Yekun sülh sazişinin əldə edilməsi üçün delimitasiya işinin başa çatdırılması vacibdir

0

Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin delimitasiya və sərhəd təhlükəsizliyi məsələlərini müzakirə etmək üçün ötən gün Qazax-İcevan sərhədində keçirilən görüşünün nəticələrinə pozitiv yanaşmaq mümkündür. Müxtəlif bəhanələrlə özlərini prosesə pərçim etmək və vasitəçi statusunu qazanmaq istəyən ABŞ, Rusiya, Fransa, Aİ-nin iştirakı olmadan baş tutan beşinci görüşdə əvvəlki görüşlərdən fərqli olaraq bir sıra məsələlər üzrə ilkin razılaşmalar əldə edilib.

Görünən budur ki, Ermənistan tərəfi ABŞ-ı və Qərbi əsassız iddialarla Azərbaycanın üzərinə siyasi-diplomatik hücumlara təhrik etməklə rəsmi Bakıya təzyiq göstərməyin və sülh müqaviləsinin imzalanmasını, sərhədlərin müəyyən edilməsini süni surətdə yubatmağın səmərəsizliyini anlayıb. ABŞ-ın Azərbaycana qarşı demarşının nəticəsizliyi də Ermənistanın hərbi-siyasi hakimiyyətini düşünməyə vadar edir.

Paşinyan iqtidarı başa düşür ki, Ermənistanın bu cəhdləri əks effekt verir və ilk növbədə onun öz inkişafını ləngidir. Ona görə də görüş öncəsi müxtəlif ekspertlər tərəfindən irəli sürülən bütün bədbin öncəgörmələrə və təxminlərə rəğmən noyabrın 30-da məlum sərhəd görüşü baş tutdu. Ümid edək ki, rəsmi İrəvan bundan sonra qeyri- konstruktiv yanaşmalardan əl çəkərək növbəti görüşlərin keçirilməsinə süni əngəllər törətməyəcək və delimitasiya məsələlərinin sürətləndirilməsinə səy göstərəcək.

Çünki yekun sülh sazişinin əldə edilməsi üçün delimitasiya işinin başa çatdırılması, hər iki ölkənin sərhəd təhlükəsizliyinə qarşılıqlı zəmanət verilməsi olduqca vacibdir. Nəzərə almalıyıq ki, sülh sazişinin imzalanması da ilk növbədə məhz delimitasiya ilə bağlı həssas məqamlara görə ləngiyir. Nikol Paşinyan sərhədlərin delimitasiyasının başa çatdırılmasının və hələ də Ermənistanın işğalı altında olan anklavların (Azərbaycana məxsus 8 kəndin) geri qaytarılmasının erməni ictimaiyyəti və siyasi rəqibləri tərəfindən xəyanət kimi qiymətləndiriləcəyindən ehtiyat edir.

Lakin bütün hallarda Ermənistan rəhbərliyi sözügedən siyasi-psixoloji maneəni aşmağa məhkumdur. Bir sözlə, indi delimitasiyanın da, sülh anlaşmasının da taleyi məhz rəsmi İrəvanın siyasi iradəsindən asılıdır. Sələflərindən fərqli olaraq Paşinyan öz hakimiyyət maraqlarını deyil, xalqını düşünə və siyasi qətiyyətlilik göstərib sülhə imza ata bilər. Əks təqdirdə isə, Ermənistanın siyasi və iqtisadi böhranlar məngənəsində vurnuxması bundan sonra da davam edəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »