2023-cü il üzrə təqdim edilmiş operativ məlumatlara əsasən, ötən il ərzində respublikada 48,3 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən bildirilib ki, qazın 12,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 26,2 milyard kubmetri “Şahdəniz”, 0,8 milyard kubmetri “Abşeron”, 8,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 23,8 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur. Avropaya 11,8 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 yanvar 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 216,3 milyard kubmetr, “Şahdəniz”dən isə 209 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 148,1 milyard kubmetri ixraca nəql edilib.
2023-cü il ərzində ölkədə 30,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 17,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı isə 7,8 milyon ton təşkil edib.
Bu dövrdə 25,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 22,1 milyon tonu konsorsiumun, 3,1 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 yanvar 2024-cü il tarixinədək 629,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 584,7 milyon ton neft, “Şahdəniz”dən isə 44,5 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 yanvar 2024-cü il tarixinədək 627,3 milyon tonu ixraca nəql edilib.
2023-cü il ərzində ölkədə neft emalı 6,5 milyon tona yaxın təşkil edib.