Əliyevin ilin başlanğıcında (yanvarın 10-da) yerli televiziya kanallarına verdiyi növbəti böyük müsahibəsinin istər qonşu ölkələrdə, istərsə də dünya mediasında geniş müzakirələrə səbəb olması, heç şübhəsiz ki, sözügedən müsahibədə bir sıra mühüm mesajların yer almaı ilə bağlıdır. Xüsusən də Fransanın 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistanı silahlandırmağa çalışmasının və Azərbaycana münasibətdə təxribatlara yol verməsinin Cənubi Qafqazda davamlı sülhə nail olunmasına ciddi maneə törətməsi və bu addımların fransız neomüstəmləkəçiliyinin tərkib hissəsi olması barədə səsləndirdiyi fikirlər olduqca əhəmiyyətlidir.
Fransanın ölkəmizə qarşı belə mənfi münasibətinin səbəblərinə və Parisin Bakıdan nə istədiyinə aydınlıq gətirməəyə çalışan dövlətimizin başçısı qeyd etdi ki, biz özümüz də bunu bilmək istəyirik. Çünki Fransa-Azərbaycan münasibətlərinin tarixinə nəzər salsaq, ilk dövrdə doğrudan da hər şey çox yaxşı başlamışdı. İkinci Qarabağ müharibəsinə qədər münasibətlər kifayət qədər normal idi və Fransa ən azından üzdə neytrallığını qoruyub saxlamağa çalışırdı. Fransa-Azərbaycan və Fransa-Ermənistan münasibətlərində zahiri balans qorunub saxlanılırdı. Prezident İlham Əliyev hətta Fransanın sabiq rəhbəri Jak Şirakın Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olması üçün uzun müddət Ulu Öndərimiz Heydər Əliyevi razı salmağa çalışması faktını da xatırladaraq bildirdi ki, Şak Şirak Fransanın neytral olacağı barədə verdiyi vədi pis-yaxşı yerinə yetirirdi. Hər halda zahirən də olsa bütün bunlar onun dediyi kimi təsir bağışlayırdı.
Lakin İkinci Qarabağ müharibəsi zamanı münasibətlər öz ənənəvi məcrasından çıxdı və sürətlə gərginləşməyə başladı. Daha doğrusu, Prezident İlham Əliyev bildirdiyi kimi qarşılıqlı münasibətlər hətta Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər birtərəfli qaydada pozulmuşdu. Dövlət başçımız bunun səbəbini ilk növbədə Fransa siyasi mühitində və ümumən qlobal siyasətdə nəsil dəyişimi ilə, siyasi elitaların deqradasiyası ilə əlaqələndirdi: “Görünür ki, Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi. Biz hazırda bunu təkcə Fransada deyil, həm də Avropa ölkələrinin əksəriyyətində müşahidə edirik. Öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar – populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük”.
Cənab Prezidentin bu qiymətləndirməsi hesab edirik ki, olduqca dəqiq qiymətləndirmədir. Bu gün Fransaya rəhbərlik edən Emmanuel Makronun istər Cənubu Qafqaza və Yaxın Şərqə, istərsə də Afrika qitəsinə və fransızların “dənizarxası” adlandırdığı ərazilərə münasibətdə yürütdüyü siyasət bir tərəfdən fransız neomüstəmləkəçiliyinin təzahürüdürsə, digər tərəfdən isə Fransa liderinin böyük siyasətdə həqiqətən də tamamilə təsadüfi şəxs olmasının göstəricisidir. Belə ki, xəstə təfəkkür sahibi olan Makron özünü Fransanın işğalçı imperatoru olmuş Napoleon Bonapart kimi aparmağa və öz aləmində Fransanın əvvəlki böyüklüyünü, hegemonluğunu qaytarmağa çalışır. Makrona elə gəlir ki, hazırkı Fransa son bir neçə yüz ildə öz mövcudluğunu müstəmləkə altında saxladığı ölkələrin amansızcasına istismarı üzərində qurduğu kimi bu gün də cinayətkar əməllərini davam etdirə bilər. Onun İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dönəmində açıq şəkildə ermənipərəst mövqe sərgiləməsi və anti-Azərbaycan fəaliyyəti aparmağa başlaması da ilk növbədə bundan qaynaqlanır.
Makronun İkinci Qarabağ müharibəsində Azərbaycanın labüd qələbəsini əngəlləmək və Ermənistanı rüsvayçı məğlubiyyətdən xilas etmək məqsədilə göstərdiyi cəhdlərinin heç bir nəticə verməməsindən danışan Azərbaycan Prezidenti həmin günlərdə Fransa liderinin ona dəfələrlə zəng etdiyini vurğuladı: “Həmin vaxt 44 gün ərzində Fransa Prezidenti dəfələrlə, hətta deyərdim ki, bu ifadəni işlətmək mümkündürsə, həddindən çox dəfələrlə zəng edirdi və baş verənlərə öz münasibətini bildirirdi. Detallara varmaq istəmirəm, çünki bu danışıqlar məxfi xarakter daşıyırdı, lakin danışdığımız məsələlərin bir hissəsi artıq ictimaiyyətə məlumdur. Hər halda onlar heç nəyə nail ola bilmədilər və müharibə Prezident Makronun və ya hər hansı başqa şəxsin deyil, Putinin vasitəçiliyi ilə dayandırıldı. Üçtərəfli Bəyanat da Fransa, Azərbaycan və Ermənistan arasında deyil, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalandı”.
Bəli, bu, Fransa diplomatiyasının açıq fiaskosu idi. Başqa sözlə desək, 44 günlük müharibədə təkcə Ermənistan yox, eyni zamanda Fransa da ciddi məğlubiyyətə uğradı. Fransa liderinin Azərbaycana qarşı bu cür açıq düşmənçiliyi, isterik və kinli münasibəti də məhz bundan qaynaqlanır. Hərçənd ki, İlham Əliyev Fransa prezidentinin realist davranacağına, onun yeni reallıqlarla barışacağına az da olsa ümid bəsləyirdi. O, bunu yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də vurğuladı: “Düşünürdüm ki, bu hadisələrdən sonra münasibətlərimizdə sağlam məntiq üstün olacaq və körpülər yandırılmayacaq, çünki bu, prinsip etibarilə nə Fransaya, nə də bizə lazımdır. Hərçənd hər bir ölkə bir-birini unudaraq sakit yaşaya da bilər. Bununla yanaşı, bütün bu proseslər davam edirdi və bildiyiniz kimi, həm parlament, həm də Senat qondarma “Artsax”ı tanıdılar”.
Qondarma “Artsax”dan söz düşmüşkən, Azərbaycan Prezidenti Paris şəhərinin ermənipərəst meri Enn İdalqonun Qarabağdan çıxan ermənilərə “fəxri vətəndaşlıq” verməsi faktına da haqlı olaraq sarkazmla reaksiya verdi: “Mənim qondarma “Artsax”ın dislokasiyası barədə tövsiyələrimi də yəqin ki, heç kim unutmayıb. Yeri gəlmişkən, onlar öz qüvvəsindədir, bəlkə də indi lokasiyanı dəyişmək olar, çünki bilirəm ki, Paris meri Qarabağdan çıxanlara fəxri vətəndaşlıq verib. Təklif edərdim ki, bəlkə də fəxri sözünü real vətəndaşlıq ilə əvəz etsinlər, onları Parisin mərkəzində yerləşdirsinlər və orada Artsax respublikası elan etsinlər. Amma bunu elə-belə, şərh qismində söylədim”. Azərbaycan Prezidentinin bu iynəli şərhi tək Paris merinə yox, həmçinin Makrona ünvanlanıb. Makron Azərbaycan Prezidentindən növbəti dəfə sarsıdıcı zərbə aldı.
Dövlətimizin başçısı sözügedən müsahibəsində Makronun Praqadakı görüşdə iştirakına razılıq verməyimizdən, həm Fransa xarici işlər nazirinin Azərbaycana səfər etməsindən, həm də bizim nümayəndələrin Fransaya səfərlərindən və beləliklə, münasibətlərin kələ-kötürlü də olsa davam etməsindən, lakin 19-20 sentyabrda baş tutmuş lokal antiterror əməliyyatından sonra isə münasibətlərin demək olar ki, mahiyyətcə dayandırılmasından danışdı və bildirdi ki, bu, bizim günahımız ucbatından baş verməyib. Sadəcə, Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı – qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi və sairə.
Lakin Fransanın bu səyləri, bu təşəbbüsləri də iflasla nəticələndi. Çünki Avropa ölkələrinin əksəriyyəti bizi dəstəklədi və Fransa nə Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnaməni qəbul etdirə bilmədi, nədəki Avropa İttifaqının ölkəmizə qarşı sanksiyalar tətbiq etməsinə nail olmağı bacarmadı. Fransa bunu emək üçün dövlətlərin zəruri sayını toplaya bilmədi. Hətta Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrelin və Avropa Parlamentinin ermənipərəst kəsiminin Fransanın Azərbaycana qarşı siyasətinə dəstək verənlərin arasında yer alması faktı da Makrona kömək etmədi. Bütün bunlar əlbəttə ki, Fransaya çox güclü siyasi zərbə idi. Çünki Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi biz onlara, necə deyərlər, öz meydançalarında qalib gəldik.
Lakin fransız həyasızlığının sonu görünmək bilmir. Siyasət və diplomatiya müstəvisində ağır məğlubiyyətlərə uğrayan Fransa, indi də eynən ermənisayağı vandalizm davranışlarına keçib. Prezident İlham Əliyev müsahibəsibəsində bu məqama da toxunaraq bildirdi ki, Fransa artıq öz-özlüyündə vandalizm aktı olan Natəvanın heykəlinin təhqir edilməsi, onun sellofana bükülməsi, Evian şəhəri ilə İsmayıllı arasında qardaşlıq sazişinin ləğv edilməsi kimi lüzumsuz hərəkətlərə əl atmağa başlayıb. İlham Əliyev Natəvanın heykəlinə qarşı vandal hərəkətləri Fransanın mənəvi deqradasiyanın ən aşağı nöqtəsinə yuvarlanması kimi dəyərləndirdi: “Deyə bilərəm ki, artıq kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir. Yəni, burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər. Biz onu bərpa etdik, daha doğrusu, yenidən dəqiq surətini ucaltdıq. Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü kimi, burada bir oxşarlıq var”.
Fransa dövlətinin və hökumətinin mənəvi naqisliyin, mənəvi eybəcərliyin ən aşağı səviyyəsinə enməsi, əlbəttə, hər birimizdə dərin təəssüf hissi doğurur. Lakin Fransanı düşdüyü bu mənəvi böhrandan, rəzalət bataqlığından xilas etmək bizim işimiz deyil. Biz Fransanın bütün anti-Azərbaycan hərəkətlərinə cavab verəcəyik. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, biz təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyilik. Biz adekvat cavablar veririk və verəcəyik. O cümlədən, fransız imperializminin zaman-zaman müstəmləkə ölkələrində törətdiyi ağlasığmaz vəhşilikləri haqqında faktları da, rəsmi Parisin hazırda Dənizaşırı ərazilərə münasibətdə yürütdüyü yeni müstəmləkəçilik siyasətini də dünya birliyinin gündəminə gətirəcəyik. Bura Fransanın ucbatından Əlcəzairdə indi də kənd təsərüfatı üçün istifadəsi mümkün olmayan böyük ərazilərin nüvə sınaqları ilə zəhərlənməsi, həmçinin fransızların Əlcəzairdə basdırdıqları minalardan insanların indi də həlak olması (mina terroru) faktlarını, milyon yarım əlcəzairlinin soyqırımına məruz qalması və müstəmləkə ölkələrində törədilmiş saysız-hesabsız başqa cinayətlər də daxildir. Bütün bunlar fransız neokolonializmin rüsvayçı təzahürüdür və biz bu cinayətlərin diqqətdən kənarda qalmasına yol verməyəcəyik.
Ən pisi də budur ki, özünü bütün dünyaya sivil dövlət kimi, “demokratiyanın beşiyi” kimi təqdim edən Fransa müstəmləkə illərində törətdiyi insanlığa qarşı cinayətlərdən hələ də düzgün nəticə çıxarmayıb. Və hələ ötən əsrin 50-60-cı illərində guya bütün dünyada müstəmləkəçiliyin başa çatmasının bəyan edilməsinə baxmayaraq Fransa bu gün də müstəmləkəçilik siyasəti yürütməkdən əl çəkmək istəmir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, “bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, viran qoyulmuş ölkələrin bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir. Qoşulmama Hərəkatının sədri kimi biz bu məsələni qaldırdıqda və Bakı təşəbbüsünü irəli sürdükdə müstəmləkə ərazilərinin – Fransanın dənizaşırı adlanan ərazilərinin nümayəndələrinin iştirakı ilə tədbirlər həyata keçiririk. Onların hər cür təzyiqlərə məruz qalması bizə məlumdur. Onları çağırır, profilaktikadan keçirir, hədə-qorxu gəlirlər… Nədənsə bütün bunlar haqqında indiyədək danışılmırdı. Bunların hamısı barədə susurdular, əlaqədar olmaq istəmirdilər, problemlərdən qorxurdular, təhdidlərdən çəkinirdilər və sairə. Amma biz qorxmuruq… Biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq, biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”.
Azərbaycanın həm Cənubi Qafqazda, həm də dünyanın bir çox başqa bölgələrində destruktiv siyasət yürüdən, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Fransa kimi qüdrətli bir dövlətin neokolonialist davranışlarına qarşı cəsarətli mövqe sərgiləməsi, Fransanın simasında özünə yeni havadar tapdığını düşünən və bu üzdən sülh prosesini müxtəlif bəhanələrlə yubadan Ermənistan hakimiyyətinə də ciddi dərs olmalıdır. Dövlət başçısımızın dediyi kimi biz bilirik ki, bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlaşdıran və növbəti müharibəyə hazırlayan birinci ölkə məhz Fransadır. Ermənistanı silahlandırma cəhdlərinin məqsədi də əslində gün kimi aydındır. Məqsədləri budur ki, bizi daim təzyiq altında saxlasınlar, postmüharibə dövründə inkişafımıza mane olsunlar və bizi bundan sonra da rahat yaşamağa qoymsınlar. Baş verən təxribatlar, ucuz hərəkətlər, məkrli səylər də hamısı buna xidmət edir. Ancaq bütün bu səylər səmərəsizdir və iflasa məhkumdur. Çünki biz İkinci Qarabağ müharibəsində də, lokal antiterror tədbirləri zamanı da hər kəsə göstərdik ki, bizimlə hədə-qorxu dili ilə, yaxud təkəbbürlə davranmaq mümkün deyil və biz istənilən an əməliyyat keçirə bilərik.
Televiziyalara müsahibəsində bu məqama xüsusi olaraq toxunan və həm Ermənistan rəhbərliyinə, həm də beynəlxalq aktorlara bir dəqiqə ərzində düyməyə basıb bu əməliyyatı keçirəcəyini, onların heç nə də edə bilməyəcəklərini açıq şəkildə dediyini vurğulayan dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır. Və biz sülh müqaviləsi ilə bağlı danışıqlar prosesində də heç bir zəmanətçiyə ehtiyac duymuruq. Ermənistan istəyir ki, Fransa kimi, ABŞ kimi ölkələrin simasında sülh müqaviləsinin hansısa zəmanətçiləri olsun. Lakin biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Çünki bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsi olacaq. Fransa kimi ölkələrin “missiya”sı şeytanlıq etmək, sülhə mane olmaqdır. Cənubi Qafqazda isə Fransa kimi şeytan dövlətlərə yer olmamalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri