Fransa Cənubi Qafqaza dair ekspansionist planlarını qabardır və Ermənistanı alət kimi istifadə edir

0

Müstəqil Azərbaycanın tarixində İraq Prezidentinin Bakıya ilk rəsmi səfərini gerçəkləşdirməsi şübhəsiz ki, hər iki ölkə üçün əhəmiyyətli hadisədir. Azərbaycan və İraq tarixən bir-birilə sıx əlaqələrə malik olub. İndi bu əlaqələrə impuls verməyin, ikitərəfli münasibətləri yeni müstəviyə qaldırmağın zamanı çatıb. Bu baxımdan hesab edirik ki, İraq Prezidenti Əbdüllətif Camalın Azərbaycana cari səfəri ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və hərtərəfli əməkdaşlıq üçün yeni səhifə açacaq.

İraqın keçmiş müttəfiqlərindən biri olan Fransanın Ermənistan və Gürcüstan üzərindən Cənubi Qafqaza soxulmaq cəhdlərinin gün-gündən artması və Yaxın Şərqdə İsrail-HƏMAS qarşıdurmasının kritik nöqtəyə çatması fonunda İraq dövlətinin başçısının Azərbaycana səfər etməsi sıradan bir hadisə sayıla bilməz. İraq rəhbərliyini həm Cənubi Qafqazdakı proseslərin gələcək perspektivləri, həm də Fələstin münaqişəsinin mümkün nəticələri ciddi şəkildə maraqlandırır. Çünki rəsmi Bağdad Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla geniş spektrdə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Eyni zamanda İsrailin Qəzzada “terrora qarşı mübarizə” adı altında törətdiyi qeyri-humanist əməllər İraq rəhbərliyini narahat edir. Bu mənada İraqın Azərbaycanla maraqlarını uzlaşdırmağa və həmrəylik nöqtələrini axtarıb tapmağa çalışması anlaşılandır.

Qarşılıqlı olaraq Azərbaycan da İraqla münasibətlərin genişləndirilməsində maraqlıdır. Bu, həm də mühüm geosiyasi rəqabət məsələsidir. Məsələ burasındadır ki, Fransa Cənubi Qafqazda olduğu kimi İraqda da öz mövqelərini gücləndirməyə çalışır. Biz Fransanın bu geosiyasi həmlələrinin arxasındakı gizli niyyətləri yaxşı bilirik. Paris həmişə olduğu kimi yenə də sömürgəçilik maraqlarından çıxış edir, yeni müstəmləkəçilik siyasəti yürüdür. Onun bu səyləri həmçinin Azərbaycan və Türkiyəyə qarşı yönəlib. Ona görə də Azərbaycanın Fransanın planlarını önləməyə çalışması və neokolonialist siyasətini ifşa etmək xəttini yürütməsi məntiqli davranışdır. Bu baxımdan rəsmi Bakı Fransanın gerçək simasını bütün dostlarına və müttəfiqlərinə açıb göstərməsi olduqca uğurlu taktikadır.

Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata birgə bəyanat zamanı Fransanın Cənubi Qafqaza dair ekspansionist planlarını qabartması və bunun üçün Ermənistandan alət kimi istifadə etməsini açıq mətnlə vurğulaması olduqca əhəmiyyətlidir. Dövlətimizin başçısı birmənalı şəkildə bildirdi ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır, Ermənistan isə Fransa hökumətinin marionetinə çevrilib və bu da heç şübhəsiz ki, regional sabitliyə ciddi təhlükə yarada bilər. Əliyevin bu fikirləri birbaşa Parisə və İrəvana ünvanlanmış açıq mesajdır. Bununla onların diqqətinə çatdırılır ki, Azərbaycan baş verən oyunların mahiyyətindən xəbərdardır.

Əliyev həmçinin hazırkı Ermənistan rəhbərliyinin və siyasi isteblişmentinin xam xəyallar üzərində siyasət yürütdüklərini və illüziyalara qapıldıqlarını da xüsusi olaraq vurğuladı. Bildirildi ki, Ermənistanda qisas haqqında düşünənlər, revanşizmə meyllələnənlər var və bunda Fransa hökumətindən gələn yanlış mesajların da rolu az deyil. Belə ki, Fransanın dəstək mesajları Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziyalar yaradır. Təəssüflər olsun ki, Nikol Paşinyan və Ermənistan siyasi elitasının Qərbpərəst kəsimi qanlı müstəmləkə keçmişinə malik olan Fransa kimi ölkələrin hazırda Cənubi Qafqazda neokolonializmə can atdığını görmək istəmir. Halbuki Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən və niyyətləri sağlam olmayan ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən qurmalıdır.

Lakin görünən budur ki, Ermənistan rəhbərliyini ölkəsinin müstəqilliyi yox, yeni havadarlar axtarışı daha çox maraqlandırır. Rəsmi İrəvan ABŞ, Fransa kimi ölkələrin vasitəsilə və Avropa İttifaqının (Aİ) xətti ilə Azərbaycana qarşı təzyiqləri artırmağa və sülh prosesini əngəlləməyə çalışır. Ancaq heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. O cümlədən, dünyanın müxtəlif yerlərindən Azərbaycana qarşı təbliğatı gücləndirən, informasiya savaşı aparan erməni diasporu və lobbisinin hücumları da uğursuzluğa düçar olacaq. Prezident İlham Əliyev də öz bəyanatında bu məqama toxunaraq bildirdi ki, “Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək”.

Əslində indi Ermənistan hökuməti də, xaricdəki erməni diasporu da cürbəcür anti-Azərbaycan fəaliyyətlərinə start verməkdənsə, Azərbaycan ilə sülhə can atmalıdırlar. Azərbaycan sülhə hazırdır. Prezidentimiz də qeyd etdi ki, biz sülhə hazırıq, lakin söhbət ədalətli sülhdən, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhdən gedir. Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhün bərqərar olmasını istəyir. Ona görə də Fransa kimi ölkələrin Ermənistanı “oyuncaq” dövlətə çevirmək yoluyla regionda sülhü əngəlləməsi cinayətdir. Bu baxımdan, Azərbaycan və İraq liderlərinin mətbuata birgə bəyanatı zamanı Fransanın neokolonialist siyasət yürütməsinin vurğulanması rəsmi Bakının növbəti uğurlu taktiki addımlarından biri sayıla bilər. Fransa rəhbərliyi bundan düzgün nəticə çıxarmalı və yanlış siyasətinə əl gəzdirməlidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »