Dekabrın 7-si ən yeni tariximizdə ən mühüm siyasi hadisələrdən birinin təməlinin qoyulduğu təqvim kimi yadda qalacaq. Söhbət Azərbaycanda gələn il növbədənkənar prezident seçkilərinin keçiriləcəyindən gedir. Belə ki, ötən gün Prezident İlham Əliyev bununla bağlı sərəncam imzaladı və seçkilər 2024-cü il fevralın 7-nə təyin edildi. Növbədənkənar Prezident seçkilərinin təyin olunması ilə bağlı sərəncamın imzalanmasına günün sürpriz hadisəsi də demək olar. Ekspertlər arasında isə Prezidenti İlham Əliyevin ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarını hətta “siyasi zəlzələ” kimi dəyərləndirənlər də oldu. Bəli, siyasi dairələrin geniş müzakirə mövzusuna çevrilən sözügedən qərarın verilməsi cəmiyyətimizi sözün yaxşı mənasında silkələdi və ölkəmizin siyasi mühitində yeni mərhələnin təməlini qoydu.
Təbii ki, indi əksər insanlarımız 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin kecirilməsi haqqında sərəncamın imzalanmasının hansı səbəblərdən, hansı zərurətdən qaynaqlandığını sıx-sıx müzakirə edir və bununla bağlı müxtəlif versiyalar irəli sürürlər. Biz isə öncə onu qeyd etməliyik ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. 2022-2023-cü illərdə dünyanın bir çox ölkələrində, o cümlədən Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan Qazaxıstan və Özbəkistanda da növbədənkənar prezident seçkiləri keçirilib. Bu baxımdan Azərbaycanın analoji addımı atmasında qeyri-adi heçnə yoxdur. İstənilən ölkə seçkilərin vaxtından əvvəl keçirilməsi hüququndan istifadə edə bilər. Qardaş Türkiyədə də dəfələrlə erkən parlament və prezident seçkiləri keçirilib.
Növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən amillərdən birincisi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasının yaratdığı yeni reallıqlarla bağlıdır. 2020-ci ilin sentyabrında başlanmış 44 günlük İkinci Qarabağ müharibəsi ərazi bütövlüyümüzün, 2023-cü il sentyabrın 19-20-də lokal antiterror tədbirləri isə suverenliyimizin tam bərpası ilə nəticələnib. Beləliklə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası siyasi proseslərdə də öz inikasını tapmalıdır. Bu mənada, sözügedən erkən seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti kimi tarixə düşəcək.
Önəmli olan məqamlardan biri də budur ki, Prezidentin məlum qərarının nəticəsi olaraq 2024-cü il fevralın 7-də müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu dəfə Xankəndidə, Şuşada da seçki məntəqələri fəaliyyət göstərəcək. Bu da 7 fevral seçkilərini Zəfər seçkiləri kimi dəyərləndirməyimizə tam əsas verir. Zəfər seçkisinin keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının memarı kimi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırmasının məntiqi nəticəsi hesab olunacaq.
Bu seçkilərə cəmiyyətin qalib Liderə siyasi etimadının, inamının yenilənməsi vasitəsi kimi də baxmaq olar. 44 günlük müharibədən sonra məğlub Ermənistanda növbədənkənar seçkilər keçirildisə və məğlub lider olan Nikol Paşinyan yenidən baş nazir seçildisə, öz ərazi bütövlüyünü bərpa edən, suverenliyini təmin edən və möhkəmləndirən Azərbaycanın da növbədənkənar seçkilər keçirməyə, qalib Azərbaycan xalqının öz qalib liderinə etimadını, dəstəyini yeniləməsinə tam mənəvi haqqı çatır. Azərbaycan xalqının bu haqqına kimsə müdaxilə edə bilməz. “Qarabağ Azərbaycandır!” şüarını dillər əzbərinə çevirən xalqımız Zəfər seçkilərində heç şübhəsiz ki, bu şüarı yaradan və onu uğurla həyata keçirən Prezident İlham Əliyevin yanında olacaq, onun xarici və daxili siyasətini, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək. Başqa sözlə desək, Zəfər seçkiləri İlham Əliyevə başladığı işləri uğurla davam etdirmək, Azərbaycan naminə böyük hədəfləri gerçəkləşdirmək fürsəti verəcək.
Sanballı elektoratı olmayan və ötən illər ərzində cəmiyyətdə bütün etibar limitini itirmiş radikallar isə həmişə olduğu kimi bu dəfə də inkarçılıq və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq hətta 5 min üzv toplamaqda belə böyük çətinlik çəkən radikal siyasi qüvvələr növbədənkənar seçkilərin keçirilməsi qərarını da öz “ənənə”lərinə uyğun olaraq top-tüfənglə qarşıladılar. Əli Kərimli 7 fevrala növbədənkənar prezident seçkisinin təyin edilməsini hakimiyyət tərəfindən bu seçkilərin də saxtalaşdırılacağına hazırlıq kimi dəyərləndirib. Bu da AXCP sədrinin ənənəvi münəccimliyinin təzahürüdür. Adam öz perspektivinin qaranlıq və ümidsiz olduğunu öncədən bildiyinə görə növbədənkənar seçkilərə elə ilk gündən “damğa” vurmağa başlayıb. Bu, onun köhnə taktikasıdır. Azərbaycanda isə yeni siyasi era başlayır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri