Qızılgül inqilabı Gürcüstana layiqli Avropa tipli dövlət olmaq şansı vermişdi, lakin əldən verildi.
İctimai Rəy xəbər verir ki, bunu gürcü müxalifətçi Nino Burcanadze deyib.
“Qızılgül inqilabı çox mühüm hadisə idi. Bu, ölkəni ayağa qaldırmaq, demokratik inkişaf etmiş Avropa tipli dövlət qurmaq, Gürcüstanı layiqli dövlətə çevirmək şansı idi. İnqilab klassik ssenari üzrə baş verdi: vətəndaşlar artıq əvvəlki kimi yaşamaq istəmir, hakimiyyət isə heç nəyi dəyişmək və öz xalqının səsini eşitmək istəmirdi”, – Burcanadze bildirib.
Onun sözlərinə görə, o zaman verilən vədlər tədricən yerinə yetirilməyə başladı, lakin üç lider arasında fikir ayrılığından sonra tarazlıq pozuldu və proseslərin stabil inkişafını təmin etmək mümkün olmadı:
“Sözün əsl mənasında bir neçə gündən sonra proseslərin stabil inkişafını təmin etməli olan inqilab liderlərinin birliyi dağılmağa başladı. Bu fakt dərhal nəticə vermədi, amma tarazlığın pozulmasından getdikcə buraxılan və az qala cinayətə çevrilən səhvlər baş verdi. Bu, böyük təəssüf doğuran məsələdir, çünki Qızılgül inqilabından sonra Gürcüstanın şansı əldən verildi”.
Burcanadze bildirib ki, Saakaşvilinin hakimiyyəti genişlənməyə başladı və mütləqiyyətə çevrildi:
“Mütləq hakimiyyət isə həmişə xarab olur və o, sonrakı səhvlər üçün əsasdır”.