Cənubi Afrika Respublikasının İsrailə qarşı irəli sürdüyü “Qəzzada Fələstin xalqına qarşı soyqırım törədilməsi” iddiasına bu gün Haaqa Beynəlxalq Ədalət Məhkəməsi baxılacaq.
İctimai Rəy xəbər verir ki, Hollandiyanın Haaqa şəhərində yerləşən Sülh Sarayında (Vredespaleis) başlayacaq məhkəmənin ilk günündə Cənubi Afrika Respublikası soyqırım ittihamı ilə bağlı arqumentləri şifahi şəkildə ifadə ediləcək.
Cənubi Afrika Respublikası ilk növbədə İsrailin Qəzzada bütün hərbi əməliyyatlarını dərhal dayandırmaq üçün müvəqqəti göstəriş tələb edir. Ali Məhkəmə bu müraciətə prioritet kimi baxacaq.
İsrailin tələbi ilə bu gün və sabah keçiriləcək şifahi iclasların müddəti bir saat uzadılıb. Dinləmələr iki gün ərzində yerli vaxtla saat 10:00-13:00 (Bakı vaxtı ilə 13:00-16:00) arasında keçiriləcək və Beynəlxalq Ədalət Məhkəməsinin internet saytında canlı yayımlanacaq.
Xarici mətbuat sözügedən məhkəmə prosesini “tarixi hadisə” kimi xarakterizə edir. (Musavat.com)