Azərbaycan ermənipərəst qüvvələrin “ikili standartlar” siyasəti ilə üzləşir

0
Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin bərpasından sonra Azərbaycan hökuməti üçün əsas prioritet sahələrdən biri də mina problemi ilə mübarizə aparılmasıdır. Əslində bu məsələ təkcə Azərbaycan hökuməti üçün deyil, bütün dünya birliyi üçün prioritet olmalıdır. Çünki hazırda Azərbaycan minalarla çirklənmiş ərazilərinin miqyasına görə dünyada ilk üçlükdə yer alır. Belə ki, təcavüzkar Ermənistan istər işğal dövründə, istərsə də 44 günlük müharibədən sonra ərazilərimizdə müxtəlif təyinatlı (sıx və ikiqat minalar, piyada və tank əleyhinə minalar, tələ-minalar və s.) basdırıblar.

Bunun nəticəsidir ki, azad olunmuş ərazilərdə 147 988 hektar sahə yüksək səviyyədə çirklənmiş ərazidir, 675 570 hektar sahə isə orta səviyyədə çirklənib. Bütövlükdə isə Ermənistan tərəfi ərazilərimizə bir milyondan çox mina basdırıb. Bu, Ermənistanın Azərbaycana qarşı ən böyük müharibə cinayətlərindən biridir. Başqa sözlə desək, Ermənistan Azərbaycana qarşı açıq şəkildə mina terroru ilə məşğuldur. Və bu rəzalət beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verir. Beynəlxalq təşkilatlar və Ermənistana havadarlıq edən ABŞ, Fransa kimi ölkələr BMT konvensiyaların ermənilər tərəfindən pozulmasına göz yumur.

Ermənistan tərəfi “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini, BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəalarını kobud şəkildə pozur. Bütün mənəvi dəyərləri tapdayan erməni vandalları hətta tarixi abidələrimizin yerləşdiyi məkanları, qəbiristanlıqları da minalayıblar. Bu da postmüharibə dönəmində mina qurbanlarının sayının daha da artmasına səbəb olur. Təsadüfi deyil ki, Üçtərəfli Bəyanatın imzalandığı 10 noyabr 2020-ci il tarixindən 2023-cü ilin noyabr ayının sonlarına kimi 337 nəfər vətəndaşımız minaların və digər partlayıcı qalıqların qurbanı olub, 65 nəfər həyatını itirib, 272 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ərazilərimizin kütləvi şəkildə minalarla çirklənməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin sürətinə də mənfi təsirini göstərir. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılması təbii ki, ilk növbədə həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsindən asılıdır. Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdışa dair I Dövlət Proqramı”na əsasən, ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işləri 2026-cı ilə qədər tamamlanmalıdır. Bunun üçün olduqca böyük məbləğdə maliyyə vəsaiti tələb olunur. Söhbət təxminən 25 milyard dollardan gedir. Beynəlxalq təşkilatlar isə son üç ildə mina təmizləmə işləri üçün Azərbaycana cəmi 10 milyon dollar yardım ayırıb. Bu da göstərilən yardımın nə qədər kiçik olduğunu ortaya qoyur.

Çox təəssüf ki, beynəlxalq təşkilatlar və iri dövlətlər mina qurbanları ilə həmrəylik göstərmək və mina probleminə qarşı mübarizənin genişləndirilməsi istiqamətində Azərbaycana dəstəklərini artırmaq əvəzinə, beynəlxalq hüquqa zidd mövqe tutaraq təcavüzkar Ermənistanı müdafiə etməyə, onu Azərbaycana qarşı revanşizmə təhrik etməyə, son üç ildə Cənubi Qafqazda təşəkkül tapmış sabitliyi yenidən pozmağa səy göstərirlər. Beynəlxalq hüquq və ədalət sistemi o dərəcədə sarsılıb ki, ABŞ, Fransa və Avropa İttifaqı bu gün terrorçu Ermənistana qarşı yox, mina terrorunun qurbanı olan Azərbaycana qarşı təzyiqləri artırmağa davam edir. Bu, misli görünməmiş paradoksal bir haldır. Azərbaycan ermənipərəst qüvvələrin “ikili standartlar” siyasəti ilə üzləşir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »