Bu il TƏBİB-in tabeli tibb müəssisələri 4,8 milyon vətəndaşa tibbi xidmət göstərib.
İctimai Rəy xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu ilin yanvar-noyabr aylarında tabeli tibb müəssisələrində 4.8 milyon vətəndaşa xidmət göstərilib: “Ötən ilin müvafiq dövründə bu rəqəm 4,4 milyon olub. Bu il tibb müəssisələrinə ümumi müraciətlərin sayı isə 20.3 milyon təşkil edib. 2022-ci ildə bu rəqəm 16.3 milyon olub. Bu müddətdə vətəndaşlara 63.9 milyon (55.3 milyon ambulator, 8.6 milyon stasionar xidmətlər olmaqla), 2022-ci il üzrə isə 40.2 milyon (33.9 milyon ambulator, 6.3 milyon stasionar xidmətlər olmaqla) xidmət göstərilib”.
V.Qurbanov bu ilin yanvar-noyabr ayları ərzində göstərilən laborator xidmətlərin sayının 23.4 milyon (19.6 milyon ambulator, 3.8 milyon stasionar olmaqla) olduğunu deyib. 2022-ci ilin eyni dövrü ərzində isə bu rəqəm 10.7 milyon (8.2 milyon ambulator, 2.5 milyon stasionar olmaqla) təşkil edib:
“2023-cü ilin yanvar-noyabr ayları ərzində icra olunan əməliyyatların sayı 338 min, 2022-ci ilin yanvar-noyabr aylarında isə 296 min olub”.
İcraçı direktor bu il göstərilən tibbi xidmətlərin 59%-nin regionların payına düşdüyünü vurğulayıb.