Ukrayna müharibəsində Rusiyaya daha yaxın olan İran Qəzzada İsrail və onun ən böyük dəstəkçisi olan ABŞ-la üz-üzədir.
İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, Britaniyanın SKY News telekanalı Tehranın hazırladığı yeni silahı “İranın Rusiyanın Ukraynadakı müharibəsi üçün hazırladığı yeni hücum PUA-sı” başlığı ilə təqdim edib.
Telekanal adını gizli saxladığı təhlükəsizlik mənbəsinə əsaslanaraq yazıb ki, İran Rusiya üçün yeni, yüksək texnologiyalı hücum PUA-sı hazırlayıb.
Xəbərdə yeni PUA-nın Shahed-101 PUA ailəsinin bir hissəsi olduğu barədə məlumatlar yer alıb.
SKY News-a danışan mənbə təxminən 2,5 metr uzunluğa və 3 metr qanad genişliyinə malik olan PUA-nın bir vasitədən atıla biləcəyini və 1500 kilometrə qədər mənzilə sahib olacağı təxmin etdiyini söyləyib. Yeni silah video üçün canlı yayım ötürücüsü ilə təchiz ediləcək.
Bu cür kəşfiyyat imkanları o deməkdir ki, PUA Ukraynanın cəbhə xəttində digər pilotsuz uçuş aparatları və ya silah sistemlərinin vurulması üçün hədəfləri müəyyən edə bilər.
Ukrayna və onun Qərb müttəfiqləri əvvəllər Tehranı Moskvanı Shahed-131 və Shahed-136 kimi tanınan yüzlərlə birtərəfli hücum PUA-ları ilə təmin etməkdə ittiham edirlər.
Rusiya Müdafiə Nazirliyi və İran Xarici İşlər Nazirliyi SKY News-un şərh sorğusuna hələ cavab verməyib.
Ukraynalı mənbə isə bildirib ki, yeni tip PUA-nın hazırlanması ilə bağlı iddia böyük ehtimalla doğrudur.
“Bizim sözügedən PUA növlərinin mümkün tədarükü ilə bağlı böyük narahatlığımız var”, – mənbə bildirib.