Millət vəkili Vüqar İskəndərov ABŞ haqqında şok məlumatları araşdırdı…

0

ABŞ-ın mədəni “soyqırımı” – Azadlıqları əlindən alınmış xalqlar toplusu…

“ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatı əslində, hesabatdan daha çox qərəzli mövqeyin sənəd üzərində yansımasını xatırladır. Çünki Azərbaycan bütün dünyada tolerantlıq, multikulturalizm cəhətdən özünü təsdiq etmiş bir dövlətdir. Və hələ indiyə kimi bu məsələdə ölkəmizdə neqativ hal müşahidə edilməyib. Həmçinin qərəzli ya qərəzsiz, heç dünya mətbuatında, yaxud beynəlxalq qurumların hesabatlarında da ölkəmizdə dini azadlıqlar barədə hər hansı bir xoşagəlməz hal qeydə alınmayıb. ABŞ-ın bu nəticəyə gəlməsində görünür, beynəlxalq statistika yox, hansısa bir barmaq rol oynayıb”

İctimai Rəy xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov bildirib ki, bu hesabatla bağlı diqqət ediləsi məqam hesabatın ermənilər tərəfindən tərtib olunmasıdır:

“Hesabatın Azərbaycana aid olan hissəsi rəhbəri Daniela Aşbaxyan olan ictimai xidmət tərəfindən hazırlanıb. Bu xanım Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub, Livanın Los-Ancelesdəki konsulluğunda işləyib. Bu isə ABŞ-ın erməni sevgisinin növbəti bariz nümunəsidir. Həm bu, həm də digər məqamlar, üstəlik, bu hesabata dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, “Abzas media” və s. bu kimi işlərin də daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir”.

Politoloq: Daniella Aşbaxyan Livanın ABŞ-dəkı səfirliyində işləyə-işləyə Azərbaycan əleyhinə hesabat yazır

Deputat qeyd edib ki, ABŞ-ın dünyaya demokratiya, insan hüquqlarından dərs keçməsinə baxmayaraq, özü daim ikili standartların başında duran bir dövlət olub: “Çoxsaylı müharibələr və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına səbəb olan məhz ABŞ-dır. ABŞ-ın qərəzli yanaşması, ikili standartları təkcə dünya ölkələrinə qarşı deyil. Elə öz vətəndaşlarına qarşı da bu dövlət daim qərəzli siyasət yürüdür. “The Washington Post”-un təhlillərinə əsasən, orta hesabla ABŞ-da polis hər il 1000-dən çox insanı öldürür. Təsəvvür edin ki, ABŞ-da ölümlə nəticələnən silahlı zorakılıq 2023-cü ildə təxminən 43.000 insanın ölümünə səbəb olub. Qurbanların təxminən 1700-ü uşaq və yeniyetmə olub. Həmçinin hər il təxminən 24,090 amerikalı öz həyatına qəsd edir ki, bu da orta hesabla gündəlik 66 nəfərin intihar etməsi deməkdir. Görün ölkədə vəziyyət hansı həddə çatıb ki, ABŞ-ın Vitse-prezidenti Kamala Harris ABŞ Konqresindən keçən il 650-dən çox kütləvi atışmanın şahidi olan ölkədə “silahlı zorakılığın bu epidemiyasına son qoymağı” xahiş edir. Yəni bu dövlət digər ölkələrin demokratiya, dini azadlıqlarla bağlı statistikasını aparınca, elə öz ölkəsində sabitlik yaratsaydı dünya da, necə deyərlər, dincələrdi. Azərbaycan çoxkonfessiyalı, multikultural bir ölkədir. Ölkəmizdə yaşayan heç bir millətin nümayəndəsi hər hansı qanunsuzluq və haqsızlıqla üzləşməyib. Amma bizə irad bildirən ABŞ-da bu hal minlərlədir. Statistikaya baxdıqda hər şey məlum olur. Polis tərəfindən güllələnərək öldürülən qaradərili vətəndaşların sayı digər millət nümayəndələrinin sayından 2 dəfə çoxdur. Həmçinin ispan amerikalıları da ən çox ölümə məhkum olmuş millətlərdəndir. Statistika göstərir ki, ABŞ əhalisinin 13 faizini təşkil edən qaradərililər 2021-ci ildə polis tərəfindən güllələnərək öldürülən vətəndaşların 27 faizini təşkil edib. Bu da o deməkdir ki, qaradərililər ağdərililərdən iki dəfə çox polis əməkdaşları tərəfindən güllələnib öldürülürlər. Təkcə 2022-ci ildə 2111 qaradərili polis tərəfindən qətlə yetirilib. 2022-ci ildə ABŞ-da irqlərə görə qətl qurbanlarının sayında da yenə ilk sırada qaradərili ABŞ vətəndaşları durur – 10470.

2017-ci ildən bu yana ABŞ-da polis tərəfindən öldürülən qaradərili insanların sayına nəzər yetirsək görərik ki, hər il yüzlərlə vətəndaş irqçilik zəminində bu mədəni “soyqırım”ın qurbanına çevrilir:

2017 – 981
2018 – 983
2019 – 999
2020 – 1020
2021 – 1048

Həqiqətən inkişaf etmiş ölkələr öz inkişafı ilə dünyaya yaxşı mənada töhvə vermək, sülhə rəvac vermək əvəzinə daim həm öz daxilində, həm xaricində qarışıqlıq, nifaq və xaosu seçməyə üstünlük verir. Biz isə kimin nə deməyindən asılı olmayaraq prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daim önümüzə baxaraq, inkişaf etməliyik. Çünki biz doğru yoldayıq”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »